Bu il ölkəmizi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision 2018” Mahnı Müsabiqəsində təmsil etməyə hazırlaşan nümayəndəmizi yola gətirmək çətin olsa da, qısa zaman kəsimində müsahibə gerçəkləşdirdik.
Mynews.az Oxu.Az-a istinadən pianoçu, vokalist və bəstəkar Aysel Məmmədova ilə müsahibəni təqdim edir:
– Özünüzü oxuculara təqdim edin...
– Əvvəlcə onu qeyd edim ki, mən pianoçuyam, musiqi karyerama müğənniliklə başlamışam. Altı yaşından musiqi ilə məşğulam. Bülbül adına orta ixtisas məktəbini və Bakı Musiqi Akademiyasının klassik fortepiano fakültəsini bitirmişəm. Dəfələrlə Azərbaycanı müxtəlif müsabiqələrdə təmsil etmişəm. Çoxsaylı diplomlarım, mükafatlarım var.
– Musiqiyə maraq haradan yarandı?
– Valideynlərim musiqiçidir. Musiqiyə marağım uşaqlıqdan yaranıb.
– 2017-ci ildə sizin üçün ən əlamətdar hadisələrdən biri ölkəmizi “Eurovision-2018” beynəlxalq musiqi müsabiqəsində müğənni kimi təmsil etməyinizdir. Bunu gözləyirdiniz?
– Həmişəki kimi, “Eurovision” seçimlərini “İctimai” TV edirdi. Qapalı seçimlərdə digər rəqiblərə qalib gəldim. Musiqi təhsilimi, festivallarda olan təcrübələrimi nəzərə alaraq məni seçdilər. Sözün düzü, gözləmirdim. İfa tərzim pop janrından uzaqdır. Daha çox caza üstünlük verirəm deyə təəccübləndim. Bu da çox xoş oldu.
– Özünüzü müsabiqəyə hazır hiss edirsinizmi?
– Mənəvi olaraq özümü müsabiqəyə hazır hiss edirəm. Hazırlıq prosesləri gedir. Bir çox nüanslar var ki, hələ də hazır deyil.
– Bundan əvvəlki “Eurovision” təmsilçilərindən kimin təcrübəsindən yararlanırsınız?
– Bir çox ifaçılarla münasibətim var. Elnur Hüseynovla bir neçə gün öncə geniş söhbət etmişik. Eldar Qasımov və Nigar Camalla da münasibətlərimiz əladır. Onlardan da nə edib-etməyəcəyim barədə məsləhətlər alıram. Mənə lazımi informasiyaları veriblər.
– Müsabiqədən qayıdanların çoxu uzun müddət səssizliyə çəkilir. Bu, sizi qorxutmur ki?
– Bundan qorxmuram. Müsabiqənin heç bir inkişafa və sənətə dəxli yoxdur. Özün inkişaf etmək istəyirsənsə, davamlı olaraq çalışmalısan.
– Bir çox festivallarda iştirak etmisiniz. Ətrafınızda da xeyli şou nümayəndəsi var. Amma siz kölgədə qalmağa üstünlük verirsiniz. Bunun səbəbi nədir?
– Mənim ifa etdiyim janr popdan uzaqdır. Bizdə ən çox üzdə olanlar pop ifaçılardır. Əvvəl klassik musiqi ilə, daha sonra cazzla məşğul olmuşam. Belə ifaçılar da nisbətən kənarda qalırlar. Çünki gördükləri iş bunun tələb edir. Bir neçə ifaçı var ki, əminəm izləyicilərin çoxu onları tanımır.
– Klassik musiqidən cazza keçid necə oldu?
– Cazzla məktəbdə olarkən məşğul olmağa başladım. Bu janra xüsusi marağım yarandı.
– Müsabiqə sizin üçün təkandır, indi daha geniş auditoriyaya xitab edəcəksiniz. Hansı hissləri keçirirsiniz və bu, sizin həyatınızda nələri dəyişəcək?
– Əslində. buna görə həyəcanlıyam. Ancaq bu, müsabiqə ilə bağlı olan adekvat həyəcandır. Həyatım olduğu kimi davam edəcək.
– İncəsənətdə populyarlıq qazanmaq insanın öz seçimidir, ya şans məsələsidir?
– Təbii ki, öz seçimidir. Populyarlıq qazanmaq bir çox şeylə mümkündür. Hər hansı bir hərəkətinlə də populyarlıq qazana bilərsən.
– Səmra daha çox geyimləri ilə gündəm yaratdı. Sizdən də cəsarətli kliplər gözlənilirmi?
– Baxır, siz cəsarətli nəyə deyirsiniz...
– Daha çox açıq-saçıq geyimlər...
– Mənim üçün birinci musiqi və onun keyfiyyətidir. Əgər obraz tələb edirsə, həddini aşmamaq şərtilə mən də cəsarətli geyimlərlə və kliplərlə izləyicilərin qarşısına çıxaram.
– Sizi “Eurovision”da Azərbaycanı təmsil edən xanım müğənnilərimizdən fərqləndirən nədir?
– Ümumiyyətlə, hamımız fərqliyik. Hər insanın özünə görə dünyagörüşü, tipajı, xarakteristikası var. Ona görə kəskin fərqlənirik.
– Müsabiqəyə az qalıb, ancaq ortada nə mahnı, nə də klip var...
– Hazırda mahnının final versiyasının yazılması üçün İngiltərəyə yollanıram. Daha sonra klip çəkilişlərimiz başlanır. Fevralın sonunda klip də, mahnı da, səhnə şousu da hazırlanacaq. Əlavə heç bir informasiya verə bilmərəm.
– İddia edirlər ki, sizin müsabiqədəki prodüseriniz Filip Kirkorovdur...
– Bu barədə informasiya verə bilmərəm. Martın əvvəlini gözləmək lazımdır.
– Promo-turlar çərçivəsində hansı ölkələrdə olacaqsınız?
– Hələlik bu barədə məlumat verilməyib.
– “Eurovision”ın başqa ölkələrdən olan fanlarından reaksiya alırsınız?
– Mənə müxtəlif ölkələrdən – Malta, İsveçrədən yazırlar. Reaksiyaları çox yaxşıdır.
– Bəs bizim vətəndaşlarımız?
– Onlardan da hələlik neqativ heç nə görməmişəm (gülür).
– Bir qadın kimi özünüzü güclü hiss edirsinizmi və bu gücü hardan alırsınız? Sizə nə özünüzü güclü hiss etdirir?
– Bəli, özümü bir qadın kimi güclü hiss edirəm. Bu hisslər məndə nə dünən, nə də bu gün yaranıb. Uşaqlıqdan özümdə spesifik bir güc hiss edirəm və inanıram ki, bu, məndə ömürlük qalacaq.
– Nədən ilhamlanırsınız? Sizə nə enerji verir?
– Heyvanları çox sevirəm. On ildən çoxdur onların müdafiəsi ilə bağlı işlər görürəm. Təbiətdən ilhamlanıram. Yoqa ilə məşğulam. Bu da mənə enerji verir.
– Sizə müsabiqədə də enerjili günlər və uğurlar arzu edirəm. Bu qaçaqaçda vaxt ayırdığınız üçün ayrıca təşəkkürlər.
– Müsahibə üçün mən təşəkkür edirəm. Bilirəm ki, çiyinlərimə böyük bir məsuliyyət və yük düşüb. Çalışacam, gördüyüm işin öhdəsindən layiqincə gəlim...