Dünən "Stalinin başı" filminin qala gecəsi keçirilib. Qala gecəsində aktyor və aktrisalarla yanaşı, şou biznes əhli də qatılıb. Gecəyə qatılanlar arasında qalmaqallı idmançı Kamil Zeynallı və tanınmış jurnalist Əfruzə Ağayeva da olub.
Mynews.az bildirir ki, Kamil Zeynallı cebhe.info-ya yaxın günlərdə İnstagram hesabını aktiv edəcəyini və jurnalistlə qalmaqalından danışıb:
"Mən çox əsəbiyəm. İnstagram hesabımı da özüm bağladım ki, bir az ara sakitləşsin, əsəblərim düzəlsin. İnstagram hesabım açıq qalsaydı yenə əsəbləşib söyəcəkdim deyə bağladım. Həm də ailəm məndən çox xahiş elədi ki, bağla İnstagram-ı ona görə bağladım. Amma bu yaxında inşallah İnstagram-ımı açmaq fikrim var. Bir məsəl də var, deyir ki, xoruz yox idi deyə səhər açılmırdı? İnstagram yoxdu mənə lap rahatdı. Dost tanışla rahat oturub söhbətləşə bilirəm, uşağımla oynaya bilirəm rahat hər kəsə vaxt ayıra bilirəm".
Həmçinin jurnalist xanımla olan məhkəmə prosesindən danışan Kamil Zeynallı yaxın günlərdə məhkəmə prosesinin başlayacağını, təzminat ödəməyə hazır olduğunu qeyd edib:
"Proses bu yaxında olacaq. Məhkəmə olmasını mən çox istəyirəm. Çünki onlar çox gözləyirlər ki, mən ondan üzr istəyəcəm, amma bu olmayacaq. Məhkəmə hansı məbləğdə təzminat təyin etsə, o insanın da qiyməti o olacaq. Onlar bilirlər ki, mənim üzr istəməyim mümkün deyil, heç vaxt üzr istəməyəcəm. Düzdür, mən onu söymüşəm, təhqir etmişəm, özümü günahkar sayıram. Ona görə məhkəmə olmağını istəyirəm ki, məhkəmədə deyim ki, demişəm, söymüşəm əcəb eləmişəm və təzminatını da ödəyim çıxım. Bu, o demək olacaq ki, məhkəmə onun söyülmək qiymətini təzminat kimi mənə təyin edəcək ki, yəni bu xanımı söyməyin qiyməti bu qədərdi, ödəyib, söyün. Məbləğindən asılı olmayaraq mən təzminatı ödəməyə hazıram.
Övladıma gələn qada-bəla o pulla getsin. Heç bir güzəşt olmayacaq. Çünki mən ona güzəştə getdim Samiraldo söhbətində. Amma sonra götürdü Zoriklə şəklimi yaydı. Mən cinsi azlıqlara qarşıyam deyə məni onlarla qarşılaşdırdı. Amma Zorikin arıqlamağı yüzlərlə insanın bizə müraciət etməsinə səbəb oldu. Bu da götürüb yaymışdı ki, özü cinsi azlıqlara qarşı olsa da, onlarla şəkil çəkdirib".
Kamil Zeynallı, həmçinin Gülayın bu məsələlərə münasibətindən də söz açıb:
"İnanın məni hələ sakitləşdirən odur. Mənim qarşımı alan odur. Hələ o olmasa, mən daha başqa-başqa işlər görə bilərdim, səbrsizliklər edə bilərdim. Bu arada onu da qeyd edim ki, saytlar yazmışdı ki, mən guya hava limanında "qara siyahı"ya salınmışam bu da yalandır, deyirdilər verilişi bağlanır, o da yalandır".
Qarşı tərəf olaraq big.az saytının baş redaktoru, xanım jurnalist Əfruzə Ağayevanın da fikirlərini öyrəndik. İdmançı ilə aralarında olan çəkişmə barədə cebhe.info-ya danışan xanım jurnalist Kamil Zeynallının İnstagram hesabının özü tərəfindən bağlanılmadığını, Kamilin səhifəsini açdırmaq üçün mütəxəsislərə müraciət etdiyini bildirib:
"İnstagram hesabını o özü bağlatmayıb, İnstagram tərəfindən səhifəsi bağlanılıb. Bunu niyə etiraf etməkdən çəkinir ki? Bağlandığı üçün də dəfələrlə bu sahənin peşəkarlarına müraciət edib ki, xahiş edirəm köməklik edin İnstagram hesabımı aktiv edim, amma alınmayıb. Çünki heç tanımadığım, xanımlar, əsl Azərbaycan bəyləri mənə bu məsələdə dəstək oldu, onun səhifəsi söyüşlərindən sonra bağlandı. Mənim də istədiyim elə o idi. Bundan sonra 15 İnstagram hesabı açsa da, vecimə deyil. Əsas o dönəmdə onu susdurmaq idi və biz də bunu bacardıq".
Həmçinin Əfruzə Ağayeva məhkəmə çəkişməsindən də danışıb:
"Qanunlarımıza güvənirəm. O başa düşdü ki, bir xanımı, əsas da jurnalisti söyməyin qarşılığı nədir. Sonuna kimi gedəcəm. Məhkəmənin günü də, hakimi də məlumdur. Hörmətli hakimin ədalətinə inanıram. Mart 6-da, hakim Namidar Misirzadənin sədirliyi ilə ilkin məhkəmə prosesi baş tutacaq. Vəkilim Vüqar Səfərli işlə ciddi şəkildə məşğuldur, inanmaq istəyirəm ki, ədalət öz yerini tapacaq. Bu məsələ bütün medianın nəzərindədir. Doğrudur, mənə onun üzr istəməyi lazımdı, amma üzr məsələsini onun mənəviyyatına buraxıram. O da evində qız övladı böyüdür və heç bir ata, ana yaxud da bala heç nədən sığortalanmayıb. Kamil az onun bunun qadınını, ana-bacısını söysün! Bir gün bir qeyrətli oğul çıxar ortaya və onu başa salar ki, hər şeyi pulla ölçməsin.
Mən jurnalistəm, onu söyməmişəm, təhqir etməmişəm, sadəcə, söydüyü aparıcı Şəbnəm Həsənovadan açıqlama alıb, Kamilin açıqlaması ilə birgə verib qərəzsizlik göstərmişəm. İnşallah hakimin qərarını gözləyək və bir də qeyd etmək istəyirəm ki, məhkəmənin tarixini bilirdim, vəkilim Vüqar Səfərli mənə hər bir məlumatı vermişdi. Mən dedim ki, mediada yayımlanmasın. Kamil haqqımda dəfələrlə danışdıqca, bu məsələ ilə gündəmə gəlməyin onun üçün nə dərəcədə vacibliyini bir daha hər kəsə sübut etdi".