Xədicə Abbasovanın ürəkləri dağlayan etirafları "İki övladımız doğulsa da yaşamadı"

616
Xədicə Abbasovanın ürəkləri dağlayan etirafları "İki övladımız doğulsa da yaşamadı"

Emin Sabitoğlunun həyat yoldaşı, tanınmış müğənni Xədicə Abbasovanın Milli.Az-a müsahibəsi.

- Xədicə xanım, ilk öncə, sizi salamlayıram. Uzun ayrılıqdan sonra Bakıya gəlişinizin səbəbi nədir?

- Mən Emin Sabitoğlunun 80 illik yubileyi çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün Bakıya gəldim. Dekabr ayının 1-də Azərbaycan Dövlət Filarmoniyasında Emin müəllimin 80 illik yubileyi keçirildi. Tədbirdə Emin Sabitoğlunun xatirəsi yad edildi, mahnıları, klassik musiqiləri səsləndirildi. Ölümündən 17 il keçməsinə baxmayaraq onun milyonların qəlbində daim yaşadığını bir daha əyani olaraq gördüm.

- Gəlin sizin müğənnilik sənətinə gəlişinizdən danışaq. Əvvəldən sizdə musiqiyə həvəs olub, yoxsa Emin müəllimin təşəbbüsü ilə müğənni olmağa qərar verdiniz?

- Mən hələ uşaq ikən incəsənətin bütün növlərinə həvəs göstərirdim. 10 yaşında olanda Emin müəllimin "Dərələr" adlı mahnısını eşitmişdim. O zamandan bu mahnı mənim beynimə həkk olunmuşdu. Bu mahnı ilə içimdə duyğusal bir bağ yaranmışdı. İllər keçdikcə onun mahnılarını daha çox dinləməyə başladım. Elə oldu ki, 16 yaşımda Rəşid Behbudovun dəvəti ilə Mahnı teatrının solisti oldum. Gözləmədiyim bir gündə bu teatrda Emin müəllimlə rastlaşdım. Mən o zamanlar gənc idim, heç müğənniyə də oxşamırdım. Emin müəllim zarafatca Rəşid müəllimə demişdi ki, bu müğənniyə oxşamayan, qara qızı hardan tapmısız? (gülür). Eminin müğənniyə bənzəmədiyini deyən o qara qız illər sonra həddi-buluğa çatdı. Emin müəllimlə ikinci görüşüm vətəndən çox-çox uzaqlarda İsveçdə oldu. Axşam konsertində mənə tərəf gəlib, hamıya göstərmək istəyirdi ki, biz tanışıq. Elə bu anda mənə yaxınlaşanda soruşdum ki, bağışlayın, siz kimsiniz? (gülür). Halbuki onu tanıyırdım, sadəcə olaraq, qisas alırdım. Belə bir zarafatla bizim həqiqi tanışlığımız başladı. Daha sonra isə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblında oxumağa başladım. Mən burada həm Emin müəllimlə, həm də digər bəstəkarlarla çalışdım. O zaman "Səhər görüşləri" adlı bir veriliş var idi, o verilişdə oxuduğum "Payız gəldi" mahnısına görə bir gecəyə məşhurlaşdım. Təbii ki, bundan sonra biz Emin müəllimlə daha sıx çalışmağa başladıq. Belə ki, bir-birinin ardınca "Gəmiçi qardaş", "Sıravi Əhməd", "Hacıkəndə gedən yollar", "Gecə yağışı" və s. mahnılarımız dillər əzbəri oldu. Emin müəllim məndə müğənnilik istedadımla yanaşı, aktrisalıq potensialımı da üzə çıxardı. Belə ki, "Nəğməli Könül" əsəri Musiqili Teatrda səhnələşdiriləndə mən orada baş rol olan Könül obrazını oynadım. Bir sözlə, mən müğənni olaraq ondan çox şeylər öyrəndim.

- Ailə həyatı qurarkən aranızda neçə yaş fərq var idi?

- 1987-ci ildə biz ailə həyatı qurduq. Emin müəllimin 50, mənim isə 30 yaşım vardı. Bizim aramızda 20 yaş fərq var idi. Məncə, insanların ruhu bir-birinə uyğun olmalıdır, yaş o qədər də önəmli deyil. Mən heç bir zaman "yanımda yaşlı insan var" demədim, bunu nə anladım, nə də hiss etdim. Mənim yanımda həyat yoldaşım, canım sirdaşım Emin Sabitoğlu var idi. Biz onunla təkcə musiqi sahəsində deyil, digər sahələrdə də müzakirələr edirdik. Biz 25 il birlikdə yaşadıq. Çox təəssüf ki, tale bizi 2000-ci ildə bir-birindən ayırdı.

- Yaş fərqinə görə sizi qınayanlar olurdu?

- Bəli, o zamanlar bizi çox qınadılar. Emin müəllimin də, mənim də ailəmdən bu izdivaca narazı olanlar var idi. Ətrafdakı insalar isə fikirləşirdilər ki, bu cavan qız necə oldu da ona aşiq oldu? Hətta deyirdilər ki, mahnılarına, puluna, var-dövlətinə görə ona ərə gedir. Bizdə heç nə əvvəldən planlaşdırılmamışdı. Onunla gecə-gündüz işləməyimiz bizi bir-birimizə daha da yaxınlaşdırdı. Əlqərəz, bir gün dedi ki, "gəl birdəfəlik ailə həyatı quraq, mən sənsiz yaşaya bilmirəm". Atam bu izdivaca razılıq verməkdə çətinlik çəkirdi. Çünki Emin hələ ailəsindən ayrılmamışdı. Boşanma işləri bitəndən sonra biz ailə həyatı qurduq. Ortalıqda heç bir var-dövlətdən söhbət gedə bilməzdi. Biz ailə həyatı qurandan sonra "Razin" deyilən ərazidə uzun müddət kirayədə yaşadıq.

- Emin müəllimin ailəsi ilə münasibətləriniz necə idi? Sizə qarşı o zaman kin saxlayanlar var idi?

- Bizim aramızda heç bir zaman düşmənçilik olmayıb. Hətta o vaxt mən Eminə şərt qoymuşdum ki, qızının toyunu et, onu köçür, sonra evlənək. Emin şanslı insan idi ki, onun həddi-buluğa çatmış övladı var idi. Onun balaca uşaqları olsaydı, heç vaxt ailə həyatı qurmazdım.

- Amma Emin Sabitoğlunun qızı, musiqişünas Ceyran Mahmudova müsahibələrindən birində sizinlə heç bir zaman münasibətlərinin olmadığını söyləmişdi...

- Ceyran xanımı da anlamaq olar. Çünki onun atası anasından ayrılıb ikinci bir həyat qurmuşdu. Mən Ceyran xanımı başa düşürəm. Bəlkə mənim də atam bu cür addım atsaydı, onun qadınına qarşı münasibətim kəskin olardı. Onun fikirlərini mən böyük hörmətlə qarşılayıram. Hətta mən Emini ölümündən 2 il öncə keçmiş həyat yoldaşı Cəmilə xanımla da barışdırdım. Bunu onlar inkar edə bilməzlər. Mənim hər zaman o ailəyə böyük hörmətim olub. Ceyran xanıma da hörmətim həmişə var və olacaq da. Çünki o, Emin Sabitoğlu yadigarıdır. Bilənlər bilir ki, mən heç vaxt Eminin ailəsi ilə görüşməsinə mane olmamışam. Əksinə, bu münasibətlərin güclənməsində addımlar da atmışam. Hətta qayınanam İsmət xanım mənə sonradan dedi ki, heyif ki, səni gec tanıdım. Çünki o da vaxtilə mənə qarşı yaxşı münasibət bəsləmirdi.

- Sevənlərinizin gözünü hələ də yolda qoyursunuz. Bugünkü gündə sənətdə olmamağınızın səbəbi nədir?

- Səhnənin tozunu udan insan heç vaxt səhnəni unutmaz. Mənim həyatım tamam başqa cür oldu. Mən sənətə Rəşid Behbudovdan sonra Eminlə gəlmişdim. Bilmirdim ki, Emin məni bu qədər tez tərk edəcək. Mənə elə gəlirdi ki, ömrümün axırına kimi o royalın arxasında oturub ifa edəcək, mən oxuyacağam. O qədər alışmışdım ki, onunla bərabər çıxış etməyə... (köks ötürür). İnsan ruhən özünü səhnədə xoşbəxt hiss etmirsə, məncə, ona məcbur heç nə etdirmək olmaz. Ona görə də mən qərara gəldim ki, səhnədən uzaqlaşım. Çünki özüm oxusam da, ürəyim oxumadı. Bugünkü gündə başqa bəstəkarın mahnısını gedib oxusam, onu da Eminə qarşı xəyanət sayaram.

- Emin Sabitoğlunu bugünkü gündə necə xatırlayırsınız?

- Mən onu heç unutmadım ki, xatırlayım da. Onun ölümündən artıq 17 il keçib, 17 ilin hər ayında, günündə mən "Emişqa, bu, belə oldu, bu, elə oldu" deyə hər səhər onunla məsləhətləşirəm. O, mənim həm atam, həm müəllimim, həm yoldaşım, həm də övladım idi. Mən iki oğlan övladı dünyaya gətirsəm də, onları sonuna qədər yaşada bilmədim. Bütün analıq hissimi Eminə vermişdim. Mənə deyirdilər ki, sən onu uşaq kimi saxlayırsan.

- Başınıza gələn bu hadisədən sonra depressiya yaşadınızmı?

- Xeyr, depressiyaya düşmədim. Bəlkə də yanımda Emin yox, başqası olsaydı, böyük depressiya yaşayardım. Bir oğlumu 1889-cu ildə Bakıda, o birini isə 1993-cü ildə Türkiyədə dünyaya gətirmişdim. Amma yaşamadılar... Demək ki, qismət deyildi... Allahın yazısına inanıram, buna görə heç üzülmürəm də.

- Bugünkü gündə tək yaşayırsınız. Bir qadın kimi tək yaşamağın sizin üçün hansı çətinlikləri var?

- Mən artıq təkliyə alışmışam. Eminsizliyə təkcə alışa bilmirəm. Mən Emini 43 yaşımda itirdim, hətta deyirdilər ki, Xədicə özünə yeni həyat quracaq.

- Ola bilməzdi ki, sevənləriniz olmasın...

- Sevənlərim hər zaman olmuşdu. Hətta Emin müəllimdən öncə də məni sevənlər olmuşdu. Mənim bir daha kimsəni sevəcək şansım yox idi. Bəzən fikirləşirəm ki, məni qısqanan Emin o biri dünyadan da qısqanır. Hətta bir rəfiqəm mənə demişdi ki, belə olmaz, yalnız yaşayırsan. Gəl səni qardaşımla tanış edim, ailə həyatı qurun. Bu sözün üstündən çox keçmədi ki, həmin insan qəza keçirib rəhmətə getdi.

- Nə vaxta kimi Bakıda qalacaqsınız?

- Hələ ki, Bakıdayam, ola bilsin ki, yeni ili də burada keçirdim. Bəzən fikirləşirəm ki, məni kimdir tanıyan, yaddan çıxmışam. Çünki nə əvvəlki gözəlliyim qalıb, nə də səsim... Gözümdə qara eynək olmasına baxmayaraq insanlar məni hələ də səsimdən tanıyırlar. Bu, məni çox xoşbəxt edir.

Xəbər lenti