“Min il də keçsə, ulduzluğu heç vaxt dərk etməyəcəm. Havalara girsəm, göylərdə qanadımı açıb uçsam, anamı da, atamı da, oğlumu da, bir sözlə, hər kəsi itirəcəm. Bir gün ayılıb görəcəm ki, evsiz-eşiksiz “bomj” kimi küçələrdə qalmışam. Ulduzluq ab-havasını yaşamaq çevrəni itirmək deməkdir. Mən atamın qızı Məsumə, oğlumun anası “Mami”yəm”.
Bu sözləri Publika.az-a müsahibəsində qalmaqallı müğənni Damla deyib.
- Sosial şəbəkələrdə sizi ən çox tənqid edənlər də biri də mən olmuşam. Düşünmüşəm ki, sizin tənqid olunmanıza səbəb komandanızın, stilist seçiminin, sizi yönləndirən insanların olmamasıdır.
- Mahnı seçimində mənə kimsə müdaxilə edə bilməz. Geyim məsələsinə gəldikdə isə, Moskva birdən qurulmayıb ki? O zamanlar həmin tərzdə geyinirdim, indi zaman dəyişib, stilistlə çalışıram.
- Bir mahnınız var – “Can dostum”. Onun “cover” fotosunda siz ağzınızla mavi qızılgül tutmusunuz, gözlərinizdən qanlı yaşlar axır. Makiyajsız görüntünüz çox yaxşıdır. Sizi nə məcbur edirdi ki, belə formada çəkilməyə razı olurdunuz? Çünki professional baxımdan bu işlər kütlə tərəfindən qəbul olunsa da, çox zəif idi.
- İnsan öz sevgisini qırmızı qızılgüllə bildirir. Biz ona görə mavi qızılgül seçdik ki, gözdən axan qanla eyni rəng olmasın. Ya da qərənfil olmalı idi. O da bizim matəm rəmzimizdir, düzgün deyildi. Yaşlı bir insanın ölümünə həsr olunmuş bir mahnı idi. Çox tanınmış bir iş adamının ən yaxınına həsr edilmişdi. İş adamı bizi çağırdı, gedib görüşdük. Həmin insan həyatını danışıb ağlayırdı. Təsirli idi, biz də qərar verdik “gözüm qan ağlayır” tipində bir fotosessiya ilə mahnını təqdim edək.
- Yavaş-yavaş tərziniz dəyişir, daha peşəkarlara doğru yönəlirsiniz. Sizi ağrılı-acılı mahnılarla sevən kütləni itirməkdən qorxmursunuz?
- “Qorxan gözə çöp düşər”. Bir şeyə qorxu ilə yanaşacaqsansa, orada qalibiyyət olmayacaq, məğlub olacaqsan. Hansı işə canını, ruhunu qoyursansa, ona inanırsansa, mütləq alınmalıdır. Mən daha yaxşı şeylər düşünürəm, tamaşaçımı itirmək kimi bir qorxum yoxdur.
- Sizi sosial şəbəkələrdə daha çox Əməkdar artist Röya Ayxanla müqayisə edirlər. Fotonu kollaj edib “Sizcə, hansı?” deyə müsabiqələr keçirirlər və nəticədə fanatlar arasında qırğın düşür. Bütün bunlar sizi qıcıqlandırmır? Kiminləsə müqayisə olunmaq istəyirsiniz?
- Əslində “Belə niyə edirlər? Etməsinlər!” deyə fikirləşirəm. Çünki Röya xanım illərin sənətçisidir, məndən yaşca da böyükdür. Ürəyini sevdiyim ifaçıdır, ona hörmətim var. Röyayla məni müqayisə etmək düzgün deyil. O, illərdir kütləvi konsertlər verir. Bəlkə də, ona görə müqayisə edirlər ki, biz ancaq hit oxuyuruq.
- Bəlkə hər ikiniz daha çox tənqid olunan müğənni olmusunuz, bu tərəfi də var?
- Bu müqayisə məni narahat etmir. Çox sevinirəm ki, mən prestijli, tələbatlı və eyni zamanda hitlərin ifaçısı ilə eyni tərəziyə qoyuluram. Düzdür, yaşım və təcrübəm azdır. Həyatda da qarşılaşmamışıq, şəxsi münasibətimiz yoxdur. Uzaqdan uzağa bir-birimizi tanıyırıq.
- Haqqınızda əsası olmayan xəbərlər çox çıxır…
- Sifarişli yazılardır.
- Kim sifariş edir?
- Beynimi belə yormuram ki, bunu kim edib. Mənə o insanlar maraqlı deyillər.
- Qeyd etmisiniz ki, prodüser Sultanı “doldurmuşdu”lar. Kim öyrədirmiş onu?
- Şou-biznesin içindəkilər. Desinlər də, bununla nə əldə edirlər? Bir müddət yazdılar, yazdılar. Hə, sonra? Nə dəyişdi ki, ardından klip gəldi, mahnı gəldi, konsertlər verdim. O gün getdim Dərbəndi “partlatdım” qayıtdım. Bu danışanlar ora gələn tamaşaçını geri çəkdimi? Vallah, camaat ayaq üstdə qalmışdı.
- Bir bəy çıxıb demişdi ki, sizə ev alıb, onunla sevgilisiniz, deyəsən klarnet ifaçısı idi...
- Hə, həmin oğlan bizim dostumuzdur. Gündəmə gəlmək üşün bunu edib.
- Siz bu mövzuda da sakit qaldınız, ona heç bir reaksiya vermədiniz?
- Yox, o, hələ də bizimlə çalışır.
- Demisiniz ki, Heydər Əliyev adına sarayda konsert verəcəm. İnsanlar sizi orada konsert verməyə layiqli hesab etmədilər…
- Canları sağ olsun, elə fikirləşirlərsə, davam da etsinlər.
- Siz axı niyə aqressiv cavab vermirsiniz? Camaat sizi “yuyub-sərir”, amma hamını yola verirsiniz. Eşitdiyim tək cümlə “canları sağ olsun”dur.
- Konsert günü gəlib görərlər də, nə deyim? (gülür). Mart ayında etməyi planlaşdırıram. Bir gün olacaq.
- Eyni tipdə davam etmək istəyirsiniz? Maraqlı bir layihə etmək fikriniz yoxdur?
- Yox, elə şeylər mənlik deyil. Sadəcə bir bədii filmə çəkilmək istəyirəm o qədər.
- Sizin getdiyiniz toylarınızın, kiçik miqyaslı konsertlərinizin çox olması bəzi şou nümayəndələrinə qıcıq yaradır. Hətta, dünən biri mənim yanımda dedi ki, “300 manata mən də toya getsəm, bir dəqiqə vaxt tapmaram”…
- O, “300 manat” deyən adam zəng eləsin görüm, mənim “kalendar”ımda yer var? Ümumiyyətlə, 300 manata evdən bayıra çıxırammı? Hansı 300 manatdan söhbət gedir? 300 manata getmirəm, təmənnasız gedirəm. Məni sevən fanatım desə ki, əlimdə 300 manatım var. Mən gedib pulsuz oxuyaram. Dəfələrlə belə şəkildə bütöv toy oxumuşam. Tələbə qızlar var ki, neçə ay təqaüdünü yığıb ki, “Damla gəlsin nişanımda oxusun”. Mən ona qıyarammı? Qaldı ki, 300 manat bir azərbaycanlı ailənin maaşıdır. Pula təpik atmaq, Allahın verdiyi qazancı ələ salmaq ayıbdır. Vallah, yalandır! Azı 7 minə toya gedirəm. Çənəsi boş insanlar həmişə danışacaq. Sənə də zəng etsinlər də, o “300 manatlıq toy”a hər gün get.
- Sizə qarşı tələbatın çox olması sizdə eyforiya yaratmır?
- Min il də keçsə, ulduzluğu heç vaxt dərk etməyəcəm. Havalara girsəm, göylərdə qanadımı açıb uçsam, anamı da, atamı da, oğlumu da, hər kəsi itirəcəm. Bir gün ayılıb görəcəm ki, evsiz-eşiksiz “bomj” kimi küçələrdə qalmışam. Ulduzluq ab-havasını yaşamaq çevrəni itirmək deməkdir. Mən atamın qızı Məsuməyəm, oğlum üçün “Mami”yəm. Bunlardan çıxmaq istəmirəm. Çərçivədən kənar hər şey iyrəncdir. Onda hər şey cılızlaşır. Toyda hamıyla şəkil çəkdirirəm, qoca nənəylə də oynayıram. O, ailənin üzvü oluram. Heç kimə deyə bilmərəm yaxınlaşmayın, gəlməyin. Kimsə ağlaya-ağlaya mənə baxsa ki, şəkil çəkdirə bilmədim sizinlə, oradaca ölərəm.
- Heç olubmu toyda xoşagəlməz hadisə ilə qarşılaşasınız?
- Görürəm ki, içkili kişilər mənə doğru gəlir, qaçıb musiqiçilərin arasında gizlənirəm. Nağara, klarnet, gitara vəssalam, Damla yoxdu (gülür).
- Bir dəfə də getdiyiniz toyda göyə atəş açmışdılar.
- Gürcüstanda adətdir. Çox sevdiyi qonağa qarşı bunu edirlər. Əvvəl elə bildim məni öldürəcəklər. Sonra nə olduğunu başa saldılar.
- Oraların adamları bir az dəlisov olur...
- Guya mən ağıllıyam ki, mən də dəlisovam da. Qalmaqallı həyat yaşamağı sevirəm.
- Amma qalmaqallı cavablar vermədiniz…
- Siyasətçil xanımam. Heç kimlə münasibətimin pozulmasını istəmirəm.