Tanınmış repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva ölkə.az-ın suallarını cavablandırıb.
Mynews.az müsahibəni təqdim edir:
- Anjelika xanım, redaksiyamızla əlaqə saxlayaraq müsahibə vermək istədiyinizi bildirdiniz. Səbəb nə idi?
- Bəli, son olaylarla bağlı açıqlama vermək istəyirəm. Çünki mənim adım hallanır. Deyirlər ki, guya Anarın videosunu mən yaymışam. Üstümə şər atırlar. Əgər bu videonu yaymaq istəsəydim, altı il əvvəl yayardım. O vaxt bu videonu görəndə dəhşətli stress keçirmişdim. Dönə-dönə üzr istəyirəm, bu videonu ilk dəfə görəndə qızım Şərqiyyəyə hamiləydim. Övladımı da itirə bilərdim. Altı il əvvəl videonu yayardım, ayrılardım, Anarı pisləyərdim və hər kəs də mənə haqq qazandırardı. Niyə məhz mənim adım çəkilən video yayılıb? O videoda Anar məni təhqir edib. Yəqin ki kimsə bunu mənsədli şəkildə yayıb.
- Bildirdiniz ki, məhz sizin təhqir edildiyiniz video yayılıb. Belə çıxır ki, belə görüntülər çoxdur?
- Bu sualı Anara versəniz, daha yaxşı olar.
- Sizin cavabınızın əsasında bu sualı verdim...
- Yəni ki bu, mənim gördüyüm ilk video deyil. Məhz mən təhqir edildiyim video bu idi.
- Digər videolardakı da həmin qadındı?
- Xeyr. Əgər bu videoları özləri üçün çəkirlərsə, onu telefonda saxlamağın nə mənası var? İndi də altı il əvvəlki stressi yaşadım. Çünki mənə və uşaqlarıma zərbə vuruldu.
- Baxdığınız görüntülərdəki qadınlardan hansınısa tanıyırsınız?
- Yalnız bu videodakı qadınla maraqlanmışam, digərləriylə yox. O qədər belə şeylər olub ki, öyrəşmişdim. Bu görüntü də mən hamilə olduğum vaxta təsadüf etdiyi üçün ağır günlər yaşadım. Altı il əvvəl soruşanda dedi ki, həmin qadın vəfat edib.
- Boşanmağınızda bu görüntülərin də rolu olub, yoxsa başqa səbəblər də var idi?
- Bizim boşanmağımıza səbəb ailəyə baxmamaq, evsizlik kimi problemlər olub.
- Bu sualı cavablandırmamaq hüququnuz da var. Evlilik tarixçənizi qısa şəkildə danışa bilərsiniz?
- Bir-birimizi sevib ailə qurmuşuq. Tanışlığımız ailəvi dostumuzun toyunda 2006-cı ildə olub. Aramızda da on yaş fərq var.
- Bildirdiniz ki, evsizliyə görə boşanmısınız. Hazırda evsiz olan minlərlə ailələr var və onlar boşanmırlar. Deməli, məntiqlə belə çıxır ki, ya siz maddi-sosial sıxıntılara çox dözümsüzsünüz, ya da dediyiniz səbəb real deyil. Yəni tamamilə başqa səbəb var.
- Ortalıqda çox böyük səbəb var. Biz ailə quranda qaynatamgillə yaşamışıq və əvvəldən də belə deyilmişdi. Bu da normal şeydir. Sonradan ailədaxili problemlər - böyük və ortancıl qayınlarımın boşanıb bizimlə yaşamaları, onların yenidən ailə qurması, dörd ailənin bir evə yerləşməyi boşanmağımıza səbəb oldu. Əvvəl üçotaqlı mənzil idi. Onu satdılar, Masazırda beş otaqlı həyət evi aldılar. Qayınım ailə qurub uşaqlarımın otağına yerləşdi, söz-söhbət yaranmağa başladı. Dözülməz vəziyyət yaranmışdı, Anar da evə baxmırdı, qayınatam da dörd ailəyə baxırdı.
- Keçmiş həyat yoldaşınız bildirib ki, yayılan görüntülərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək...
- Qoy müraciət etsin. Mən də bu işin üstünün açılmasında maraqlıyam.
- Deyəsən, soyadınız hələ də keçmiş həyat yoldaşınızın soyadıdır.
- Uşaqlarıma görə bu soyadı daşımalıyam. İmtina etmək fikrim yoxdur. Ancaq öz soyadım Abdullayevadır.