Aktrisa "sevgili" olduğu həmkarından danışdı: "Çətin günlərində yanında ola bilmədim" - FOTO

654
Aktrisa "sevgili" olduğu həmkarından danışdı: "Çətin günlərində yanında ola bilmədim" - FOTO

Məşhur türk aktrisası Sevinc Erbulakın Milli.Az-a müsahibəsi.

- Sevinc xanım, bir müddət öncə Azərbaycana gəlmişdiniz. İlk dəfə idi paytaxtımızın qonağı olurdunuz?

- Bəli, ilk dəfədir ki, Azərbaycanda qonaq olurdum. Getmədiyim yerlərə getmək, fərqli mədəniyyətləri görmək həmişə mənim həyat missiyam olub. Amma buna rəğmən 40 ildir ki, Bakıya heç bir dəfə də olsun yolum düşməmişdi. Əslində bizim mədəniyyətlərimiz eynidir, fərqli olan yalnız danışıq dillərimizdir. Siz də qonaqpərvərsiniz, biz də. Mənim Bakıya gəlişimə gözəl aktrisanız Məlahət Abbasova vəsilə olmuşdu. Yaxşı ki, gəldim, yaxşı ki, Bakını tanıdım.

- Neçə gün Bakıda qaldınız?

- Bakıya iki günlük gəlmişdim, iki gün sonra Türkiyəyə qayıtdım. Çünki iki gün sonra axşam teatrda tamaşam var idi. Mən həm İstanbul şəhər teatrlarında, həm də özəl teatrlarda çalışıram. Bu tamaşam da özəl bir teatrda baş tutdu.

- Teatrı üstün tutursunuz, yoxsa film və serialları?

- Mən heç bir vaxt bunları ayırmamışam. İkisi də bizim sənətimizdir. Çünki aktyorluq aktyorluqdur. Bunların texniki cəhətdən çərçivələri fərqlidir. Birini ekrandan izləyirsən, digərini isə canlı olaraq. Bu sənət həm də bizim maddiyat mənbəyimizdir. Bu mənim iş olaraq gördüyüm bir şey deyil, aktyorluq həm də mənim həyatımdır.

- Teatra, sənətə bu qədər həvəs sizdə haradan qaynaqlanıb?

- Mənim anam da, atam da, qardaşlarım da illərdir bu sahədə çalışır. Bu sənət bizə genetik keçmişdir desəm, daha düzgün olar. Amma onlar mənə heç vaxt "sən də aktrisa ol" demədilər. 25 ildir ki, bu sahədəyəm.

- Siz gənclik illərindən Bakıda çox sevilirsiniz. "Kuzenlerim" serialı ilə o vaxtlar çox məşhurlaşdınız. Serialda gənc, çılğın qız obrazını canlandırmışdınız. Məncə siz elə özünüzü oynamısınız.

- Əlbəttə ki, bütün rollardan bizdə bir parça var. Rol parçalarından da bizə qalan xatirələr var. Bəli, içimdə bir Ecelik, bir çılğınlıq var. Mən çox erkən yaşlarından işləməyə başlamışam, hətta ilk maaşımdan evə paltaryuyan maşın da almışdım. Mən bir az başqa düşüncəli insanam. Çox sevinirəm ki, məni azərbaycanlı tamaşaçılar bu serial vasitəsilə sevib bəyəniblər.

- Serialda çəkilən həmkarlarınızla hal-hazırda əlaqələriniz varmı?

- Əlbəttə ki, əlaqələrimiz var. Sadəcə olaraq hamımızın ailəsi, şəxsi işləri var deyə bir araya gələ bilmirik. Onlar hal-hazırda digər seriallarda da çəkilirlər.

- Sizin sevgilinizi oynayan aktyor Arda Kuralın dərin psixoloji sarsıntı keçirməyindən yəqin ki, xəbəriniz var. Onu hətta bir zamanlar Türkiyənin Leonardo de Kapriosu adlandırırdılar. Onunla bəs necə, əlaqələriniz varmı?

- Ardayla uzun zamandır görüşə bilmirəm. Biz "Kuzenlerim" serialında 20 il əvvəl çəkilmişdik. Arda çox dərin, psixoloji sarsıntı keçirdi. Çox təəssüf edirəm ki, bu çətin günlərində onun yanında olmadım. O həyatda mübarizə apara bilmədi, həyatın gözünə olduğu kimi baxa bilmədi. Buna görə çox təəssüflənirəm.

- Siz məşhurluğu vaxtında yaşadınız. Amma son illərdə efirə çıxan müasir aktrisalar sizin yerinizi tutdu desək, yalan olmaz. Əvvəlki məşhurluğunuzu niyə qoruyub, saxlaya bilmədiniz?

- Mən əsla nə vaxtsa məşhur olmağı düşünmürdüm. Məşhurluq onsuz da özü səni tapır. Mən kiçik şeylərlə xoşbəxt olmağı bacarıram. Həyatda heç vaxt məşhur olmaqla maraqlanmamışam. Məşhurlar da sıradan bir insanlardır. Etdiyimiz işin necə olmağı deyil, o qarşıdan insanlara necə görünməsi önəmlidir. İnsanların sənətindən asılı olmayaraq onlara heyranlıqla baxıram. Bu bağban da, kababçı da, küçədə limon satan da ola bilər. Mən elə bir ailədən çıxmışam ki, o ailənin özü bir məşhur ailədir. Mənim rəhmətlik atam həmişə deyərdi ki, "Məşhurluq, pul, alqışlar həmişə var, amma ən əsası insan olun". Tanınmış olmaq şərt deyil, əsas insan kimi insan olmaq lazımdır.

Aktrisa "sevgili" olduğu həmkarından danışdı: "Çətin günlərində yanında ola bilmədim" - FOTO

Xəbər lenti