"Allahdan tək istəyim övladlarımın atasının canını sağ etməsidir" Ruhi

817
"Allahdan tək istəyim övladlarımın atasının canını sağ etməsidir" Ruhi

Bir müddət öncə qadın zorakılığına qarşı layihə həyata keçirən iş qadını Ruhi Əliyeva müsahibə verib.

Mynews.az musavat.com-a istinadən həmin müsahibəni təqdim edir:

“Əslində, layihə gözəl keçdi. Çox dəyərli insanlar orada idi. İnanmazdım ki, bu layihəyə belə önəm verərlər. Bizim mentalitetə uyğun olmayan məsələlər var. Adətən, qadınlara ailədə olanları kənara daşımağa, kömək istəməyə imkan vermirlər ki, camaatdan ayıbdır. Mənə sosial şəbəkədə yüzlərlə müraciət olub. Hətta biri yazmışdı ki, siz tədbirdə cəsarətlə danışanda, mən ağlayırdım. Düşünürəm ki, dünyada hər bir qadın şiddət görüb. Şiddətin növləri çoxdur. Kimisi fiziki, kimisi cinsi zorakılığa məruz qalıb. Əsas odur ki, qadın güclü, mənlikli, qürurlu olsun. Deyirlər, qadın zərifdir. Biz zərif olsaq, o qədər yükü daşıya bilmərik. Qadın zərif deyil. Öz yaşadıqlarıma, ətrafımdakı qadınların başına gələnlərə baxıram, zərif insan bu yükü daşıya bilməz, çətinliklərin öhdəsindən gəlməyi bacarmaz. Qadınlar özlərini tərbiyələndirməlidir. Neçə il öncə bir cavan gəlin qohumum boşandı. Onu boşadan qayınana və baldız oldu. Evdə bir oyun qurdular ki, yazıq qız ayrıldı. Bu cür vəziyyətlərdə valideyn övladın yanında olmalıdır. Əsasən, atalar deyir ki, biabır oldum, qızımı qəbul edə bilmərəm. Ata düşünmür ki, heç vaxt cavan gəlin ailəsinin dağılmasını istəməz. Son zamanlar fikir verirəm, kişilər cəsarətsizləşib, acizləşib, qadınlar isə daha cəsarətli olub. Oğlanlar xanımlarına, həyat yoldaşlarına sahib çıxmalıdırlar. Onları əzdirməməli, şiddətə məruz qalmağa qoymamalıdırlar. Əsasən rayonlarda qadınlarımız daha çox şiddət görür. Bəzi qadınlar boşanmaqdan qorxur, həyat yoldaşları onlara hədə-qorxu gəlir. İstəyirəm ki, onlar çarəsiz olmadıqlarını bilsinlər.

- Layihə davam edirmi? Hazırda sizə müraciət edən xanımlar çoxdur?

- Əlbəttə, davam edir. Mənə yüzlərlə mesaj gəlir. Oxuyuram, qeydiyyat aparıram. Həmin qadınlarla danışıram. Mən köməyə ehtiyacı olan qızlarımızın neçəsinə kömək etmişəm. Bir dəfə maşınla gedirdim, bərk yağış yağırdı. Bir nəfər yolun kənarında dayanıb, özünü yola atmaq istəyirdi. Maşından düşüb yaxınlaşdım, gördüm gənc qızdır. Onu evimə gətirdim, isti paltar verdim. Başına gələnləri soruşdum. Dedi ki, yaşamağa halı yoxdur, intihar edəcək. Sonra məni qucaqlayıb ağladı, başına gələnləri danışdı. Mən 3 gün onu evimdə saxladım. Sonra bir tək yaşayan xanımın yanına yerləşdirdim, işini dəyişdi. İndi o qız evlidir, iki qızı var, çox xoşbəxtdir. Mən düşünə bilməzdim ki, Azərbaycanda bu qədər şiddət görən xanım olsun. Dəhşətə gəlirəm, gücüm çatdıqca, onlara yardım edəcəyəm. 

- Tədbirdə də bildirdiniz ki, çətin günlər yaşamış, psixoloji zorakılığa məruz qalmısınız. Yaşadıqlarınız sizə nə öyrədib?

- Öncələr çox çılğın idim, hər şeyə tez reaksiya verərdim. Mənə deyirlər ki, necə dözürsən? Necə yaşananları sirr kimi saxlaya bilirsən? Bildirirəm ki, həyat məni belə öyrədib. Səbirli olmasam, həyatda enişli-yoxuşlu yerləri keçə bilməzdim. Allah mənə böyük səbir verib. İki-üç il öncə yaxınlarımla bağlı elə bir hadisə oldu ki, mən səbir göstərib, susdum. O an xoşagəlməz hadisələr yaratsaydım, dönüşü olmayan yola girərdim. Onsuz da qəlb qırılır, qarşındakının qəlbini incitmək lazım deyil. İllər öncə qərar verdim ki, çox şeyə susacağam. Özüm çox incildiyim üçün başqasını incitmirəm. Əvvəllər hər şeyə reaksiya vermişəm. İndi düşünürəm ki, o sözü mən demişəm? Vay, düz etməmişəm, özümü uçuruma aparmışam, ən böyük pisliyi özümə etmişəm. Onda çox sadəlövh olmuşam. Amma heç vaxt eqoist olmamışam. Bilirəm ki, Allah bir gün insanın layiq olduğu mükafatı verir. Mənim də mükafatım övladlarımdır. 

İndi Allahdan tək istədiyim övladlarımın atasının, mənim, doğmalarımızın canını sağ etməsidir. Canımız sağ olsun, uşaqlar rahat boya-başa çatsın, xoş günlərini görək. Var-dövlət istəmirəm. Ancaq can sağlığı və rahatlıq istəyirəm. Övladlarım olandan həyatımı onlara uyğun qurmuşam. Xoşbəxtəm. Çünki uşaqlarım çox xoşbəxtdir. Onlara baxıb, bədbin notlara köklənə bilmərəm. O zaman özümə də, övladlarıma haqsızlıq etmiş olaram.

- Çox şeyə susduğunuzu dediniz. Bəs əsəbinizi necə cilovlayırsınız?

- Əvvəllər qışqırardım, ağlayardım. Çox əsəbiləşəndə sakit dururam, əlimi stola yavaşca vurub, fikirləşirəm. O vaxtlar intihar belə edə bilərdim. İndi fikir vermirəm. Oturub düşünürəm. Sirr saxlamağı gözəl bacarıram. Söz var, illərlə saxlayıram, vaxtı gələndə deyirəm. Hər şeyin zamanı var. Elə söz var, hər şeyi qırıb tullayar. Hazırsansa, qır tulla. Hazır deyilsənsə, sus. Elə şey var ki, sən hazırsan, qarşındakı hazır deyil. Sən o sirri desən, o, həyatını itirər. Əsəbi olanda, çıxıb gəzirəm. İndi çox dəyişmişəm. Bu təmkinliyimə görə də hörmət qazanmışam.

- Qadınlar çətinliyə qalib gəlmək üçün nələr etməlidir?

- Qadınların qəlbini çox sındırırlar. Hər zaman kişiləri qınayırıq ki, qadınların qəlbini qırırlar. Əslində isə qadınlar qadınların qəlbini qırır, bir-birilərinin həyatı ilə oynayırlar. O qadınlar eqoistdir. Allah onları cəzalandırıb. Qadın gözəl düşünməli, sevgi dolu olmalıdır. Qadınlara demək istəyirəm ki, həyata sevgi ilə baxsınlar. Bəzən deyirlər ki, qadının həyatında kişi olmasa, sevgisiz qalsa, xoşbəxt ola bilməz. Bu fikirlə razı deyiləm. Qadın övladlarından elə böyük sevgi alar ki, kişi o sevginin 1 qramını da verə bilməz. Daim şükür etsinlər. Öz ayaqlarının üzərində durmağa çalışsınlar.

- Bəzən deyirlər, ana olan, xüsusilə, qız anası ikinci dəfə ailə qurmaz. Bu fikirlərə münasibətiniz necədir? 

- Övladını düşünməlisən. Həyat kişi üzərində qurulmayıb. Qadınlar deyir ki, boşandımsa, həyat bitdi. Elə deyil. Qadın güclü olduğunu göstərməlidir. Gənc qadın ailə qura bilər. Münasibətim normaldır. Amma onu öz həyatımda tətbiq edə bilmərəm. Mən övlad olaraq, ögey atanı qəbul etmərəm. Bəlkə də, səhvəm. Amma fikrim budur.

- İllər öncə dəblə bağlı layihə etmişdiniz. Yenidən televiziyaya qayıtmaq, qadınları maarifləndirmək, zorakılığın qarşısını almaq üçün telelayihə etmək istəmirsiniz? 

- Çox istəyirəm ki, xanımları maarifləndirən layihələr olsun. Qızlarımız erkən yaşda ailə qurur, öz hüquqlarını bilmirlər, dövlətin verdiyi dəyərlərdən xəbərsizdirlər. Maarifləndirici layihələr olmalıdır ki, gənclərin gözü açılsın. Mən veriliş açanda ATV-də Rauf Dadaşov mənə böyük dəstək oldu. Uşaqları yeni dünyaya gətirmişdim. Mənə o veriliş lazım idi, yoxsa başıma hava gələrdi. Səhər açılan kimi stilist Elnur Həsənov bizə gəlirdi, dalaşa-dalaşa hazırlaşırdım. Sonra verilişə gedirdim, oradan çıxırdım, başım qarışırdı. Saat 6-7-ə güclə evə çatırdım. Övladlarıma vaxt ayırmağa başlayırdım. Amma onlar böyüdükcə mənə daha çox ehtiyac duydular. Adi işə gedəndə, oğlum Həsən deyir ki, nə vaxt qayıdacaqsan? İndi veriliş mənə lazım deyil. Qoy, maarifləndirici verilişləri bizim kimisi yox, bu işi daha yaxşı bilənlər həyata keçirsin. Veriliş olmasa da, mən qadınlara dəstəyəm. Vacib deyil ki, maddi dəstək olaq. Kimisə dinləyərək ona mənəvi dəstək olmaq mümkündür.

- Sizi iş qadını ilə yanaşı “Dəb ikonası” olaraq da təqdim edirlər. Amma sizə verilən bu ad çoxunu qıcıqlandırır. Bəziləri deyir ki, Ruhinin dəbdən anlayışı yoxdur, o necə ikona ola bilər?

- O adı mənə jurnalist Türkan Məmmədli vermişdi. Sağ olsun, media nümayəndələri də Türkanın verdiyi adı qəbul edib, məni bu cür təqdim etdilər. Düzdür, özümü dəb ikonası hesab etmirəm. Amma mətbuat qəbul edib, belə təqdim edibsə, demək ki, ağzıgöyçəklərə söz düşməz.

- Dəb sizin üçün nədir?

- Dəbi izləyirəm. Dəb mənə yaraşandır. Son dəbə uyğun geyinirəm. Geyim seçərkən diqqətliyəm. Dəb qəribə geyimləri üzərində daşımaq deyil. İnsan bədənini, özünü tanıyaraq geyinməlidir. Elə paltarlar var ki, mənə yaraşmır. Dəbdir deyə geyinə bilmərəm. Geyimi daşımaq çox vacibdir. İnsan rahat olmalıdır. Modelyerlər yaradıcı insandır, gecə yatıb yuxusunda buynuz görür, səhər ona uyğun nə isə hazırlayır. Sən o buynuzu taxıb gəzməli deyilsən. Ən zövqlü və eyni zamanda da zövqsüz qadınlar Azərbaycandadır. Xanımları zövqlü olmağa çağırıram.

- Geyim seçərkən nələrə diqqət edirsiniz? Brend olması vacibdir?

- Düzdür, mən bahalı, keyfiyyətli geyim alıram, amma bunu nümayiş üçün etmirəm, sosial şəbəkədə paylaşmıram. İnsanlarda qıcıq yaratmaq istəmirəm. Başqa xarici dövlətlərdə yaşasaydım, bahalı libaslarımı nümayiş etdirərdim. Azərbaycanda isə ona ehtiyac yoxdur. İnsanlar var ki, 100 minlik araba sürür, hamıya nümayiş etdirir. Olmaz. İnsan var ki, avtobusa verməyə pul tapmır. Heç kim deyə bilməz ki, Ruhi evlərini göstərdi, maşınlarından danışdı. Kənardan çəkən olanda da, deyirəm, lazım deyil. Varım özüm üçündür. Kiməsə acıq vermək olmaz. Bu yaxınlarda “Dolce Gabbana”nın son təqdim etdiyi köynəyi geyinib şəkil çəkdirmişdim. O fotonu “İnstagram”da paylaşdım, amma haranın olduğunu yazmamışdım. Bir qız yazıb ki, 2900 manatdır bunun qiyməti. Biri də yazıb, bəlkə saxtadır. O biri yazıb ki, Ruhini tanıyıram, brend geyim alır. Başqası qeyd edib ki, qudurub. Yəni insanlar qıcıq olur, buna hazır deyil. Mən adi mağazalardan da geyinirəm. Şərt deyil ki, brend olsun. Son dəbə uyğun olan geyimləri sevirəm. Dəb hər kəsə yaraşan geyimdir.

- Zinət əşyaları mağazanız var. Çox zaman sizi orada görürük. Hər şeylə özünüz maraqlanırsınız?

- Əlbəttə, özüm maraqlanıram. Müştərilər məni mağazada görəndə təəccüblənirlər. Zinət əşyaları hazırlananda başlarının üstə dayanıram, fikrimi bildirirəm. Bəzən bezirlər. Mağazada da olanda müştərilərlə özüm maraqlanıram. İşimlə bağlı sərgilərə də qatılıram. İşləməkdən gözəl şey yoxdur.

- Bir az da övladlarınız Həsənlə Məhəmməddən danışaq. Bu qədər işin arasında onlara zaman ayıra bilirsiniz?

- Əlbəttə ayırıram. Onlar həyatımın anlamıdır. Onlar olmasaydı, bu qədər xoşbəxt ola bilməzdim. Çalışıram, övladlarımla çox zaman keçirim. Yeməyi belə öz əllərimlə hazırlayıram.

- Onlara qadağalar qoyursunuz?

- Onlar məndən icazəsiz otağıma girə bilməzlər. yatma-durma saatları da bəllidir. Sözümdən çıxmazlar.

Xəbər lenti