Mynews.az lent.az-a istinadən Mirmehdi Ağaoğlunun yazısını təqdim edir
Ötən həftə Respublika Sarayında bəstəkar Elza İmrahimovanın xatirəsinə həsr olunmuş konsertdə oldum. Konsertdə canlı ifalarla yanaşı artıq dünyadan köçmüş ifaçıların səs yazıları da səsləndirildi.
...Və İlhamə Quliyevanın ifasında "Unuda bilməzsən" mahnısı...
Nə deyim?
Əgər konsertin sonunda Flora Kərimova səhnəyə çıxıb unudulmaz Elza İbrahimovanın bəstəsində öz "şedevr" mahnılarını ifa etməsəydi deyərdim konsertin ən yaddaqalan səsi İlhamə Quliyeva oldu.
İlahi, o nə ifa idi, o nə səs idi, o nə gedişlər idi, o nə canlılıq idi! Heç konsert boyu canlı-canlı oxuyanların səsi bu qədər təsirli olmadı.
Qısacası bütün zalı sehrlədi.
O an birdən-birə gözümün qabağına İlhamə Quliyeva gəldi. Onun son illəri - davranışları, çıxışları, səsləndirdiyi fikirləri ilə xalq arasında özünə qarşı yaratdığı münasibət... Ölümü günü Facebookdakı "toy-bayram", vəfat etmiş bir insanla bağlı lağlağı, təhqir dolu statuslar, rəylər...
Belə bir səsin sahibinə qarşı xalq niyə "nankor" davranırdı?
Bu suala cavab axtarmağa çalışanda istər-istəməz çox əsrlik "Yaradıcılıq əvvəl gəlir, yoxsa şəxsiyyət?" dilemması barədə də düşünürsən.
Yaradıcılığın şəxsiyyətə təsiri varmı?
Sənətkarın nəyinə qiymət verməli, sənətinəmi, şəxsiyyətinəmi? Hansını önə çəkməli, yoxsa ikisi də təndürüstdür?
Yaradıcılıqmı şəxsiyyəti doğurur, şəxsiyyətmi yaradıcılığı?
Əgər şəxsiyyət önəmlidirsə, o zaman zəif yaradıcılığı olan sənət adamlarını nə edək? Onlara üstünlük verəndə sənətə qarşı saxtakarlıq etmiş olmuruqmu?
Çətin suallardır. Bilmirsən nə deyəsən. Gözümüzün qabağında İlhamə Quliyeva nümunəsi var. Yuxarıda dediyim ki, müzakirə doğuracaq şəxsiyyətə sahibdir. Xalq arasında özünə bəlkə də sevgidən çox nifrət qazanmışdı. Elə onun vəfatı zamanı gördüyümüz reaksiyalar da bunu deməyə əsas verir.
Çünki o, son illərdəki fəaliyyəti ilə sənəti şou-biznesə qurban verdi, ucuz şöhrətin, malın-dövlətin dalınca qaçdı. Sənətə xəyanət etdi. Sənətsə xəyanəti sevmir. Bədəlini misliylə ödətdirir. Necə ki, ödətdi.
Ancaq...
İlhamə Quliyevanın səsini dinləyəndə tamam ayrı bir obraz canlanır. Mahnı axıb getdikcə gözünün qabağında azman səs ustasının heykəli yonulur elə bil.
Ağlımız kəsəndən Qarabağ müharibəsindən çox Flora Kərimova-İlhamə Quliyeva müharibəsini müzakirə etmişik. Bir medalın iki üzü kimi, gecə ilə gündüz kimi olublar. Flora xanımın sözsüz ki, şəxsiyyəti yaradıcılığını tamamlayır. İlhamə Quliyeva haqqında bunu demək olmazdı.
Və bu mübarizədə çoxluq həmişə Flora Kərimovanın tərəfində dayanıb. İlhamə Quliyeva uduzub. Hətta bəzən haqsız yerə uduzub, kor-koranə, naşı adamların "səsi" hesabına uduzub. Ancaq oturub səs yazılarına qulaq asanda görürsən ki, İlhamə Quliyeva da öz səsi, ifası ilə böyük zirvələr fəth edib, unikal sənətkarlıq nümayiş etdirib.
Mən musiqi tənqidçisi deyiləm, buna görə də ola bilsin İlhamə Quliyevanın səsinin imkanlarını lazımı terminlə ifadə edə bilmirəm. Yalnız onu deyə bilərəm ki, İlhamə Quliyeva ağzından çıxan səsə yüz faiz hakim olmağı bacarır və onu külək kimi istənilən istiqamətə yönləndirə bilər. Bəzi yerlərdə isə... Bəli, çəkinmədən deyirəm, Flora Kərimovadan da yüksək sənətkarlıq göstərir. Gərək haqqı danmayasan. Qeysərin haqqı qeysərə, Allahın haqqı Allaha...
Bir daha İlhamə Quliyeva şəxsiyyətinə qayıdası olsaq... Çox nadir hallarda görərəm ki, kimsə Facebookda İlhamə Quliyevanın mahnısı paylaşsın. Biri elə özüm; iki ilə yaxındır İlhamə Quliyeva vəfat edib. Ancaq bir dəfə də yadıma düşməyib ki, belə bir sənətkar var. Bir dəfə də ürəyimdən keçməyib ki, YouTube-da tapıb onun ifasını dinləyim. Adı çəkiləndə o dəqiqə şəxsiyyəti gəlib durub gözümün qabağında.
Xalqda ona qarşı münasibət hələ də birmənalı deyil. Sənətkar kimi adı çox az-az hallanır.
Ancaq mənə elə gəlir ki, üstündən müəyyən zaman keçəndən sonra İlhamə Quliyevanın şəxsiyyəti tamam unudulacaq, yerində yalnız sənətkarlığı-yaradıcılığı qalacaq. Bax onda İlhamə Quliyeva sənətkar kimi əsl qiymətini ala biləcək, əsl yerini tapacaq.
Əminəm ki, onun səsi hələ çox illər öz bənzərsizliyini qoruyub saxlayacaq, Azərbaycan ifaçılıq sənətinin unudulmaz səsi kimi daim yaşayacaq.
"Yaradıcılıq-şəxsiyyət" dilemmasının cavabı da məncə budur. Cəmiyyət üçün, insanlıq üçün şəxsiyyət önəmlidir, ancaq sənət kriteriyalarından baxanda yaradıcılıq qabağa çıxır. Şoloxovun şəxsiyyəti haqqında çox söz demək olar, ancaq "Sakit Don" epopeyası onun bütün qüsurlarının üstündən xətt çəkir, geridə XX əsr rus romançılığının böyük ustası qalır.
Yaradıcılıq yerində olanda bəzən sənətkara da əlini uzadıb onu quyudan çıxarmağa çalışır...
Çox vaxt çıxarır da!