Xalq artisti Afaq Bəşirqızı Sumqayıt hadisələrindən danışıb.
Mynews.az femida.az-a istinadən Sumqayıt hadisələrinin canlı şahidi olan aktrisanın müsahibəsini təqdim edir:
- Afaq xanım, o gün Sumayıtda nə baş vermişdi?
- Sumqayıt Şəhər Partiya Komitəsinin birinci müavini mənə zəng etdi ki, şəhərdə ara qarışıb, insanlar aqressivdir, onları sakitləşdirmək üçün bizə köməyiniz lazımdır. Meydana Sumqayıtın bütün tanınan insanları, ziyalıları dəvət olunmuşdu. İnsanları sakitləşdirmək üçün ora getdim. Ora gedəndə ara qarışmışdı, dəhşətli mənzərə idi. Meydanda çoxlu insan vardı. Heç vaxt mitinqdə iştirak etməmişdim deyə sonradan analiz edəndə bunun ermənilər tərfindən əvvəlcədən hazırlanmış qarşıdurma olduğunu bildim.
- Hadisələrin ermənilər tərəfindən təşkil olunduğunu necə anladınız?
- Meydanda insanların qara paltoda və şotland şərfində olması diqqətimi çəkdi. Sumqayıt fəhlə şəhəri idi. O palto və şərfdə gəzən insalara çox nadir hallarda rast gəlmək olardı. Amma Sumqayıt hadisələri zamanı beş nəfərdən biri bu geyimdə idi. Əsas da hadisənin təşkilatçılarından biri, məhz o geyimdə tutulmuşdu. Onlarda ermənilərin böyük siyahısı var idi. Ermənilərin hamısına toxunmurdular. "Krunk" adlı təşkilata kömək etməyən erməniləri öldürürdülər. Təşkilata pul köçürən ermənilərin evinə isə girmirdilər. İlk vaxtlar bunu başa düşmək mümkün deyildi.
- Sizi də öldürmək istəyirdilər.
- O zaman Sumqayıt hadisələrinin səbəbkarı kimi göstərilmişdim. Akademik Aqanbekyan bu hadisəni dərinləşdirmək üçün mənim kimi məşhur insanın həbsini və güllələnməyini çox istəyirdi. Ona görə Aqanbekyan durmadan erməni təşkilatlarına teleqram vururdu. Hətta onları kubun nəzdindəki afişalarımı götürüb aparmışdılar. Onlar mənə ölüm cəzası verməyə görə çox çalışdılar.
- Məhkəmə prosesiniz neçə ay çəkdi?
- Məhkəmə xüsusi nəzarət altında keçirilirdi. 9 ay 14 gün çəkdi. Cinayət işinin ilk 6 ayını Moskvanın xüsusi idarəsi aparırdı, sonra isə Ümumrusiya Xüsusi Kəfiyyat İdarəsi apardı.
- Necə oldu bu hadisədən sağ çıxıdınız?
- Məni həbs etmək və yaxud da güllələmək üçün əllərində heç bir sübut yox idi. Bunun üçün kimləri isə erməniləri öldürməyə səslədiyimi əks etdirən videogörüntülər olmalı idi. Əksinə hadisələr zamanı öz evimdə erməniləri saxlamışdım.
- Belə bir gərgin zamanda evinizdə erməni saxlamışdınız?
- Sumqayıtdakı bir otaqlı mənzilimdə 14 nəfər ermənini və onlara gələn qonaqları gizlətmişdim. Edik, Şura, qızı, onun həyat yoldaşı və digər qonşumuz olan ər-arvad, oğlu, gəlini və nəvələr idi. İki gün evimdə qalandan sonra saat 01:30-da onları özüm şəxsən BTR-ə mindirib Füzulinin Tuğ kəndinə yola saldım.
- O ermənilərlə sonradan görüşə bildiniz?
- Yox, heç bir xəbərim olmadı. Tuğ kəndində idilər. Sadəcə Ediklə sonuncu dəfə söhbət edəndə dedi ki, "Krunk"a üzv olmayanların siyahısı bayaq adını çəkdiyim həmin qara paltolu şəxslərin əlində olub.
- Onların yerini öyrənmək üçün sizə təzyiq göstərirdilər?
- Pul təklif etmişdilər ki, ermənilərin yerini deyim.
- Sizə pul təklif edənləri tanıyırdınız?
- Onları tanımaq qeyri-mümkün idi, amma onlar məni çox çətin tanıdılar. Erməni saxladığıma görə kimsə məni satmışdı. Erməniləri evimizdə gizlətdiyimiz bir vaxtda qapımız döyüldü. Qara paltolu, şotland şərfli iki nəfər və onlarla bərabər 2-3 uşaq da qapıda dayanmışdı. Qapı açılanda onlar məni tanımadı, amma yanlarındakı uşaqlar tanıdı və "Afaq xanımın evidir, evinizdə erməni var?" deyəndə hər iki şəxs təəccüblə biri-birilərinə baxdı. Məni tanıyırmış kimi salam verdilər. Elə bilirdim ki, onlar azərbaycanlıdırlar. Bizim dildə səlis danışırdılar. Təbii ki, onların azərbaycanlı olmadığını sonradan dərk etdim.
- Bəs, vəziyyətdən necə çıxdınız?
- Çox həyəcanlı idim. Ermənilərin bir hissəsini hamamda, yarısını da mətbəxdə gizlətmişdim. Qara paltolu şəxslərdən biri mənə dedi ki, eşitmişik evizində erməniləri saxlayırsınız. Əsəbiləşdim, dedim ki, utanmırsınız, əlinizdə pul tutmusunuz, bu nə deməkdir? Dedilər ki, ermənilərin yerini deyən adamlar mükafatlandırılır. Onlara bildirdim ki, siz səhv gəlmisiniz, mənim bir otaqlı evim var. Necə erməni gizlədə bilərəm?
- Ümumiyyətlə, bu hadisələr zamanı erməni meyitləri gördünüzmü?
- Xeyr, görmədim. Gizlətdiyim erməniləri evdə qoyub yenidən meydana gedəndə gördüm ki, meydan yenidən qarışıb. İnsanlar qışqırırdı ki, "dənizin sahilinə bir avtobus azərbaycanlı meyit gətirilib, ermənilər başlarını kəsib. Hətta qan avtobusun qapısından axıb yerə tökülür" kimi sözlərlə azərbaycanlıları ermənilərə qarşı qızışdırırdılar. Mən o zaman dedim ki, əgər burada mitinqdirsə, meyitləri dəniz qırağından götürüb meydana gətirək, onlar da bu vəhşiliyin şahidi olsun. Bu sözü demişdim ki, meydanda bayaqkı qışqırıq səsləri kəsildi. Hadisələri qızışdıranlar başqası idi, qızışanlar isə bizmkilər.