Metbuat.az-ın budəfəki qonağı cazibədar müğənni Afaq Aslandır.
Onunla müsahibə üçün Azərbaycanda ilk və rəqibi olmayan AQAT Təbii Daşlar Evində görüşdük.
A.Aslan masanın üzərindəki daşları görən kimi, “mənim qarşıma şir qoyun” dedi:
- Afaq, sən qız bürcüsən, şiri neynirsən?
- Şiri sevirəm. Çünki özümü şir kimi güclü hiss edirəm. Fili də sevirəm, özü də xortumu yuxarı duran filləri. Çünki evə var-dövlət gətirir. Ancaq bilmirəm elə daş varmı ki, biznesi artırsın.
(Üzünü AQAT mağazasının sahibi Aslan Abbasova tutub soruşur. Aslan müəllim də cavabında sitrin daşının biznesdə uğur gətirdiyini deyir. Bildirir ki, xaricdə biznes rəhbərlərinin hər birinin masasının üzərində sitrin daşı var. Sitrin daşından həmçinin istənilən çeşiddə klonlar, qolbaqlar, boyunbağılar, təsbehlər və s. hazırlanır).
- Bu daşlar elədir ki, haqqında danışsaq, müsahibəyə vaxt qalmayacaq.
- Tam razıyam, adamı başqa dünyaya aparırlar.
- Cazibədar, baxımlı qadın Afaq Aslan... Ancaq onu deyim kişilər səni nə qədər sevsələr də, qadınlar bir o qədər qısqanırlar ha. Bunu necə qəbul edirsən?
- (Gülür) Əslində normaldı. İnsan gözəl bir şey görəndə onun yerində olmaq istəyir, ancaq ola bilmir. Yaxud da baxır ki, gözəldi, cazibədardı, şirindi, baxımlıdır, düşünür ki, o, niyə elə deyil. Onun kimi olmaq istəyir, ola bilmir. Bu da onda qəzəb, kin yaradır. Tez özlərinə saxta profil açıb daş-qalaq etməyə başlayırlar. İçlərindəki qəzəbi onunla çıxarırlar. Məncə, normaldı hamısı. Qınamıram onları.
- Bu qısqanclıq səndə qıcıq yaradır?
- Əvvəllər hirslənirdim, asırdım-kəsirdim, ancaq indi adiləşib deyə, normal qəbul edirəm.
- Necə oldu ki, məşhurlaşmaq istədin? Birdən birə ağlına gəldi, yoxsa necə?
- Əslində məşhurlaşmaq heç ağlımdan keçməyib. Bu bir təsadüf oldu. Mənim şou-biznesə gəlişim də sırf təsadüf nəticəsində baş verib. Yəni bunların heç biri planlı şəkildə olmayıb.
- Müsahibələrin birində kişi tipi olaraq Burak Özçiviti bəyəndiyini demisən...
- Çox xarizmatik kişi obrazıdır. Bəli, bəyənirəm. Bu arada onu deyim ki, mənim sevgilimə oxşayır.
- Tanışlığınız varmı Burakla?
- Yoxdu.
- Bəs sevgilin Türkiyə vətəndaşıdır?
- Azərbaycanlıdır.
- Burak Bakıya gələndə görüşünə getmişdin?
- Yox.
- Niyə? Getsəydin sevgilin qısqanardı?
- (Gülür). Əlbəttə, elə ona görə getmədim. Həm də mənim sevgilim ondan qəşəngdi.
- Necə tanış olmusunuz?
- Tam təsadüfü tanışlığımız olub. İkimizin ortaq dostumuz var. Onun sayəsində tanımışıq bir-birimizi.
- Biznesmendir, yoxsa kasıb oğlan?
- Əlbəttə, biznesmendir.
- Hamı səni seksi qadın kimi təsəvvür edir. Maraqlıdır, bu günə kimi neçə sevgilin olub?
- Bir dəfə ailə qurub, ayrılmışam. Bu ailəni də sevgi üzərində qurmuşdum. Bundan sonra 2 dəfə möhkəm sevmişəm, bu da üçüncüdür.
- Bəs nə vaxtsa yenidən ərə getmək kimi bir planın var, yoxsa ömrü-günü sevgilərlə keçirmək istəyirsən?
- Mən bəzi müğənnilər kimi ad üçün ərə getmək istəmirəm. İstəmirəm ki, saxta toy edib, 5 aydan sonra ayrılım.
- Müsahibələrində komplekslərinin də olduğunu demisən. Nəyi özünə dərd edirsən?
- Bir söz deyəcəm, güləcəksən. Camaatı sevgilisi qısqananda, mən özüm-özümü qısqanıram. Məsələn, harasa qonaq kimi dəvət olunuramsa, birinci gələn qonaqların kimliyi ilə maraqlanıram.
- Səndə də artıq ulduzluq xəstəliyi yaranıb deyəsən?
- (Gülür). Hərdən deyirlər yekəxanasan. Ancaq elə deyil. İçimdə özümə qarşı eqoistlik var. Xoşuma gəlməyən adam olanda, fikirləşirəm ki, xeyir ola ee, niyə özümə əziyyət verib, onunla oturmalıyam? Bu baxımdan özümü çox qısqanıram. İnsanlar çox olan yerə getmək istəmirəm. İstəyirəm onlar üçün əlçatmaz olum. Hamı şəklimi, klipimi görsün, ancaq heç kim məni canlı görməsin. Hər insanın mənə yaxın olmasını istəmirəm.
- Bəs sevgin daşa dəyəndə nə edirsən? “Eh” deyib keçirsən, yoxsa güclə ayağa qalxırsan?
- Çox ağır depressiya keçirirəm. Tez ayağa dura bilmirəm. Mənim üçün illər lazımdır ayağa qalxmağa. Hamıdan uzaqlaşıram, başqa ölkələrə gedirəm.
- İnsanların təsəvvüründə özünlə bağlı seksi qadın obrazı yaratmısan. Bu obraz nədir belə, daxili tələbat?
- Çox ehtiraslıyam, ona görə elə görünürəm. Fotolarımda nə qədər seksi görünürəmsə, realda da o qədər ehtiraslı qadınam.
- Heç bu günə kimi etdiyin şeylərə görə əzab çəkmisən?
- Olub. Sevgim bir-bir daşa dəydikcə, çəkdiyim əzaba, ağrı-acılı günlərə indi dönüb baxanda gülürəm ki, gör kimlərdən ötrü əzab çəkmişəm. Birdən düşünürəm, görəsən mən bu adamın nəyini sevirəmmiş? Həm də bilirsən nə maraqlıdır, məni sevən insanı sevmirəm. Biləndə ki, kimsə məni sevir, o dəqiqə ondan qaçıram. Mənim aləmimdə o yox, mən onu seçməliyəm.
- Bəs seçim edəndə nələri əsas götürürsən?
- Desəm ki, məni özünə kişinin pulu çəkir, yalançı olaram. Mən seçdiyim adamın yüksək mədəniyyəti, qadına diqqəti olmalıdır. Kişinin danışığında da, hərəkətində də hər xırda detala diqqət edənəm. O qədər incə xarakter sahibi olmalıdır ki, ürəyimi ovsunlaya bilsin.
- Səncə hansı daha yaxşıdı, illər öncəki Afaq, yoxsa bu günün məşhur Afaqı?
- Heç nə dəyişməyib, eyni adamam. Məni nə pul, nə də məşhurluq dəyişə bilməz. Çünki pulun çoxunu da, azını da görmüşəm. Ən bahalı maşınları, ən bahalı zinət əşyalarını da görmüşəm. Mənim dünya malında gözüm yoxdur. Kənardan düşünülür ki, Afaq pulsuz adama salam verməz. Düzdü, çox pul xərcləyirəm, tələbatım çoxdur. Ancaq insana pul kisəsi kimi baxa bilmirəm. Bir kişiyə mənim ürəyim qızmırsa, istəyir o kişi dünyanın nazını-nemətini ayağımın altına töksün, yenə gözümdə olmayacaq.
- Baxımlı olmanız üçün ay ərzində nə qədər xərcləyirsiniz?
- Nə qədər qənaət etsəm də, 5-10 min arası gedir.
- Geyim alarkən brend olub-olmamasına önəm verirsən?
- Yox. O qədər brend geyimlər var ki, zövqsüzdür. Əsas odur ki, mənə yaraşan olsun.
- Bəs mütaliə edirsən?
- Bəli.
- Sonuncu dəfə oxuduğun kitabı adını xatırlayırsan?
- Axrıncı dəfə Aleksandr Dümanın “Üç muşketyor” əsərini oxumuşam. Anam filoloqdur deyə, bizim evdə hər cür bədii əsər tapmaq olar. Ancaq son zamanlar kitab oxumuram. Çünki nə axtarsan, internetdə taparsan.
- Bəzi məşhurlar var ki, bir zamanlar sənin kimi cəsarətli fotosessiyaları ilə gündəmə gəliblər. Sonra ailə qurublar. Bir-bir bütün saytlara zəng edib xahiş edirlər ki, filan fotoları çıxardın. Necə düşünürsən, sabah sənə də belə olma ehtimalı varmı?
- (Gülür). Bilsəm ki, nə vaxtsa, nəyinsə peşmançılığını çəkəcəm, onu etmərəm. Mən evdar qadın deyiləm ki... Övladım da sabah bilməlidir ki, anam müğənni olub.
- Səncə, Afaq Aslan necə ana, necə nənə olacaq?
- Mükəmməl. Övladlarıma qarşı çox ciddi olaram. Ancaq onları çox sıxma-boğmaya salmaram. İnsan ailədə hansı tərbiyəni görürsə, onu da övladlarına aşılayır. İmkan vermərəm ki, hansısa zərərli vərdişlərə tutulsunlar. Uşağı düzgünlük, savad sahibi edəndən sonra mühit onu dəyişə bilməz.
- Bəs sənin kimi gözəl quruluşda, şirin bir qızın olarsa, bir gün o da sənin kimi açıq-saçıq fotosessiya eşqinə düşərsə, nə edərsən?
- İcazə verərəm. Qızım desə ki, model və ya müğənni olmaq istəyirəm, özüm onun arxasında dayanaram.
- Türkiyədən sənə bir neçə təklif gəlmişdi. Yeni layihələr olacaqdı. İşlər nə yerdədir?
- İşlər yaxşıdır. Bu yaxında yeni layihələr üçün Türkiyəyə uçacam
.
- Birdəfəlik orada qalmaq fikrin var?
- Baxır təklifə, ola bilər ki, uzun müddət orda yaşayası olum.
- Ukraynada keçirilən gözəllik yarışmasında qalib oldun. Bu yarışma ilə bağlı məlumat ver, zəhmət olmasa.
- Həmin yarışmada 23 ölkədən 9 ölkə seçilmişdi. Yarışmada 1-ciliyi qazandıqdan sonra mənə İtaliyadan təklif gəldi. Hazırda təklif qüvvədədir, ancaq bilmirəm gedəcəm, ya yox.
- Bu yarışamaya gedərkəndə səni çox qınadılar.
- Məni onsuz da həmişə qınayırlar. Adi gəlir artıq. İnsanlarda qısqanclıq yaradıramsa, deməli, məndə onlarda olmayan bir şeylər var.
- Səni tanıyanlar deyirlər ki, çox şən, dostcanlı, vətənpərvər, mərd qadınsan. Amma bu xüsusiyyətlərindən cəmiyyətin xəbəri yoxdu. Onların baxışı başqadı. Onlar sanki təkcə var gücü ilə məşhurlaşmağa can atan Afaqı görürlər. Geniş kütlənin səni olduğun kimi yox, istədikləri kimi tanıması əziyyət verirmi? Bu yanlış tanınmanı nə ilə bağlayırsan? Fotoların, açıqlamaların, yoxsa nə?
- Doğrudur. Mən insanı darda qoymaram. Məsələn, qadın var deyir ki, sevgilim borca düşüb, pulu qurtarıb, özümə təzəsini tapacam. Ancaq bu mənim başıma gəlsə, onu darda qoyub qaçmaq yox, əksinə əlindən tutub həmin quyudan çıxararam. Əlimdən gələn qədər yaxşılıq edənəm. Yaxşılıq etməyə gücüm çatmırsa, pislik də etmərəm. Həyat bumeranqdır. Nə edəcəksən, o da səni izləyib qarşına çıxacaq. Bəli... çox insan məni olduğum kimi tanımır. Çünki məni kənardan izləyirlər. Ona görə də başqa cür düşünə bilərlər. Hərdən əziyyət çəkirəm. Ancaq onlara haqq da qazandırıram. Mənim şəkillərim, cəsarətli pozlarım insanlarda fikir çaşqınlığı yaradır.