USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Türkiyəyə gəlin köçən aktrisaya ərindən qadağa “Toydan qabaq şərt kəsdi ki...”

17:26 07.12.2017
Türkiyəyə gəlin köçən aktrisaya ərindən qadağa “Toydan qabaq şərt kəsdi ki...”
17:26 07.12.2017

Sevgi böyük qüvvədir. Elə buna görə də film çəkilişlərini yarımçıq qoyaraq, sevdiyi insanla evlənib, Türkiyəyə gəlin köçdü. Gənc aktrisa Cəmilə Tağızadəni deyirəm.

Başı qardaş ölkədə xoşbəxt ailəsinə qarışan aktrisanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Birdən-birə ailəndən uzaq düşüb, Türkiyədə yaşamaq sənin üçün çətin olmadı ki?

– Əlbəttə çətindir. Artıq üçüncü aydır ki, ailəmdən uzaqdayam. İndiyə qədər cəmi bir dəfə doğmalarımdan kənarda -15 gün İranda olmuşam. Onda da film çəkilişinə getmişdim. Düzdür, əvvəllər mənim üçün daha çətin idi, hətta depressiyaya da düşmüşdüm. Sağ olsun, həyat yoldaşım mənə çox dəstək verdi.

– Qürbətdə ailə həyatına alışa bilirsənmi?

– Alışmağa çalışıram. Nə edim, öz seçimimdir, məni heç kim buna məcbur etməyib. Əsas odur ki, ailədə xoşbəxtlik olsun. Adam sevdiyi insanla Marsa da uçar, yetər ki, o sənin qədrini bilsin və həmişə yanında olsun.

– Psixoloqların fikrincə, ailə həyatının ilk 6 ayına qədər həmişə çətinliklər yaranır. Sizdə bu, özünü hansı formada göstərdi?

– Tam razıyam. Daim çəkilişlərdə olan səhnə adamı üçün ailəyə, evə alışmaq çətindir. Ömrümdə heç anama belə bir stəkan çay süzüb verməmişəm. İndi ev qayğıları mənim üstümdədir. Yemək də bişirməliyəm, ev də yığışdırmalıyam, yoldaşıma da baxmalıyam.

– Həyat yoldaşının qohumlarının sənə münasibəti necədir?

– Şükür, münasibətlərimiz mükəmməldir. Bütün qızlara belə gözəl ailə nəsib olmasını istəyirəm. Qayınanam və qayınatam mənə valideyn kimidir. Bacıları məni özlərindən ayırmırlar.

– Həyat yoldaşında səni valeh edən xüsusiyyət hansıdır?

– İnsanlığı və ürəyinin gözəlliyi; həm də çox yaraşıqlı oğlandır. İkimiz də Şir bürcündənik, oxşar xasiyyətlərimiz çoxdur. Deyirlər, “iki qoçun başı bir qazanda qaynamaz”, amma biz çalışırıq ki, birtəhər qaynayaq. Bir-birimizə güzəşt edirik.

– Bəs ən dözülməz xasiyyəti hansıdır?

– Kaprizli, tələbkardır. Bəzən deyirlər ki, türk kişiləri azərbaycanlı kişilərdən fərqlidir. Qətiyyən belə deyil. Tələbkarlıqda, qısqanclıqda bizim kişilərdən heç də geri qalmırlar.

– Onun sənə qadağaları varmı?

– Çoxdur. Geyimlərimin 90 faizini anamın evində qoyub gəldim. Yoldaşım onları geyinməyə icazə vermədi. Düzdür, heç vaxt şort, açıq-saçıq geyinməmişəm. Amma yoldaşıma görə, geyimlərim açıqdır. Çox qısqancdır. Şərt kəsib ki, filmlərə çəkiləcəksən, amma geyimlərinə mən diqqət edəcəm.

– “Gərək azərbaycanlı oğlanla ailə qurardım” deyə peşmançılıq hissi olur?

– Yox, qətiyyən peşman deyiləm.

– Həyat yoldaşın səndə ən çox nəyi bəyənir?

– İnanın ki, bilmirəm. Heç özündən də soruşmamışam. Bakıya gələndə ondan soruşarsız.

– Mətbəxtdə ən çox hansı yeməkləri hazırlayırsan: türk, yoxsa milli?

– Düzünü deyim ki, mətbəxdə heç bir yemək hazırlamıram. Bu, nadir hallarda baş verir. Çünki yoldaşımın ailəsi ilə mütəmadi təmasdayıq. Qayınanam çox ləzzətli yeməklər bişirir, mən də yeyirəm. Elə baldızlarım da tez-tez qonaq çağırır. Bu üç ayda 4-5 dəfə yemək bişirmişəm.

– Çəkiliş meydançası üçün darıxırsan?

– Dəhşətli dərəcədə çox darıxıram. 10 ilə yaxındır ki, filmlərə çəkilirəm. Bu sənəti çox sevirəm. Bütün planlarımı yarımçıq qoyub gəldim. Sənətimi burda davam etdirəcəm. Hələ ki, ailəyə öyrəşmə mərhələsini yaşayıram. Alışım, sonra yenidən çəkiliş meydançasına dönəcəm.

– Səncə, türk rejissorlarının diqqətini cəlb edə biləcəksən?

– Özümə güvənirəm. Əminəm ki, məşhur türk rejissorlarının diqqətini cəlb edə biləcəm. Çünki istedadlıyam. İstedadla yanaşı çalışqanlıq da olmalıdır. Məndə də hər ikisi var.

– Yoldaşın sənətinə qadağa qoyacaqmı?

– Xeyr, heç bir problem yaratmayacaq. Qabaqcadan bu barədə razılaşmamız var. Öpüş səhnələri, açıq-saçıq geyimlər olmayacaq. Heç əvvəldən də öpüş səhnələrinə çəkilməmişəm. İndi də həyat yoldaşım buna qəti şəkildə qadağa qoyub. Milyon dollar da versələr, öpüş səhnəsinə çəkilmərəm; açıq-saçıq geyimlər də olmayacaq.


Xəbər lenti

300x200r