"Açıq-saçıq səhnələrə görə roldan imtina..." Azərbaycanlı aktrisa

779
"Açıq-saçıq səhnələrə görə roldan imtina..." Azərbaycanlı aktrisa

Aktrisa Fidan Axundovanın milli.az-a müsahibəsi.

- Fidan xanım, ilk öncə, sizi salamlayıram. Uzun müddətdir ki, incəsənət sahəsindəsiniz. Bir seriala çəkilib, ulduzluq iddiasında olan həmkarlarınızdan fərqli olaraq sizdə heç vaxt bu təkəbbürlü çıxışı görməmişəm. Bu, nədən irəli gəlir?

- Mən heç vaxt ulduzluq xəstəliyinə tutulmamışam. İnşallah, bundan sonra da tutulmaram. Aktyora və aktrisaya qiyməti tamaşaçı verir. Düzdü, yoruldum dediyim anlar çox olub. Elə vaxt olub ki, 16 saat çəkiliş meydançasında olmuşam. İstər-istəməz yorulmuşam. Aktrisa özü-öz "plankasını" bilməlidir. Özü haqqında yüksək fikirdə olmaq tam başqa bir şeydir, "ulduzluq" iddiası isə tam başqa bir şey. Təbii ki, hər insan özü haqqında yüksək fikirdə olmalıdır. Amma bunun da dərəcəsi var. Mən özümə hörmət etməsəm, kim mənə hörmət edər ki?

- Fidan tələbatlı aktrisadır?

- Bəli, tələbatlı aktrisayam. Əgər mən uzun müddətdir bir serialda çəkilə-çəkilə, paralel olaraq digər iki seriala dəvət olunuramsa demək ki, mənə tələbat var. Allaha çox şükür!

- Hər gələn dəvəti qəbul edirsiniz?

- Xeyr, hər gələn dəvəti qəbul etmirəm. Yalnız özümə yaxın bildiyim obrazlara çəkilirəm.

- Dəvətlərdən imtina etməyinizə səbəb nədir?

- Bəzən qonorara görə, bəzən isə açıq-saçıq səhnələrə görə roldan imtina etmişəm. Bəzən isə heç vaxtım olmayıb. "Bir əldə iki qarpız tutmaq olmaz" deyib dəvətlərdən ən önəmlisini seçmişəm.

- Bəs həyatda necə, Fidanın qarşısına seçim qoyulub?

- Bəli, olub.

- Nə seçim idi o?

- Qoy o gizli qalsın. Bu, özəl həyatımla bağlıdır. Elə olub ki, seçim qarşısında tərəddüd etmişəm. Seçim etməyə çox əziyyət çəkmişəm. Yenə də məsləhət edib, seçim etmişəm, sonradan heç yanılmamışam.

- Özəl həyatınızı gizli saxlayırsınız?

- Mən heç vaxt şəxsi həyatımla gündəmə gəlməmişəm, çalışıram ki, gəlməyim də.

- Amma kifayət qədər məşhurlar var ki, şəxsi həyatları ilə gündəmdədir.

- O sənətçilərə normal münasibət bəsləyirəm. Kimsə mənim özəl həyatıma qarışanda, nəsə bir rəy yazanda, mənim xətrimə dəyir, əsəb keçirirəm, qıcıqlanıram. Əgər kimsə qıcıqlanmırsa, onun üçün bu, problem deyilsə, nə xoş o adama. Amma mən istəmirəm. Düşünürəm ki, Fidanın şəxsi həyatını bilməyə, özəlini bilməyə ehtiyac yoxdur. Özəl qoy elə özəl olaraq qalsın.

- Amma həmin həmkarlarınızı sosial şəbəkədə yaş yuyub, quru sərirlər.

- Mənim səhifəmdə sağ olsun məni sevənlərdir. Demək olar ki, çox nadir hallarda mənə yazılan rəyləri silirəm. Başqalarında görürəm, çox məyus oluram. Nəyə lazımdır, bəyənmirsənsə, öt keç də. Əgər sən onu bəyənmirsənsə, onun əxlaqına, özünü aparmağına şübhə ilə yanaşırsansa, daha sənin ondan nə fərqin oldu ki, götürüb ona rəy yazırsan? Düşünürəm ki, elə şeylər olmasa daha yaxşı olar.

- Bəs açıq-saçıqlıqla gündəmə gələn həmkarlarınıza münasibətiniz necədir?

- Mən ona da normal baxıram. Həqiqətən, deyirəm. Onun mədəsi onu həzm edir. Nuş canı. Mənim mədəm həzm etmir, götürə bilmirəm.

- Fidan, suallarıma çox əsəbi halda cavab verirsiniz.

- Əsəbi deməzdim, amma emosionalam.

- Nə hövsələdən çıxara bilər sizi?

- Çox şey. Adi bir baxışdan əsəbləşə bilərəm.

- Zamanında bilirəm ki, sizi teatrda çox incidiblər. O insanları bağışlamısız?

- Öz səhhətimə görə, öz daxili dünyama görə hər kəsi bağışlamışam. Mən kiməm ki? Onları qoy Allah bağışlasın.

- Amma bilirəm ki, sizə qarşı o vaxtkı teatr rəhbərliyi çox bağışlanmaz səhvlər edib. Qarşınıza çox sədd çəkiblər.

- Onsuz da, mənim qarşıma qoyulan səddləri Allah qarşımdan götürüb. Şükür Allaha olduğum yerdən çox razıyam. Bu gün həmkarlarım arasında 5 aktrisanın adı çəkilirsə, biri də mənəm. O ki qaldı qarşıma sədd çəkənlərə... Çoxu qazdığı öz quyusuna elə özü düşüb.

- Bilirəm ki, yenidən teatra qayıtmaq istəyirsiniz. Niyə hələ də yubanırsınız?

- Bəli, vaxt baxımından düşünürəm ki, birdən nəyisə çatdırmaram. Birdən işim olar, teatra baqlanıb qalaram. Bir az bu tənbəllik var məndə. O vaxt mən teatra gedəndə uşaq idim, indi isə hər şeyi götür-qoy edirəm.

Xəbər lenti