Mynews.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (150-ci say) təqdim edir.
Ötən həftə yazımızı 27 min nəfər oxuyub. Şübhəsiz ki, bu, istənilən müəllif üçün qürurvericidir. Mən də necə sevincəyə düşmüşəmsə, bütün həftəni gözləmişəm ki, borcumu yaxşı yazıyla qaytarım.
Şübhəsiz ki, həftəyə damğasını vuran iki hadisə oldu. Biri Anar Nağılbaz haqqında yayılan xəbərlər və məlum görüntülər. Digəri isə Burak Özcivitin Bakıya gəlməsiylə, el diliylə desək, özlərini BURAKAN bəzi qızlar. Amma indi baxıram ki, özünü buraxan təkcə qızlar deyilmiş, kinoteatra Burak müəllimin xeyli sayda kişi fanatı da toplaşıbmış. İnandırım ki, heç müxalifətin "Məhsul" stadionundakı mitinqinə öz xoşuyla o qədər adam gəlmir ha.
Əslində, aktyora, müğənniyə, lap elə meyxanaçının özünə də pərəstiş etmək olar. Pərviz Bülbülə bir ara az qala həkimlərlə şərik işləyirdi. 15-16 yaşlı qızlar damarlarını Pərvizə görə kəsirdilər, həkimlər də güc-bəlayla sağaldırdı. Hələ mən Üzeyir Mehdizadəni demirəm. Mübariz Tağıyev demişkən, intəhası, bu pərəstişkarlığı, azarkeşliyi də bir az rayon jarqonuyla desəm, dingiş eləyirlər e. Bunu bir dəfə yazmışam, bir daha yazıram. Burak bəlkə də ürəyində düşünüb ki, bu ölkədə aktyor və yaraşıqlı kişi qıtlığıdır. Axı bizim Rasim Balayevimiz bu yaşında da Burakdan geri qalan oğlan deyil. Elə o kadrları bircə dəfə Türkiyə mediasında göstərsələr, hamı deyəcək ki, Pərvin Abıyeva düz deyirmiş. Azərbaycanda kişilər qadınları nətəhər hürküdürsə, onlar da özlərini atırlar Burakın üstünə. Ayə, heç olmasa Talıb Taledən, İbrahim Borçalıdan zaddan birinə də belə azarkeşlik eləyin də. Nolar ki? Allaha da xoş gedər.
Pərvindən söz düşmüşkən, o məşhur "500 manat söhbəti"nə görə Tunay Əliyeva onu məhkəməyə verib və 100 min manat təzminat istəyir. 100 min də az pul eləmir e. Beş yüz manatdan hesablayanda 200 nəfərin puludur. Yəni o məbləği 200 nəfər "atışsa" yığmaq olar. Bunun üçün də ən azı bir neçə ay lazımdır. Ya da gərək Pərvin "Porşe"sini satıb ödəsin. Amma bunun üçün əvvəlcə məhkəmə Tunayın haqlı olduğu barədə qərar çıxarmalıdır.
Hə, Anar Nağılbaz haqda danışacaqdıq. Bu məsələdə işlər o qədər qarışıqdır ki, adam bilmir nə desin. Özü deyir montajdı, anası deyir şantajdı, keçmiş arvadı deyir tatuajdı, videoya da baxırsan, elə bil ki Ermitajdı. Anjelika xanım da deyib ki, Anar Nağılbazın məndə hələ çox videosu var. Yüz faiz bu açıqlamanı o, Nağılbazın anasının "əlimizdə faktlar var" söhbətindən sonra verib. Ara təzəcə sakitləşirdi ki, repçinin anası işin içinə yekə bir tort qoydu.
Əməkdar artist Röya Ayxan yerli radioları tənqid edib və MTRŞ-ya mesaj yollayıb. Sənətçilər də yığışıblar Röyanın başına. Bəlkə ilk dəfədir ki, Röyanın verdiyi hansısa açıqlamayla yüz faiz razıyam. Bəstəkar Ruslan Əhmədoğlu demişkən, hansı radionu açırsan 97-ci ilin "çeşka"sından danışırlar. Adam bilmir ki, radiodu, yoxsa qaraj.
Manaf Ağayev oğlunun toyuna gələnlərin pasportunu yoxladıb, sonra məclisə buraxdıracaq. Amma telefon keçirmək sərbəstdir. Oğlu belə istəyib və bu, onun haqqıdır, medianı məclisində görmək istəmir. İndi baxarsınız, jurnalistlər ofisiant geyimində özlərini dürtüşdürəcəklər həmin məclisə. Ya da qonaqlar toydan canlı yayım eləyəcəklər. Güneyli qardaşlarımız demişkən, day bunun adını yoxlama qoymazlar ki...
Rəqqasə Fatiməni ilk dəfə efirə çıxaran dostumla söhbətdən sonra bu xəbər qarşıma çıxdı. Teleaparıcı Ülvira Qarayevanın verilişində qonaq olan rəqqasə başlayıb özünü tərifləməyə. Əgər vaxtınız varsa, bunu oxuyun, mən də indi gəlirəm:
"18 il əvvəl rəqslə bağlı addım atanda məni heç kim qəbul etmirdi. Səhnəyə gözəl qadın çıxdı və sevildi. Özümü məcbur sevdirmədim. Bu gün xalq artistləri var ki, məni bəyənirlər. Hətta məktəbim var, tələbə yetişdirirəm. Mən peşəkaram. Çox rəqqas və rəqqasələr var, amma alınmır. Eləsi var ki, məktəb bitirir, mağazada satıcı işləyirlər. Mənim bəxtim öz əlimdədir. Tibb Universitetini oxuyurdum, yarımçıq qoydum rəqqasə oldum".
Hə, gəldim. Ülvira da belə cavab verib:
"Ay Fatimə, qoy biz səni tərifləyək. Fatimədə təvazökarlığın "t" hərfi yoxdur. "Mən elə, mən belə"... İmkan ver biz səni tərifləyək. İnsan "mən-mən" deyəndə, adama elə gəlir ki, özünə güvənmir. Çox çalışır, işini bilir, əzmkardır. Adama elə gəlir ki, gecə də yatmır, ancaq işləyir. Gözəl də övladı var. Türkan Şoraya oxşayır. Mənim qızım da həkimlik oxuyur. O, həkimliyi atıb rəqqasə olsaydı, başımı yerə qoyardım".
Yüz faiz bu xəbərdən sonra yenə "zerkalni" nömrədən zəng gələcək ki, yazını çıxardın. Amma, təbii ki, xeyri olmayacaq. Yer var ikən deyim ki, adətən qaraçılar satdıqları şoru bu qaydada geninə-boluna tərifləyirlər. Bax Fatimənin "təvazökarlığı" da qaraçısayağıdır.
Elza Seyidcahan deyib ki, bacım mənə çin dilini öyrədir. Qərib seyidin goru haqqı özü belə də deyib. İnanmırsız?
(milli.az)