Müğənni Rəqsanə İsmayılova Moskvada “Farrof palace” adlı yeni məkanının açılışına hazırlaşır.
Mynews.az-ın məlumatına görə, SİA-ya açıqlama verən sənətçi bildirib ki, şadlıq evi dekabrın 31-də Yeni il günü yerli müğənnilərimizin də iştirak edəcəyi konsert proqramı ilə açılış edəcək: “Farrof palace” tək bir şadlıq evindən ibarət olmayacaq. Məqsədimiz böyük restoranlar şəbəkəsi yaratmaqdır.
Artıq ikinci böyük restoranın təmirinə başlamışıq. Bura daha böyükdür, 3500 insan tutur. Hazırki istifadəyə verdiyimiz restoranımız 650 nəfərlikdir. Artıq məkanda şənliklər edilir. Təmtəraqlı açılışımızı Dünya Azərbaycanlılarının Həmrəylik günündə – 31 dekabrda etməyi qərarlaşdırdıq. Əslində, bu məkan uzun illərdir “Azərbaycan” adı ilə tanınıb və fəaliyyət göstərib.
Yoldaşım daha sonra buranı mənə hədiyyə etdi və dedi ki, istədiyin kimi dəyiş. “Farrof” adının mənası bizim ailəmizdən götürülüb. Burada həm mənim, həm yoldaşımın, həm də övladlarımızın adlarının baş hərfləri birləşib”.
İsmayılova bildirib ki, restoranda həm də gözəllik salonu yerləşir: “Rusiyada məclis üçün salonlar çoxdur. Bizim məqsədimiz daha yaxşısını açmaq idi və etdik də. Başqa bir ölkədə azərbaycanlı birinin gözəl şəraitli yer açması daha gözəldir. Mən xalqım, ölkəmin adı üçün çalışıram. Burada ad günləri, banketləri və toy keçirməklə yanaşı gözəllik salonu da var”.
Rəqsanə 2018-ci ildə Bakıya qayıdacağını və yaradıcılıq işləri ilə məşğul olacağını söyləyib: “Darıxmışam, ora gəlmək, verilişlərə çıxmaq istəyirəm. Qərar verdim ki, 2018-ci ildən başlayım. Məqsədim məkanın təməlini qoymaq idi. Bir layihəm var, tezliklə onu da təqdim edəcəyəm. Yarışma xarakterli veriliş hazırlayıram. Gözəl səsi olanlar bizə müraciət edə bilərlər. Proqram Moskvadan yerli kanallarımızdan birində canlı yayımlanacaq. Bizə bütün millətin gözəl səsi olan nümayəndəsi müraciət edə bilər. Qalibə şirkətim tərəfindən avtomobil bağışlanacaq. Münsiflər heyətində dörd tanınmış sima əyləşəcək. Onlar Azərbaycanın sevilən sənətkarları olacaq”