Əməkdar artist Elza Seyidcahan Publika.az-ın “Üç nöqtə” layihəsində yarımçıq qalan fikirləri tamamlayıb.
Müğənninin cavablarını təqdim edirik:
- İndiki ağlım olsaydı...
- Həmişə indiki ağlım olub. Ağıl xasiyyət deməkdir. Dəyişən heç nə yoxdur. Yaxşı ki, Allah mənə bu ağlı verib.
- Zəmanət verə bilərəm ki...
- Heç nəyə zəmanət verə bilmərəm. Müqəddəs kitablarda da yazılıb ki, heç kəsə, hətta heç öz övladına da zamin durma. Bir saatdan sonra nə baş verəcəyini haradan bilərəm ki? Odur ki, zəmanədən yaxşı ümiddir. Hər şeyi Allahın hikmətinə həvalə edirəm və ümidlə yaşayıram.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Uşaqlığıma qayıdardım. Uşaqlığım Sovet dövründə keçib. Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Niyazi kimi böyük bəstəkarla eyni dövrdə yaşamaq istərdim. O illəri brilyant dövr adlandırardım.
Sovet dövründə komfort olmasa da, vicdan, namus, saflıq və etibar var idi, hər kəs bir-birinə yardım edirdi. İndi bolluq olsa da, o dövrün adamları deyillər. Bu baxımdan deyirəm ki, dahi sənətkarlarımızın yaşadığı illərə qayıtmaq istərdim.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Xəyanət etmək kişiyə xas xüsusiyyətdir, onlar bütün qadınlara xəyanət edir. Məncə, bu, əks-cinsə keçərlidir, xəyanət qadına yaraşmaz. Böyük kraliçalara belə imperatorlar xəyanət edib. Hətta deyilənlərə görə, Süleyman peyğəmbərin 700 arvadı 300 kənizi olub.
Ümumiyyətlə, kişi sözü çox dərindir. Lakin bu, o demək deyil ki, kişilər gözəl ailələrini və övladlarını atıb getməlidir. Qocalanda da peşman olurlar, böyük günahlar qazanırlar. Bu məsələni kişi kimi həll etməlidilər. Xanımlarımıza məsləhət görərdim ki, müdrik olub ərlərinin bu xasiyyətinə göz yumsunlar. Onsuz kişi hara getsə də, yenidən öz evinə və ocağına qayıdır.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Seviləsi qadın olmaq istəyirsənsə, öz həyat yoldaşının sarı simini bilməlisən. Nə xoşuna gəldiyindən və nələri bəyənmədiyindən xəbərdar olmalısan. Bunları bilsən və yerində etsən, hər zaman seviləcəksən. Onda kişi də səni itirməkdən həmişə qorxacaq.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Ona görə gizlədirlər ki, onlara qoca və nənə deməsinlər. Halbuki, qocalmaq və nənə olmaq mərtəbəsinə gəlib çatmaq böyük xoşbəxtlikdir. Özümə heç vaxt bu hissi yaxın gətirməmişəm, xanımlara da məsləhət görərdim ki, yaşı özlərinə dərd etməsinlər, yoxsa vaxtından əvvəl qocalacaq və daha tez eybəcərləşəcəklər.
- Qadına qarşı şiddət...
- Sözsüz ki, pis haldır. Təəssüflər olsun ki, bəzi qadınlar özləri özünə qarşı şiddət yağdırır. Atalar məsələsində deyildiyi kimi, "yaxşı at özünə qamçı vurdurmaz".
- Vicdanıma and olsun ki...
- Təəssüf edirəm ki, çoxumuz vicdanımızı itirmişik. Dürüstlük və namus əldən gedirsə, vicdan qalmır. Bu səbəbdən də vicdan sözünü insafla əvəz edərdim. Heç olmasa insafımıza and içsək, daha məqsədəuyğun olar. Bu gün insanların çoxunda olmayan bir şeydən danışmağın tərəfdarı deyiləm. Vicdan bəzilərində yoxa çıxıbsa, onun haqqında danışmaq yersizdir. Mənə gəldikdə isə yalnız onu deyə bilərəm ki, insaflı insanam.
- Təəssüf edirəm ki...
- Yana-yana təəssüf edirəm ki, ana dilimiz uçuruma gedir. Əgər bu gün bəzi aparıcılar efirdən çıxıb camaata cahamat, məktəbimizə məhtəfimiz deyirsə, deməli, dilimiz korlanır. Reytinq naminə efirlərə uyğun olmayan ifadələr işlədilir. Abbas Səhhətdən, Abdulla Şaiqdən, Cəfər Cabbarlıdan, Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabirdən, Qasım bəy Zakirdən, Seyid Əzim Şirvanidən, Həsən bəy Zərdabidən bizə miras qalan gözəl ana dilimizi itiririk. Günahlar da ana dilini bilməyən savadsız müəllimlər və valideynlərdədir ki, uşaqlara ana dilini öyrətmirlər. Hər kəs öz istədiyi kimi danışa bilməz axı, onda birinci sinf dərsliyinin adı Ana dili yox, “ləhcə dili” olardı.
- Vanqa nənə ilə görüşsəydim...
- Allah ruhunu şad eləsin, gec-tez o biri dünyada ruhlar üz-üzə gələcək.
- Küsülü olduğum insana demək istəyirəm ki…
- Çalışsın, xasiyyətini dəyişsin. Əgər bu, mümkün deyilsə, səni bəyənmirlərsə, ayaqlarını çırpıb o yerdən elə çıxmalısan ki, oranın tozu da qalmasın. Bu baxımdan öz yerimi də, həmin insanın da yerini bilirəm. Bir də var ki, uman yerdən küsmək. Məsələn, mənim umduğum, daha dəqiq desəm, qəlbimə yaxın bildiyim insanlar varsa, onlarla o qədər də küsülü qalmıram, tez barışıram.
- Ən böyük səhvim o olub ki...
- Mən buna qismət və təsadüfi zərurətlər adlandırardım. Vaxtımı, gücümü, enerjimi onlara dəyməyən insanlara sərf etmişəm. Buna baxmayaraq, təvazökarlıqldan uzaq olsa da, halal etmişəm.
Öz səhvlərim də çoxdur, bütün günü Allaha dua edirəm ki, bağışlasın.
- Tənhalıq insan üçün lənətdir, yoxsa...
- Təklik insanın özünü dərk etməsidir. Bu vaxtdan səmərəli istifadə etmək lazımdır. Uzun müddət tənha qalmaq təhlükəlidir. Məsələn, üç gündən çox yuxusuz qalmaq insanın sinirlərinin, əsəb sisteminin pozulmasına gətirib çıxarır, on gün ac qalmaq isə onun səhhətinə mənfi təsir edir. Bir gün tənha qalmaq isə vahiməyə səbəb olur, psixoloji pozuntular yaradır.
İnsan ancaq Allaha dualarında tənha qalmalıdır. O da vacib deyil ki, hamı getsin və mən tək qalım. Nə qədər səs-küyün içində olsaq belə orada öz fikirlərimlə, öz yaradıcığımla baş-başa qala bilirəm. Ən böyük əsərlərimi hay-küyün içində özüm üçün tənhalıq yaradıb yazmışam.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Mənə yalan danışan adamın çalışmıram ki, yalanını üzünə vurum, sadəcə onu tanımağa səy göstərirəm və dostcasına izah edirəm ki, yaxşı iş görməmisən. Övladlarıma da elə tərbiyə vermişəm ki, yalanı sevmirlər. Kimsə məni sevmirsə və bunu büruzə verirsə, onu bağrıma basıb öpərəm ki, münasbətini açıq şəkildə bildirir. Amma kimsə mənə müəmmalı görünürsə, onu tanıya bilmirəmsə, bu, məni narahat edir.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Həyat maraqlı olsun. Bu, bizim üçün bir sınaqdır. Allah bir-birimizə qarşı necə münasibət bəslədiyimizi öyrənmək üçün bizi fərqli yaradıb. Eyniliyi yox, fərqliliyi üstün tutub. Hamını fərqli yaradıb ki, birlik olsun. Amma getdikcə bir-birinə oxşayan insanlar çoxalır, həyatın marağı da azalır.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Biz doğulmamışdan əvvəl artıq bəşəriyyət var idi. O insan xoşbəxtdir ki, bəşəriyyətdə qala bilir. Onlar da Allah tərəfindən seçilmiş insanlardır.
- Günahlarım yadıma düşəndə...
- Hər dəqiqə günahlarım haqqında fikirləşirəm, elə bilirəm ki, məndən günahkarı yoxdur. Vaxtım olduqca dünyasını dəyişən yaxınlarımız, şəhidlərimiz, həmçinin qəbiristanlıqda uyuyan bütün bacı və qardaşlarımız üçün yasin oxuyuram. Allaha dua edirəm ki, onların günahlarını bağışlasın. Çünki elə insanlar var ki, onlar sağlığında bunu edə bilməyib, ya da kimsəsizdirlər. Sonra isə demək olar ki, hər gün “Günahkar qulun Elza Seyidcahanın günahlarını əfv et”, deyib özüm üçün də dua edirəm.
- Övladlarıma ən çox onu məsləhət görürəm ki…
- İlk növbədə xalqımızı, vətənimizi, dövlətimizi, millətimizi, prezidentimizi, analarını, atalarını, nənələrini və digər qohumlarını sevsinlər, amma pislərdən də özlərini qorumağı bacarsınlar, hər adamın sözünə inanmasınlar, şərdən-böhtandan uzaq olsunlar, mərdimazar olmasınlar və Allaha şükür etsinlər. Peyğəmbərimiz də buyurub ki, şeytandan özünüzü qoruyun. Rəhmətlik əmim axund olub, o, sağlığında həmişə bizə “Uşaqlar yadınızda saxlayın ki, nəslimizdə mərdimazar, kiminsə haqqına girən, üzünə gülüb işinə pəl vuran riyakar insanlar olmayıb. Odur ki, uşaqlarıma belə işlərdən və belə adamlardan uşaq durmağı tövsiyə edirəm.
- İlahi ədalətə inancımı o zaman itirdim ki…
- İnancımı heç bir zaman itirməmişəm və itirməyəcəm də! Çünki ilahi ədalət var! Dünən, bu gün, yaxud sabah da olmasa, vaxtı və məqamı yetişəndə gələcək. Allah hər zaman tam zamanında özünü yetirir. Həyatda məni yaşadan da elə ilahi ədalətə olan inancımdır. Bilirəm ki, Yaradan heç nəyi cəzasız qoymur.
- Heç vaxt heç kimə icazə vermirəm ki...
- Heç vaxt heç kimə icazə vermirəm ki, mənə qarşı artıq hərəkət etsin. Hər zaman öz yerimi bilmişəm. Özümü elə aparmışam ki, o insan mənə qarşı hərəkətlərində istər-istəməz bəlli bir sərhəd qoymalı olub. Əks halda çalışmışam ki, müdrikcəsinə ona öz cavabımı bildirib məsələyə aydınlır gətirim. Ümumiyyətlə, problemlərə aydınlıq gətirmək vacibdir, münasibətlərdə sevmirəm ki, nə isə qaranlıq qalsın.
- O zaman düşünmədən riskə gedirəm ki...
- Risklərim ancaq yaradıcılığımla bağlı olub. Əslində riskə getmirəm, sanki məni istiqamətləndirən hansısa qüvvə var. Bütün həyatımı bu sənətə həsr etmişəm, qışda qarlı və soyuq havada dağın başında klip çəkdirmişəm. Əynimdə tok olan dəmir paltarda suya tullanıb həyatımı riskə atmışam, kağız və saman paltar geyinmişəm, onlarsa alışıb yana bilərdi. Heç kəsin etmədiyi qeyri-adi saç düzümləri etdirmişəm. Bütün bunları sənət fədaisi kimi və təmənnasız etmişəm. Sənətdə hər addımım riskdir, ilklərdənəm. Sonradan məni təkrarlayıblar, lakin içi xudbin, içləri və ruhları çirkin olan insanlar həqiqəti deməyə qorxurlar. Deməyə də ehtiyac yoxdur, çünki onsuz da həqiqət göz qarşısındadır.
Mahnılarım, şeirlərim, geyimlərim də birmənalı qarşılanmır. Bunun özü risk deyilmi?
- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
- Yuxarıda dediyim kimi Allaha dua edirəm. Ən çıxılmaz vəziyyətlərdən məni Yaradan xilas edib. Qazandığım uğurlara bəzən şübhə ilə yanaşanlar olur, bütün bunlara göydə Allahın, yerdə anamın köməkliyi ilə nail olmuşam.
- Yaxşı gündə, pis gündə...
- Yaxşı gündə sevincimi hamı ilə paylaşıram ki, çoxalsın. Bu yaxınlarda nəvəmin doğum günü oldu. Sevincimi hamı ilə bölüşdüm. Şənliyə bir çox tanınmış simalar övladları və nəvələri ilə birlikdə gəlmişdi. Uşaqlar üçün gözəl Yeni İl şənliyi təşkil etmişdim. "Ümid Yeri" uşaq sığınacağının direktorundan da xahiş etmişdim ki, oradakı uşaqlardan gətirsin. Onların hər birinə hədiyyə hazırlatdırmışdım, gözəl süfrə açdırmışdım. Belə hadisələr çox olub, sadəcə sonuncu baş verən hadisəni deyirəm. Ümumiyyətlə, hər bir tikəmi ürəkdən paylaşıram, onda Allah sənin ruzi-bərəkətini də verir. Məsələn, İsa peyğəmbər səhrada yemək tapayan yəhudiləri balıqla yedizdirib xilas etmişdi.
- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı idi...
- Minnətdaram, hər zaman xoşbəxt olmaq real deyil. Çətin günlər həmişə var və olacaq da. Xeyirlə şər həmişə bir-biriylə qarşıdurmadadır. İstəsək də, istəməsək də xoş və pis günlərimiz olur, bir üzümüz gülürsə, bir üzümüz ağlayır. Yenə də şükür edirəm.
Yas yerlərində deyilən “Axır qəmimiz olsun” sözündən xoşum gəlmir. Bu, nəcə ola bilər ki? Bu dünyaya gələn insan, bir gün getməlidir də. Belə məqamlarda “Allah səbir versin”, “Allah rəhmət eləsin”, “Ruhu şad olsun” kimi təsəlliedici sözlərdən istifadə etmək lazımdır. İnsan çətin günlərdə möhkəmlənir, həyatı bir daha dərk edir.
Arzu edirəm ki, qayğılı, sevincli, keşməkeşli, minor və major günlərimizdə harmoniyamızı güclü vuraq ki, o, hər bir halda gözəl səslənsin.