İranda keçirilən etiraz aksiyalarında 50-dən çox qadın aksiyada başını açdığına görə həbs edilib. İslam qaydalarına görə bu hal nə qədər doğrudur? Məcburiyyət, üstəlik həbs etmək varmı islamda?
İlahiyyatçı alim Əkrəm Həsənov Moderator.az -a açıqlamasında bu məsələyə islam dini prizmasından yaşandıqda qadının başını açmasının günah olduğunu bildirib:
“Biz heç bir kənar ölkənin daxili işinə qarışa bilmərik və bu barədə hər hansısa bir açıqlama verməmiz doğru deyil. Başqa ölkə müsəlmanlarına isə heç nə deyə bilmərik. Çünki, biz öz ölkəmizdə yaşayırıq. Ancaq sizin qoyduğunuz məsələyə islam dini prizmasından yanaşdıqda həm qadının başlarını açıb küçələrə çıxması böyük günahdır, əlavə olaraq dinimizdə mitinqlərə çıxmaq həm kişilər üçün, həm də qadınlar üçün günahdır.
Çünki, Qurani Kərimdə olan ayələrdə qadınların başlarının örtülməsi onlara əmr olunur, zinət yerlərini, açıq-saçıq yerlərini özlərinə yaxın olmayan naməhrəmlərə göstərmələri qadağan olunur. Bütün müsəlmanlar bilirlər ki, islam dini mənbələrində qadınların özlərini qorumaları tövsiyə olunur. Allah təala “Əhzab” surəsinin 59-cu ayəsində qadınların örtünməli olduqları barədə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər.
Bu, onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”. Həmçinin “Əhzab” surəsinin 33-cü ayəsidə uca Allah buyurur: “Evlərinizdə qərar tutun. İlkin cahiliyyat dövründəki kimi, açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”. Qurani Kərimdə hicabla bağlı ayələr çoxdur. “Nur” surəsində də baş örtüyü ilə bağlı ayələr yer alıb: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar.
Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”. Bu səbəblə əhalisi müsəlman olan ölkələrdə qadınların kütləvi şəkildə küçələrə çıxıb özlərini göstərmələri islam dini baxımından böyük günah və haram iş hesab olunur. Xüsusi ilə dinimizdə nümayişlərə çıxmaq, mitinqlərə qoşulmaq tək qadınlara yox, kişilərə də günah hesab edilir. Mitinqlərə və nümayişlərə çıxmaq anlayışı heç bir peyğəmbərin və imamın həyatında baş verməyib. Musa peyğəmbərə Allah tərəfindən vəhy olunub ki, gedib Fironla mülayim şəkildə söhbət edib Allahın var olduğunu ona bildirsin, onu Allahın yoluna dəvət etsin. Burada heç bir mitinqdən söhbət gedə bilməz. İmam Hüseyn isə 63 il babası qədər ömür sürüb, heç zaman ömrünün sonuna qədər yaşadığı ölkədə ölkə rəhbərinə qarşı çıxmayıb və onda belə xəvariclik ideologiyası mövcud olmayıb. Onun məqsədi sadəcə Kufələlilər ona məktub yazıb dəvət etdikləri üçün o olub ki, gəlib onlarla ölkə rəhbərinin arasını düzəltsin.
Ancaq yolda onu şəhid ediblər. Burada da İmam Hüseyn heç zaman ölkə rəhbərinə qarşı baş qaldırmayıb. Sadəcə onu Kufə camaatı aldadıb ora dəvət ediblər və gələndə onu tək qoyub aradan çıxıblar. Bu gün məqsədləri siyasi hakimiyyəti əldə etmək olan bəzi radikal məzhəblər əhalisi müsəlman olan ölkələrdə xaosa qoşulmaq istəyənləri Musa Peyğəmbərlə və İmam Hüseynlə aldatmaq istəyirlər. Halbuki, bunu edənlər hər iki böyük şəxsiyyətə böhtan atmış olurlar. Bunu bilmək lazımdır ki, tarixdə şərq ölkələrində, xüsusi ilə müsəlman ölkələrində, əhalisi müsəlmanlar olan ölkələrdə mitinq anlayışı mövcud olmayıb”. Mitinqlərə çıxmaq anlayışı müasir dövrlərdə İslam aləminə, zəif müsəlmanlara qərbdən gəlib. İslam aləmində mitinq eləmək, küçələrə çıxmaq, hay-küy salmaq heç vaxt olmayıb. İslam dini insanlara qarşı mülayim olmağı, başqalarının haqqını qorumağı, başqalarına qarşı, hətta kafirə qarşı yumşaq davarnmağı, insanlar arasında sülhü bərqərar etməyi, əmin-amanlıq yaratmağı, xaosdan uzaq durmağı öyrədir. Müsəlmanlar bu cür yaramaz işlərdən çəkinməlidirlər. Əgər müsəlmanlardan kiminsə haqqı tapdalanırsa, haqqı əldə etməyin sivil qaydaları və formaları var. Mitinq yolu ilə, zərbə yolu ilə, səs-küy salaraq küçələrə çıxmaqla, kənara, ətraf mühitə zərər vurmaqla, başqalarına əziyyət verməklə haqqı almaq yox, başqalarının haqqını əlindən almış olursan. Ona görə də İslam dini başqalarının haqqını tapdalamağı müsəlmana qadağan edir.
Müasir böyük islam alimi Şeyx Saleh əl-Fövzan belə deyir: “Nümayişlər (mitinqlər) İslam dinində yoxdur və müsəlmanın əxlaqından sayılmır. Bu müsəlmanlara Qərb cəmiyyəti tərəfindən müsəlman camaatı parçalamaq, insanlar arasında təfriqə salmaq və onlar arasında düşmənçilik yaratmaq üçün gəlib”. Belə etməklə də bu mitinqə çıxanları qızışdıranlar öz məqsədlərinə nail ola bilirlər. Mitinqə çıxanlar özləri nəyisə qazanmaq yox, öz həyat yollarını və gələcək yaşayışlarını itirmiş oldular. Mitinqə çıxmağın müsbət cəhətdən heç bir nəticəsi olmur. Əksinə əvvəl müsbət olan məsələlər mənfiliyə doğru dəyişir. Bu gün cəmiyyət içərisində İslamdan anlayışı olmayanlar dərhal İslama və müsəlmanlara qarşı aqressiv olurlar. İslamda olanlar gərək özlərini İslama yaraşan şəkildə cəmiyyət içərisində təqdim etsinlər, digər insanlara nümunə olsunlar. İslamda olmayanlar da İslama gəlsinlər. Xülasə olaraq bütün İslam alimləri yekdil qərara gəliblər ki, mitinq haramdır, nümayişlərdə iştirak etmək dini cəhətdən böyük günahdır, hüquqi dünyəvi cəhətdən də cinayət hesab edilir. Xüsusi ilə qadınların hələ üstəlik baş örtülərini açaraq bu cür nümayişlərə qoşulması onlar üçün bir çox günahlar qazandırır. Burada əsasən həmin qadınların həyat yoldaşları da bu günahlardan pay əldə edirlər. Çünki, müsəlman kişilər qadınlarını qorumağa borcludurlar və sahib olduqları qadınlara görə hər iki dünyada məsuliyyət daşıyırlar”.