Mikayıldan Rasim Balayevin iradlarına cavab: “Gülməyək?”

739
Mikayıldan Rasim Balayevin iradlarına cavab: “Gülməyək?”
Xalq artisti Rasim Balayev televiziyalarda yayımlanan proqramlardan danışıb.
 
Aktyor primetime.az saytına müsahibəsində "Space"də yayımlanan, Mikayıl Güləddinoğlunun aparıcısı olduğu proqrama iradını bildirib: “Son vaxtlar qəlbimdə paxıllıq hissləri oyanıb. Bazar ertəsi "Space"də "Sevimli şou" (bazar ertəsi günü yayımlanan və M.Güləddinoğlunun aparıcısı olduğu veriliş “Sevimli mahnı” adlanır) deyilən bir veriliş var. Deyəsən, aparıcısı Mikayıl adlı oğlandır. Mən də elə hərdən baxıram. O verilişdə olanlara tamaşa edirəm. İlahi, bunlar nə qədər xoşbəxtdirlər. Necə qol götürüb, oynaya bilirlər. Elə şadyanalıq edirlər ki, sanki bu qədər torpağı biz itirməmişik. Yekə-yekə kişilər, qadınlar başını qaralayan müğənnilərə necə əl çalırlar, ay Allah... Adam dəhşətə gəlir. Onlara baxanda paxıllıq edirəm ki, kaş mən də belə olaydım. Dünyanın gediş-gəlişini çox dərk etməyəydim. Anlamamaq, nə böyük xoşbəxtlik imiş... Allah, Cəlil Məmmədquluzadəyə rəhmət eləsin. Gözəl deyib: "Yaman olur, anlamaq dərdi".
 
Musavat.com xalq artistinin iradlarına münasibət öyrənmək üçün aparıcı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, R.Balayevin fikirlərinə hörmətlə yanaşır: “Xalq artisti Rasim Balayev qəhrəmanlarımızı canlandıran aktyordur. O, hamımızın sevimlisidir. O, irad bildiribsə, Allah canını sağ eləsin. Verilişdən verilişə fərq var. “Sevimli mahnı” ancaq şoudan ibarət deyil. Bilirsiniz ki, verilişin formatını dəyişmişik, dəyərli sənətkarlarımız qonağımız olur, camaat da onları dinləyir. Zəlimxan Yaqubun bir sözü vardı. Deyirdi ki, insan hər zaman xoşbəxt ola bilməz. Xoşbəxtlik anlarladır. İnsanların xoşbəxt anı da mənim verilişimə düşüb. İnsan şən-şux mahnıya qulaq asıb, ağlaya bilməz. İndi biz sevinməyək, gülməyək, nə edək? “Qarabağ” şikəstəsi səslənəndə insanlarda vətən eşqi yaranır. Onlar gülə bilməzlər, gülməyiblər də... Amma “Şınıx təranələri” səslənəndə camaat onu necə alqışmasın? Mən xoşbəxtəm ki, mənə iradı nəhənglər bildirir. Rasim Balayev nəhəngdir. Iradına hörmətlə yanaşıram”.

Xəbər lenti