Azərbaycan kinomatoqrafiyasının ən gözəl komediya filmlərindən biri olan "Bəxt üzüyü"nün davamının çəkildiyini xəbər vermişdik. Filmin ikinci hissəsində Söylü, Moşu Göyəzənli, Rasim və digər qəhrəmanlarla yanaşı, gənc aktyorlar da çəkilib.
"Planet Parni iz Baku" komandasının istehsalı olan ekran işində son vaxtlarda özünü müğənni kimi sınayan aparıcı Fariz İlyasov da rol alıb. Müğənnilik karyerasına start verən məşhur aparıcı bu dəfə özünü aktyor kimi sınayıb.
Milli.Az Fariz İlyasovun publika.az-a müsahibəsini təqdim edir:
- İlk növbədə sizi peşəkar heyətlə birlikdə "Bəxt üzüyü" filmində rol almağınız münasibətilə təbrik edirəm. Bilirəm ki, film çıxmamış onun haqqında çox danışmağa icazə yoxdur. Odur ki, rolunuz haqqında nə qədər mümkündürsə, o qədər məlumat verərdiniz...
- Film komediya janrında olsa da, mən Emil adında lirik-romantik bir obrazı canlandırıram.
- Romantik demişkən filmdəki rolunuz sizə nə qədər yaxındır?
- Emillə çox ortaq cəhətlərimiz var - 25 yaşında Almaniyada yaşayan və təhsil alan imkanlı ailənin tək övladıdır. Çox mədəni intelligent təvazökar gəncdir, amma bir mənfi xüsusiyyəti var ki, batil inanclara çox bağlıdır. Emillə fərqimiz ondadır ki, mən onun qədər inanclara bağlı deyiləm, münasibətlərdə bəzən kobud ola bilirəm. Amma Emilin filmdəki obrazlarla nə əlaqəsi olduğunu deməyəcəm. Qoy, bu, tamaşaçılar üçün sirr olaraq qalsın, filmə baxanda sürpriz şəkildə öyrənsinlər.
- Bildiyim qədəriylə ilk dəfədir ki, filmə çəkilirsiniz.
- Bəli, lakin teatr təcrübəm var idi. Filmə dəvət almağımda teatr təcrübəmin olması öz rolunu oynayıb. Tələbəlik illərində TOTEM teatr qrupunda aktyorluqla məşğul olurdum. Teatr qrupumuzla Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edərək 1-ci Ümumrespublika Teatr Festivalının laureatı olmuşduq.
- Təklif necə oldu?
- Mənimlə telefonla əlaqə saxlanıldı və film haqqında danışıqlar aparmaq üçün görüşə dəvət edildim. Rejissor çəkilişləri izlədikdən sonra bu rola seçildim və biz növbəti mərhələlərlə bağlı danışıqlara başladıq. Böyük aktyorlarla çalışmaq inanılmaz zövqlü idi. Çəkiliş meydanında səmimi və isti mühit yaranmışdı. İlk film təcrübəm olsa da, heç bir çətinlik çəkmədim. Əlbəttə ki, bunda çalışdığım komandanın və rol yoldaşlarımın böyük təsiri var idi.
- Rejissoru kimdir?
- Film "Planet Parni İz Baku Films" komandasının məhsuludur, rejissoru keçmiş "Bakılı Oğlanlar" komandasının üzvlərindən olan və hazırda Rusiyada yaşayıb orada fəaliyyət göstərən Ənvər Mansurovdur.
- Sizi filmə nə üçün dəvət ediblər: yaraşıqlı olduğunuz üçün, yoxsa istedadınıza görə?
- Dəvət edərkən xarici görünüş müəyyən dərəcədə əhəmiyyət kəsb edə bilər, çünki biz obraza uyğun olaraq seçilirik. Sözsüz ki, təsdiqlənmək üçün bacarığını göstərməlisən. Yəqin ki, mən obrazı daha səmimi oynadım, ona görə də təsdiqləndim.
- Hər kəs səbirsizliklə tizerin nə vaxt çıxacağını gözləyir.
- Tizer haqqında hələ ki məlumatım yoxdur, amma yaxında paylaşılacaq.
- Ssenari tamaşaçıları güldürməyə, yoxsa hanısa mesajlar ötürməyə daha çox hesablanıb?
- Çox əyləncəli, çox güləcəyiniz və ailəvi izləyə biləcəyiniz ekran işidir. Bununla belə filmdə əsl sevginin hər şeydən üstün olduğunu göstərmək istəmişik. İki insan arasında saf sevgi varsa, buna heç kim və heç nə kölgə sala bilməz, gücü yetməz.
- Əvvəlcə aparıcı idiniz, sonra müğənni olmaq istədiniz, həmçinin model kimi fəaliyyət göstərirsiniz. İndi də sizi aktyor kimi görəcəyik. Niyə hər zaman daha irəli getməyə çalışırsınız? Belə deyək, niyə yerində dayanmırsınız? Bu, sizə nə verir?
- Əvvəlcə musiqi təhsili almışam, sonra teatr qrupunda aktyorluqla məşğul olmuşam, daha sonra televiziyaya aparıcılıq etmək üçün dəvət edildim. Modellik isə hər kəsin məndən tələb etdiyi bir iş idi. Xronoloji ardıcıllığı görsək, əslində hazırda niyə bu sahələrdə fəaliyyət göstərdiyimi anlamaq olar. Yəni mənim bu fəaliyyətlərimi tez-tez sənətini dəyişən biri kimi deyil, özünü bacardığı sahələrdə doğru yetişdirə bilən gənc və öz potensialının fərqində olan biri kimi dəyərləndirsəniz sevinərəm. Çünki bütün bu sahələrdə növbəti yeniliklər olacaq, hələ hər şey yeni başlayır.
Hər iş insandan tam fərqli bacarıqlar tələb edir, biri səs, digəri artistlik, başqası düzgün danışıq və kütləni ələ almaq bacarığı, digəri obyektiv qarşısında maraqlı görüntü verə bilmək və s. Bütün bunlar insana cəlbedici gəlsə də, bu yolda irəliləmək çox çətindir. Amma insan özünü həyatını səhnəyə və sənətə həsr etməyə hazırdırsa, xoşbəxtliyi bu işdə görürsə, o zaman başqa məsələlər işinin kölgəsində qalacaq. Yerimdə durmamağa gəldikdə isə hələ heç nə edə bilmədiyimi düşünürəm və bu, məni çox zaman sıxır. Çalışacam ki, durmayım, hər zaman daha maraqlı, fərqli və zövqlü işlərlə qarşınıza çıxım. Bu, mənə hazırda yalnız tamaşaçı sevgisi qazandırır, inanıram ki, on il sonra daha böyük şeylər qazandıracaq.
- "Bəxt üzüyü 2"ni mütləq zləmək üçün 3 səbəb saya bilərsiniz?
- Birincisi, "Bəxt üzüyü" adı özü izləmək üçün ən böyük səbəbdir. Tamaşaçılar oradakı obrazlar və onları oynayan qocaman aktyorların oyununu izləmək üçün çox darıxmışdılar.
İkincisi, "Planet Parni İz Baku" komandası öz tamaşaçısına hər zaman dəyər verir və onlara keyfiyyətli işlər təqdim edir. Müasir, eyni zamanda keyfiyyətli komediya izləmək istəyənlərin seçimi fevralın birindən etibarən "Bəxt Üzüyü 2" filmi olacaq.
Üçüncüsü və ən nəhayət, gülməkdən bəlkə də gözlərinizin yaşaracağı, zaman-zaman kövrələcəyiniz, duyğu dolu anlar yaşayacağınız əyləncəli film izləmək istəyirsinizsə, "Bəxt Üzüyü 2" filmini qaçırmamalısınız.
- Hər kəsin sevimlisi Moşu Göyəzənli xoşbəxtliyin açarını tapa biləcək?
- Moşu Göyəzənli bu illər ərzində elə şeirlər yazıb ki, gəl görəsən... Filmin sonunda anlayacaqsız ki, xoşbəxtliyin sirri nədə gizlidir.