USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Tanınmış aktyor teatrın sirlərini açdı "Afaq Bəşirqızı ilə çalışdım, sonra isə..." - FOTO

22:17 01.12.2017
Tanınmış aktyor teatrın sirlərini açdı "Afaq Bəşirqızı ilə çalışdım, sonra isə..." - FOTO
22:17 01.12.2017

Aktyor Novruz Qartalın Milli.Az-a müsahibəsi.

- Novruz müəllim, vaxtilə Musiqili Teatrın bütün ağırlığını çiyinlərinizdə daşımısınız. Bugünkü gündə teatrın repertuarında olan tamaşalarda oynayırsınız, yoxa diqqətdən kənarda qalmısınız?

- Xeyr, heç bir diqqətdən kənarda qalmamışam. Ola bilər ki, mənə lazımш qiymət və dəyər verilməyib. O ki, qaldı tamaşalara... Teatrın repertuarında 15 tamaşa varsa, onun 7-də mən varam. Elə gün olur ki, 3 gün ardıcıl olaraq tamaşalarda oynayıram. Bəzən elə olur ki, bir ayda 6 tamaşa oynayıram. Bugünkü gündə mənim teatrda yüküm çoxdur. Amma bu sözü seriallara aid edə bilmərəm, çünki seriallara dəvət almıram.

- Olmaya problemli aktyorsunuz?

- Xeyr, problemli aktyor deyiləm. Heç vaxt rejissorla iş prosesində problem yaşamamışam. Sadəcə olaraq, bu sahədə paxıl insanlar çoxdur. Mən ömrüm boyu heç kimə paxıllıq etməmişəm. Mənə deyiblər ki, sənin adını çəkəndə deyiblər ki, o, bir az problemlidir. Amma mən bunun tam əksinə olan bir insanam. Əslində, mən buna da normal yanaşıram. Məndən danışırlarsa, deməli, mən varam.

- Adətən sənətdə sözünü demiş sənətçilər rol oynayarkən kaprizlər edirlər. Novruz müəllim ona verilən bütün rolları oynayır, yoxsa gənclik illərində etdiyiniz kaprizləri edirsiniz?

- Xeyr, nə rol tapşırılırsa, onu da oynayıram. Məndə cavanlığımda kapriz olmayıb, o ki qalsın qocalığımda. Çalışıram ki, oynadığım rolu tamaşaçıya sevdirim. Mənim elə rollarım var ki, bir epizoddan ibarət olub, amma bununla belə mən o rolda özümü göstərmişəm. "Bankir adaxlı" tamaşasında mənim səhnədə 20 dəqiqəlik yerim var. Bu 20 dəqiqəlik yerdə mənə 4 dəfə tamaşaçı alqışı gedir. Həmin rolu heç kimə vermirlər, deyirlər ki, bu, ancaq sənin rolundur. Obrazın böyüyü kiçiyi yoxdur, aktyorun böyüyü kiçiyi var. Yenə də deyirəm ki, teatr həyatımdan razıyam. Mən film rejissorlarının yadından çıxmışam. Ekrandan, tamaşaçılarla görüşdən bir az geri qalıram. Buna görə təəssüflənmirəm də. Çünki vaxtilə mən efirə çıxanda heç bir aktyor mənim qədər efirdə olmurdu. Mən 6 il İctimai televiziyada yumoristik "Bazara qədər" verilişində "Şəkər nənə, şirin baba" adlı səhnəcikləri oynamışam. Babanı da mən oynamışam, nənəni də. Nənə roluna o vaxtı bir çox aktyorları sınaqdan keçirdilər, amьa heç kim keçmədi. Sonda dedilər ki, Novruz müəllim elə siz özünüz oynayın.

- Azərbaycan teatrının tarixinə nəzər salanda kişi aktyorların qadın qiyafəsində səhnəyə çıxdığının şahidi oluruq. Amma müasir dövrdə Rafael və Coşqun buna görə çox qınanılır. Siz buna nə münasibət bildirərdiniz?

- Mən Rafael və Coşqunun sənətini həm sevirəm, həm də pərəstiş edirəm. Onların oyun tərzi çox təbiidir. Niyə mən onları bəyənməyim ki? Gündəmin nəbzini tutublar da. Mən onlara pis deyə bilmərəm. Aktyor pələng də, ayı da, dovşan da oynayar, üstəlik qadın rolu da. Mənim vaxtilə oynadığım bu qadın rolu anşlaq olmuşdu. Hətta teatrşünas İlham Rəhimli də bu haqda yazı hazırlamışdı. O, mənə dedi ki, sən qadın rollarıyla sənətinə davam etsəydin, həyatın bəlkə başqa cür olardı. Dedim ki, yox, aktyor dəyişkən rollar oynamalıdır.

- Bəzən deyirlər ki, Musiqili Teatrda Hacıbaba Bağırov, Nəsibə Zeynalova yoxdursa, teatr nəyə lazımdır. Bu fikirlə razısınız?

- O dövrün öz tələbləri, aktyor-aktrisaları var idi. Bu dövrdə də belədir. İndiki dövrdə də teatrımızda bir çox sənətkarlarımız var ki, çox istedadlıdırlar.

- O vaxtı Afaq Bəşirqızı teatrın bir çox aktyorlarını, həmçinin sizi də "Afaq gülür güldürür" tamaşalarına çəkirdi. Sonra necə oldu ki, yollarınızı ayırdınız?

- O vaxtı mən də daxil olmaqla teatrımızın bir çox aktyorları Bəşir Səfəroğlu adına teatrda çalışırdıq. Sonra elə oldu ki, hamı yenidən öz doğma teatrına qayıtdı. Afaq xanımla mən də çox oynamışam. Bugünkü gündə də münasibətim normaldır.

- Sənətdən gözləntiləriniz nədir?

- Mən 7 baş ailəyə baxıram. Hələ də evim yoxdur, kirayədə yaşayıram. Həmişə sadə xalqın içində, ictimai nəqliyyatdan istifadə edirəm. Tamaşaçıların mənə qarşı olan sevgisini görüb, yaşamaq haqqında fikirləşirəm. Çox istərdim ki, həyatımda bir dəyişiklik olsun. Aktyorların alnına yazılıb ki, "sən əziyyət çəkməlisən". İnşallah, hər bir şeyin yaxşı olacağına inanıram.


Xəbər lenti

300x200r