Xəbər verdiyimiz kimi, bu gün “Heydər Məscidi”ndə mərhum Xalq artisti İlhamə Quliyevanın il mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yasda cəmi üç tanınmışın olması (Ceyran Haşımova, Fatma Mahmudova, Zümrüd Məmmədova) hər kəsi təəccübləndirib.
İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov bildirib ki, məclisdə incəsənət üzvlərinin olmamasının səbəbini özü də bilmir:
“Bu gün də şou üzvləri gəlmədi. Sağ olsaydı yəqin ki, hamısı gələrdi. İndi bu məsələni onlardan soruşun!”
Həmçinin, Orxan mərhum xalq artistinin bacısı Gülbahar Quliyevanın səsləndirdiyi ittihamlara da cavab verib:
“Anasız çox çətindir, Allah heç kəsə belə bir şey nəsib etməsin. Ancaq məni valideyni itirmiş biri anlaya bilər. Allah mənə səbr versin, hələ da yaşanan anlaşılmazlıqlara dözürəm. Məni indi heç kəs narahat etmir, ancaq qıcıqlandıranlar var, onlarla da mübarizə aparırıq. Hər şeyi zaman göstərəcək. Mən əvvəldən necə başlamışamsa, elə də davam etmişəm.
Bu günə kimi özüm məclislər etmişəm, heç kəslə məsləhətləşməmişəm. Baxmayaraq ki, bunu şou üçün etdiyimi, hətta dövlətdən dəstək aldığımı deyirlər. Sağ olsun, dövlət məzar daşını düzəltdirdi. Nazirliyə, prezidentə təşəkkür edirəm. Digər mərasimləri özüm etmişəm. Sabah da yas olacağını deyirlər. Mən çağırılmayan yerə getmərəm. Ehsan süfrəsidi, hər kəs edə bilər”.
Sənətkarın gəlini Arifə xanım “Qafqazinfo”ya deyib ki, il mərasiminə hər kəsi dəvət ediblər:
“Ölümündən sonra maskalar düşdü, üzlər ortaya çıxdı. Heyif ki, biz bu cür dahini itirdik. Sözü üzə deyən, mərd bir ailə başçısı idi. Onun yerini heç kəs doldura bilməz. Bizim yaxınlarımız bura toplaşıb, səmimi insanlar ilə gəlib. Biz hamını dəvət etmişdik, qapımız hər kəsə açıq idi”.
İlhamə Quliyevanın rəfiqəsi, Xalq artisti Fatma Mahmudova isə mərasimdə məşhurların azlığına təssüflənib:
“Allah ona rəhmət eləsin. Məclisə girəndə təəssüf hissi keçirdim. Vaxtında onun dayaq durduğu sənətçiləri burada görmədim. Mən bilirəm ki, İlhamə xanım çox müğənnilərə kömək olmuşdu. Bundan əlavə, indi Orxan haqqında çox məlumatlar yayılır. İllərlə İlhamə xanımın yanında Orxan olub.
Xəstəxanada olanda o, səhərə kimi sənətkarın yanında idi. Şərt o deyil ki, övladı dünyaya gətirəsən. Bu oğlanın əziyyətini görmüşəm. Bir neçə dəfə şahid olmuşam. Orxan İlhamə xanımı qucağına alıb maşından salırdı. Belə də olmalı idi. Ana kimi onun qaysına qalıb, əziyyət çəkib”.
Qeyd edək ki, xalq artistinin bacısı Gülbahar Quliyeva sabah “Təzə Pir” məscidində il mərasimi keçirəcək. Yasda təşkilatçı prodüser Tarix Əliyev iştirak edəcək. Göstəriş xatirinə məclisdə xeyli sayda məşhurun iştirakı isə istisna edilmir.
Fotolar: Nuran Məmmədov