Bu gün mərhum sənətkar, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nurunun xatirə günüdür.
Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibova AzNews.az-a açıqlamasında mərhum həmkarını anıb. Yaşar Nurinin ölümünə inanmayan aktrisa onun telefon nömrəsini hələ də telefonundan silmədiyini deyib:
"Bu gün hansı kanalı açsan Yaşar Nuri və onun yaradıcılığıdır. Bu saata kimi Yaşarın yoxluğuna inanmıram. Onun adını telefonumdan silməmişəm. Elə bilirəm zəng etsəm, onun səsini eşidəcəm. Evimdə Yaşar Nuri güşəsi var, orada ona aid olan kitablar, şəkillər qoyulub. Sənət dostu başqa şeydir. Biz Yaşarla uzun illər tərəf müqabili olmuşuq. Bütün çıxışlarımız yan-yana olub. Səhhətim ağır olsa da onun ziyarətinə tez-tez gedirdim. Ən əsası odur ki, mən bunu ürəkdə hiss edirəm. Niyə Yaşar Nuru həyatda yoxdur? Yaşar mənim üçün həmişəyaşardır. Sağlığında bir sözü vardı, deyirdi ki, "həyat kino kimidir, ən maraqlı yerində bitir". Doğrudan da bizim onunla yaradıcılığımız ən maraqlı yerdə bitdi. Hərənin bir alın yazısı var. Əsas odur ki, insan, sənətkar olasan, yaddaşlara həkk olunasan. Yaşar buna layiq idi".
Firəngiz Mütəllimova Yaşar Nuri ilə bağlı xalq arasında yayılan şayiələrə də aydınlıq gətirdi:
"Nələr demədilər? Dedilər ki, guya biz bir-birimizi sevirik. Bunu deyənləri qınamıram. İnsanın bir vicdanı var, o rahat oldusa, nə istəyirlər danışsınlar. Biz də rahat idik. Dəfələrlə o şayiələri üzümüzə deyirdilər. Bir dəfə tədbirə gedirdik. Təyyarədə bir qadın əlini göyə qaldırdı "şükür Allaha, bunlar evləndi, bir yerdədilər" - deyə qışqırdı. Susduq. Bir-birimizə baxdıq. Nə deyək? Xalq bizim bir yerdə olmağımızı istəyirdi. Yaşarın ən böyük arzusu yenidən səhnəyə qayıtmaqdır. Amma səhhəti buna yol vermədi. Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" televiziya tamaşasının 4-cü seriyası çəkilməli idi. Orda gözəl kadrlar yer alacaqdı. Amma həmin vaxt Aslan Qəhrəmanov, Tariyel Vəliyev və Yaşar da rəhmətə getdi".