Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mynews.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə klinikanın baş mühasib Şəhla Abbasova ifadə verib. O qeyd edib ki, klinikanın rəhbəri Leyla Şıxliniskaya ilə əvvəllər münasibətləri yaxşı olub: "Hər gün xəstələr qeydiyyat şöbəsinə yaxınlaşırdı və onlar da həkimlərə yönəldilirdi. Qeydiyyat şöbəsində olan pullar da mühasibi göndərilirdi. Klinikada olan xərclər barədə mənə məlumat verilirdi. Cinayət işi başlanmamışdan əvvəl yoxlama oldu. Hələ Leyla xanım bizə "premiya" da verdi ki, "yaxşı işləmisiz". Sonra bizim münasibətlərimiz pozuldu. Bir neçə dəfə işdən çıxmağımla bağlı ərizə yazdım, lakin Leyla Şıxliniskaya mənimlə barışdı. Sonda "addelkadır"da sənədlərimi verdim. Həmin gündən sonra klinikada yoxlama başlanıldı. Mən çıxmaq istəyirəm deyəndə Leyla Şıxliniskaya mənə bildirdi ki, "səni tutduracam". Bir neçə həkim öz xoşu ilə oradan ayrılmayıb". Məhkəmənin növbəti iclası yanvarın 4-nə təyin edilib. Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.
Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zamanı Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.
S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.
A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.
M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.
Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.