Məşhur müğənni Sabina Selcan bu yaxınlarda özünə möhtəşəm ad günü keçirib.
Dost-tanışını başına toplayan ifaçı xoş günündə özü-özünə hədiyyə edib. Belə ki, Sabina "Küsmüşəm" adlı yeni mahnısını təqdim edib və mini konserti, etirafları ilə gündəmi zəbt edib.
Heç kimin cəsarət etmədiyi etiraflardan danışan gözəl ifaçı fərqli imici ilə də diqqətləri özünə çəkməyi bacarıb. İlk baxışdan xalq artisti Aygün Kazımovanı xatırladan S.Selcan elə onun kimi yadda qalan ad günü də edib.
Son dəb saç düzümü, geyimi ilə adından söz etdirməyi bacaran Sabina ad günündə özünə edilən sevgi etirafından da danışıb:
"Ad günümdə "Küsmüşəm" adlı yeni mahnımı təqdim etdim. Mahnının sözləri Azər Şirin, musiqisi isə Elçin Cəfərov və Tərlan Məmmədhüseynova məxsusdur. Aranjeman isə Samir Şirinov, səs rejissoru İsmayıl Əsədovdur. Bu mahnımla demək istədim ki, başımda olan bütün viruslardan azad oldum. Yəni, keçmişimdə məni incidən hər şeyi silib yeni həyata başladım. Virus adlandırdıqlarım format oldu beynimdə. Demək istəyirəm ki, hərə öz həyatını yaşasın. Hər kəsə uğurlar".
Sabina Selcan şahzadələrə layiq keçirilən doğum günündə ona edilən romantik hədiyyələrdən də söz açıb. Müğənni bildirib ki, ən dəyərli hədiyyəsi ona göndərilən video-görüntü olub:
"Ad günümdə məni hədiyyə yağışına tutdular. Onlardan ikisi çox yadda qalan oldu. Biri saçlarım idi, biri də telefonuma göndərilən qısa video-görüntü. Bu görüntülər məni göz yaşlarına boğdu. Bir anlıq özümü çox xoşbəxt hesab etdim. Həmin an dedim ki, dünyanın ən xoşbəxt qadınıyam".
Həmin şəxsin kimliyi barədə soruşsaq da, Sabina bu suala cavab verməkdən imtina etdi: "Qoy onun kimliyi gizli qalsın...".