Ölüb-dirilən əməkdar artist: "Gördüm ki, cənazəni xəstəxanadan evə gətirirlər"

789
Ölüb-dirilən əməkdar artist: "Gördüm ki, cənazəni xəstəxanadan evə gətirirlər"

Bu yaxınlarda 65 yaşı tamam olub. Yubileyini səssiz-səmirsiz evində, ailəsi ilə qeyd edib. Amma belə başa düşdüm ki, heç də yubiley havasında olmayıb, çünki gözləntiləri özünü doğrultmadığından əhvalı korlanıb.

Söhbət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyevdən gedir.

Gec də olsa təbrik etdim və könlünü almağa çalışdım. Açdı e ürəyini, nənəm demişkən, "Aranı Turana vurdu"...

- Bu günlərdə çalışdığınız teatrda qocaman sənət dostlarınız yarımştata keçirildikləri üçün bərk qəzəblənmişdilər. Sizə hələ dəyib-dolaşan yoxdur ki?

- Yox, mən hələ ki, bütöv ştatdayam, amma nə olsun, 65 yaşım tamam oldu, hələ də fəxri təqaüdlərdən heç birini almıram. Sağlıqlarına qismət, onlar ki alırlar, mənim yerimdə olsalar, dayanmadan qışqırarlar.

- Nəsə gözümə birtəhər dəyirsiniz, kefsizsiniz, elə bil, xətrinizə dəyiblər?

- Bir-iki il bundan əvvəl sənət dostum Tariyel Qasımovdan soruşdular ki, həyata ikinci dəfə gəlsəydiniz, aktyor olardınızmı, dedi ki, yox, olmazdım. Mən də özümə qarşı diqqətsizlik görəndə pis oluram. Deyirəm, kaş oğlumu qoymazdım aktyor olsun. Ramini deyirəm, Rus Dram Teatrının aktyorudur axı. Gərək deyəydim, a bala, get bir sənət öyrən, yaxşı bir çilingər ol. Mənim bir sözüm var, cəmiyyət bir anın içində dəlisinə qiymət verir, amma dahisini öləndən sonra dəyərləndirir.

- İndi yəni deyirsiniz ki, sizin kimi dahiyə qiymət verilməyib hələ?

- 65 yaşım oldu, amma hələ də əməkdar artistəm.

- Heç olmasa, sizin fəxri adınız var, amma Fazil Salayev kimi dahi aktyor fəxri ad almadan dünyasını dəyişdi... Onda gərək Salayev sağlığında özünü asaydı.

- Fazil yazıq, doğrudan da mükəmməl aktyor idi, dünya səviyyəsinə çıxarılacaq nadir aktyor idi, amma söz də düşəndə deyirdilər, əşşi, içir. Onun yerinə kim olsaydı, içərdi. Heç olmasa, dərdini azacıq da olsa unudurdu.

- Öz aramızda qalsın, amma deməyin ki, dərdinizi unutmaq üçün siz də içkiyə qurşanmaq fikrindəsiniz... Düzünü deyin, hətta iş-işdən keçməyib ki?

- Arada dərd-səri unutmaq üçün olur belə şeylər, az-az.

- Kişilər içən kimi keçmiş sevgililəri yadlarına düşür. Hələ içib ağlayanlar da var. Sizdə də belə duyğusal hallar baş verir?

- Yox, məndə keçmiş səhvlərim yadıma düşür və peşman oluram.

- Yəni?

- Rəhmətlik anam yadıma düşür, deyirəm, ay ana, vaxtında imkan versəydin, Rusiyada indi məşhur aktyor idim. Qoymadı qalım orada, qayıtdım Azərbaycana, indi də dizimə döyürəm.

- Neyləsin, fikirləşib ki, yəqin, nataşalara, sonyalara ilişib qalacaqsınız Rusiyada... Bizim kişilər rus qızlarını görən kimi hər şey yaddan çıxır axı.

- Elə ona görə qoymadı. Neçə il keçəndən sonra peşman oldu, dedi ki, ay bala, gərək səni çəkib Bakıya gətirməyəydim, qorxdum ki, rus qızıyla evlənərsən, ona görə yolunu kəsdim.

 

- Düz demirdi ki?

- Yox, mən ona dedim ki, ay ana, oğlunu tanımırsan, bilmirsən ki, mən rus qızına ilişən oğul deyiləm? İndi də fikirdən az qalır ürəyim partlasın. Hərdən istəyirəm, heç yaşamayım, ölüm.

- Yəni Allah eləməmiş kimi, intihar eləmək istəyirsiniz?

- Yox, intihar günahdır.

- Bəs onda nəyi nəzərdə tutursunuz?

- Sarsıntıları. Mən bir dəfə o qədər həyəcan keçirmişdim ki, bir də onda görüblər, bu həyatda yoxam. 49 yaşımda ölüb-dirilmişəm.

- Onu bilirəm, demişdiniz, yazmışdıq, amma səbəbi deməmişdiniz, bəlkə, indi açıb deyəsiz, səbəb nə idi ki?

- Oğlum ali məktəbə imtahan verəndə həyəcanlanmışdım. İynə boyda işıq gördüm və o işıq məni həyata qaytardı. Mən onda bildim ki, ruh insanın harasından çıxır.

- Harasından çıxır ki?

- Ürəyindən. Ruhlar barədə çox şey bilirəm. Ümumiyyətlə, hissiyyatım çox güclüdür. Anamın və atamın ölüm gününə qədər bilirdim. Anamın ölümündən bir ay əvvəl onunla görüşdük, ad günündə iştirak elədik. Dedik-güldük. Evdən çıxanda nəsə ürəyimə damdı, qəfildən ona baxdım və ürəyimdə dedim ki, anam tezliklə bu həyatda olmayacaq. Atam xəstəxanada dünyasını dəyişib. Anam səhər tezdən getdi ki, onu evə gətirsin, yuyunandan sonra yenidən xəstəxanaya qayıdacaqdılar. Bildim ki, onun cənazəsini evə gətirəcəklər. Anam oradan zəng elədi, sözünü ağzında qoydum. Dedim ki, ana, sözə ehtiyac yoxdur, bilirəm, atam dünyasını dəyişib. Necə demişdim, elə də oldu, gördüm, cənazəni xəstəxanadan evə gətirirlər. Həyatımda mistik hallar yaşamışam, möcüzələr görmüşəm. Hətta bilirəm ki, bu həyatda paralel dünyalar var, kosmosla əlaqə mümkündür. Amma bu barədə danışmaq istəmirəm. Çünki bizim cəmiyyəti və insanları tanıyıram, o saat deyəcəklər ki, başı xarab olub, gözünə nəsə görünür. Ona görə də susuram. Sənətdən danışaq gəl.

- Danışaq da. Yolunuzu kəsənlər çox olub, deyəsən...

- Dərdimi təzələmə də sən də. 1970-ci ildə baş rolda oynadığım "Bir sahilin adamı" adlı tamaşa dövlət mükafatına layiq görüləcəkdi. Onda da siyahı tutmuşdular, əsas qəhrəmanların və müəlliflərin adı salınmışdı o siyahıya. Paxıl sənət dostlarım rejissora deyiblər ki, Vahidin adını siyahıdan çıxarın. Teatrın baş rejissoru Tofiq Kazımov da o vaxt deyib ki, baş rolu oynayan o cavan oğlanın adı niyə siyahıda yoxdur? Deyiblər, əşşi, o cavan uşaqdır, gələcəyi qabaqdadır. Tofiq müəllim də acığından həmin tamaşanın mükafat almasına qarşı çıxıb. Mənə quyu qazanlar özləri də o quyuya düşüblər. Bax belə şeylər çox olub həyatımda. İndi o adamlar haqqında danışmaq istəmirəm, çünki sağ qalanlar da var, dünyasını dəyişənlər də. Bu aktyor sənəti elədir ki, burada daim bir-birinin ayağından dartıblar, çox əziyyət görmüşük elələrindən.

- Narahat olmayın, elə hər sahədə elədir. Heç kim yanında özündən güclü və uğurlu insanı görmək istəmir. Mənə çox maraqlıdır, həyatınızı səhnələşdirsəydilər, hansı obrazda çıxış edərdiniz?

- İncidilmiş, küsdürülmüş, əzab-əziyyət verilmiş dramatik bir obraz canlandırardım. Mən ağlamıram e, şükür Allaha, bir tikə çörək tapıb ailəmi saxlayıram. Amma illər boyu çəkdiyim əməyə heyfim gəlir. Öləndən sonra neyləyirəm e, mənə lap qızıldan heykəl qoysunlar. İndi, sağ ikən dəyərləndirilməyimi istəyirəm. Fevralın 7-də 65 yaşım oldu. Gözüm yolda qaldı ki, indi mənə xalq artisti adı verəcəklər, ya da dövlət təqaüdü.

- İnşallah, verərlər, hələ üstündən bir ay keçməyib. Elə o şad xəbəri sizə mən çatdıraram.

- Təki elə olsun.

Cəvahir Səlimqızı

Xəbər lenti