Xalq artisti, kamança ustadı Şəfiqə Eyvazovanın Milli.Az-a müsahibəsi.
- Şəfiqə xanım, sənət aləminə gəlmək üçün mütləqdir ki, sənin əlindən ya kimsə tutsun, ya da fitri istedadın olsun. Sizdə necə oldu?
- Mən heç bilmirdim ki, kamança nədir? Necə ifa olunur? Bir gün atam məni Flarmoniyaya aparıb göstərdi ki, qızım, bax səni bu alət ifa olunan sinifə yazdırmaq istəyirəm. Mənim kamança ilə ilk tanışlığım belə oldu. Daha sonra sənət aləmində mənə ustad sənətkarımız Əhsən Dadaşov dəstək oldu. O, məni öz ansambılına götürdü, xalqa tanıtdırdı.
- Şəfiqə xanım, uzun illərdir sizi televiziya məkanından izləyirik. Sizi heç vaxt kameraya baxarkən görmədik. Baxışlarınız həmişə kamanda olub.
- Çox sağ olun, siz lap məni utandırdınız. Bu, bəlkə də mənim xasiyyətimdən, aldığım tərbiyədən irəli gəlir. Mən ifa edəndə yaşayıram, bütün fikrim-zikrim kamançada olur.
- Uşaqlıq illəriniz dahi sənətkarımız Zeynəb Xanlarova ilə birgə keçib. O xatirələrdən nələr yadınızda qalıb?
- Zeynəb xanım bizim dahi sənətkarımızdır. Mənim ağlıma gəlməzdi ki, bir məhəllədə böyüdüyüm sənətkarla illər sonra Əfqanıstana qastrol səfərinə yola düşərəm. Zeynəb xanım mənim bacımla, Rəşad İlyasovun anası ilə rəfiqəlik edirdi. Yaxın qonşu olduğuna görə ailələrimiz bir-biri ilə ünsiyyət saxlayırdı. Mən elə o vaxtdan onun sənəti, səsi, sadəliyi ilə qürur duyurdum. Bizim evimizdə televizor yox idi, amma onlarda var idi. Biz uşaqlar yığışıb onlara televizora baxmağa gedərdik. Valideynləri bir dəfə olsun bizə demədilər ki, ay qızım, yorulmuşuq, durun gedin evinizə. Bəzən elə olurdu ki, anamın vaxtı yox idi saçlarımı hörməyə, gedirdim Zeynəb Xanlarova saçlarımı hörürdü. Mən Zeynəb xanımı o qədər çox istəyirəm ki, bir neçə mahnısını da repertuarıma daxil etmişəm.
- Həyat yoldaşınız Arif müəllim də kamança ustadıdır. Tanışlığınız necə baş tutub?
- Bizi bir-birinə yaxınlaşdıran kamança olub. Biz eyni müəllimin tələbəsi olmuşuq, Əhsən Dadaşovun ansamblında birlikdə ifa etmişik. Əhsən Dadaşov, ilk öncə, ansambla məni dəvət etmişdi, daha sonra gələcək həyat yoldaşımı dəvət etdi. Demək ki, bu da bir ilahi qismətdir. Mən heç bu tezlikdə ailə həyatı qurmağı düşünmürdüm. Elə oldu ki, taleyimiz alındı, ailə həyatı qurduq.
- Qızınız Mehri sənətinizi layiqincə davam etdirir. Adətən məşhurlar istəmir övladları onların yolunu davam etdirsin. Görünür ki, siz buna həvəsli olmusuz.
- Mehri artıq bir neçə ildir konservatoriyada müəllim işləyir. Böyük qızım isə mənim günahım ucbatından sənətə gəlmədi. Əslində, onun da incəsənətə böyük həvəsi var. Hələ uşaq idi, televizorun qabağında dayanıb, oxlovları bir-birinə sürtürdü. Hiss edirdim ki, skripka alətində ifa etməyə meyllidir. Onun həm də gözəl səsi var idi. Nədənsə sənət taleyi alınmadı.
- Hər bir sənətkarın sənətdə qalxan və enən vaxtları olur. Sənətə fasilə verdiyiniz vaxtlar oldu?
- Bir müddət mən sənətdən övladlarıma görə uzaq düşdüm. İndiki dövrə baxmayın, o vaxt dayə falan yox idi. Uşaqlara özüm baxırdım, atam-anam yox idi. Qayınanam da yaşlı qadın idi. İndi fikirləşirəm ki, nə yaxşı ki, sənətdə fasilə verdim. Çünki o müddətdə cavanlar özlərini sənətdə göstərə bildilər.
- Müsahibələrinizin birində demisiniz ki, məni kamanla birlikdə dəfn etsinlər.
- Bəli, mən bu sözü, ilk öncə, demişdim, amma dərindən fikirləşib bu vəsiyyətimdən vaz keçdim. Bu kamança məndən sonra tələbələrimə, övladlarıma miras qalmalıdır. Həyatımda hər şeyə səbəb kamança olub.
- Şəfiqə xanım, tələbələrinizdən razısınız?
- Mən 1967-ci ildən pedaqoq kimi fəaliyyət göstərirəm. Bu illər ərzində bir çox tələbə yetişdirib, əllərini pula çatdırmışam. Mən 1943-cü ildən Əhsən Dadaşovun ansambılında ifa edirəm. İl yarım oradan pul almadım. Sonra mənə dedilər ki, sənin pulların orada yığılıb. Ağlıma gəlmirdi ki, mən pul alacağam. İndiki tələbələr bir az dəyişib, bu da zəmanə ilə əlaqədardır. Bizim üçün bir amil var idi, o da sənət və sənətkarlıq.