Millət vəkili Q.Paşayeva MM-də hökuməti işlə təmin olunma məsələsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə öncüllük verilməsinə çağırıb.
MM-in bugünki iclasında "Sosial təminatı və müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı millət vəkili Q.Paşayeva şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin daim cənab Prezidentin diqqət və qayğısı altında olduğunu xüsusi vurğulayaraq müvafiq qurumları onların ortaya çıxan problemlərinin həlli istiqamətində daha çox diqqət ayırmağa çağırırb. Qarabağ müharibəsi veteranlarının müavinətlərinin artırılmasının çox vacib olduğunu vurğulayan millət vəkili Q.Paşayeva onların, eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin iş tapmaqda üzləşdiyi çətinliklədən danışaraq bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində şəhid ailələri, Qarabağ əlilləri və veteranlarınını bu
istiqamətdə problemlərinin həlli üçün xüsusi proqrama ehtiyac var.
"İşlə təminat məsələsində öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir. Cəmiyyətdə bunun əleyhinə olacaq heç bir normal insan ola bilməz. Hamı da görsün ki, Vətən üçün şəhid olanın ailəsi, Vətəni qoruyan, onun üçün vuruşan və sağlamlığından keçənlər ilk növbədə işlə təmin olunurlar. Nazirliyi və hökuməti bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq. Çünki iş problemi bu ailələr üçün ən vacib məsələlərdən biridir".
Millət vəkili Q.Paşayeva şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikintisi məsələsinə də toxunub:
Q.Paşayeva deyib ki, artıq iki ildir ki millət vəkili seçildiyi Tovuzda şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları üçün yaşayış evlərinin tikintisi tamam azalıb. O, hazırda çoxlu sayda şəhid ailəsi və Qarabağ müharibəsi əlillinin hələ də evsiz olduğunu qeyd edərək, bu
problemin sürətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin artırılmasını təklif edib: "İstər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə şəhid ailəsi və Qarabağ müharibəsi əlili ev növbəsindədir və onların mənzil probleminin tezliklə həll olunması istiqamətində işlərin sürətlənməsinə böyük ehtiyac var. Özəlliklə ağır vəziyyətdə yaşayan ailələrə ilk öncə diqqət yetirilməldiir. Cənab Prezidentdə hər zaman çox çıxışlarında bildirir ki, bu ailələrə hər birimiz daha da çox diqqət və qayğı göstərməliyik". Millət vəkili Q.Paşayeva şəhid ailələri və Qarabağ qazilərinə verilməli olan sığorta pulunun
ödənilməsində yaranan problemlərdən də danışıb və ailələrin xahişini hökumət üzvlərinin diqqətinə çatdrıb:
”Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri bizim qəbulumuza gələrək və ya hər hansı bir tədbirdə görüşdüyümüz zamanı mütləq bu məsələni qaldırır və həmin
vəsait nə zaman veriləcək deyə soruşurlar və buna ehtiyaclarının olduğunu deyirlər. Ailələrin əksəriyyətinin həmin pula böyük ehtiyacı var. Bununla bağlı əlində məhkəmə qətnaməsi olan yüzlərlə insan var.
Onlar millət vəkillərinə müraciət edərək bu məsələnin həllini tapması üçün kömək istəyirlər. İlk öncə onlardan, ən çox ehtiyacı olanlardan başlayaraq bu vəsaitin həmin insanlara ödənilməsi prosesinə 2018-ci ildən başlamaq çox vacibdir. Bu məsələnin öz həllini tapmasını xahiş edirik. Çünki bu çox vacib bir məsələdir".