Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışır. Bunun üçün isə min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Toydan, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan.
Mynews.az Lent.az-a istinadən müsahibəni təqdim edir.
- Səmimi etiraf edəcəm, düz 1 həftədir ki, məşqlərə başlamışam. Təxminən 5 aydır, məşq etmirdim. Amma 7-8 ilə yaxın fitneslə məşğul olmuşam. Sadəcə, 5 ay tənbəllik edirdim. Hazırda da onun əziyyətini çəkirəm. Bir ara çox kökəlmişdim.
- Ən kök halın nə zaman olub?
- Əslində, mən çox arıq görünməyi sevmirəm. Hazırda 3 kilo arıqlamağı düşünürəm. İndi 60 kiloyam, 57 kilo olum, bəsimdi. Çünki çox arıq olmaq da mənə yaraşmır. Elə xanımlar var, zala gəlirlər, qarşılarına məqsəd qoyurlar ki, 42-43 kilo olacaqlar.
- Həftədə neçə dəfə məşqə gəlməyi planlaşdırırsan?
- Məşqçim Səbinə xanım dedi ki, hələlik 3 dəfə gəlməliyəm. Bir aydan sonra həftədə 4 dəfə, sonra çalışıb hər gün məşqə gəlməliyəm.
- Toylardan vaxt tapa biləcəksən?
- Əslində, mən idmana axşamlar gəlməyi sevmirəm. Ancaq səhərlər məşq edirəm. Səhərlər idmana gəlməyin bir şeyi yaxşıdır ki, günü necə başlayırsansa, elə də bitir. Səhərlər əziyyət çəkirəm. Zaldan çıxandan sonra yemək yeməyə çəkinirəm. Çünki idmanda əziyyət çəkirəm.
- Normalda səhər saat neçədə yuxudan durursan?
- Artıq 3 ildir ki, səhər onun yarısı yuxudan dururam. Səhər duran kimi mütləq yemək yeyirəm. Çünki ən sevdiyim səhər yeməyidi. Səhər yeməyi yeyəndə tez acıram. Amma yeməyəndə, qəhvə içəndə gec acıram.
- İdmana başlayandan pəhriz saxlayırsan? Yoxsa...
- Bu günə qədər pəhriz saxlamamışam. Hələlik mənə həvəs gəlib, yeməklərimə diqqət eləyirəm. Ümumiyyətlə, insan gərək yeməməyi bacarsın. Çalışıram ki, yağlı yeməklərdən az yeyim. Çörəyi də azaltmışam. Demək olar, 2 gündür çörək yemirəm. Hər gün soyutma toyuq, qarabaşaq yarması bişirirəm. Arada kartof qızartması da yeyirəm (gülür). Bilirəm ki, qızartma olmaz, kaloridi. Amma biz bütün günü hərəkətdə oluruq, yoruluruq. Ona görə də qidalanmalıyıq.
- Elə məşhurlarımız var ki, arıqlamaq üçün xüsusi dərmanlardan istifadə edir...
- Yox, yox mən dərmanın əleyhinəyəm. Mənə yaxın olan bir xanım var, o da dərmanla arıqlamağa başlamışdı. Dərmanı atan kimi gözü yaşarırdı, ona istilik gəlirdi. Bir sözlə, pis hala qalırdı. Ona baxıb pis olurdum. Deyirdim, bu nəyə lazımdır axı? Ola bilər ki, arıqlatsın, amma onun ziyanlı tərəfləri də var. Dərmanı da atandan sonra adamda kökəlmə başlayır.
- Bir çoxları da iddia edir ki, Günay İbrahimli bir neçə dəfə əməliyyat olunub?
- Son zamanlar məndən soruşurlar ki, bu üzünü kim əməliyyat edib? Üzümü, qaşımı əməliyyat etdirdiyimi deyənlər var. Mən plastik əməliyyatlara pis baxmıram. Amma hazırda əməliyyata ehtiyacım yoxdursa, niyə etdirməliyəm? Hər şey zamanında gözəldir. Yaşım artandan sonra üzümdə qırışlar olarsa, etdirərəm. Hələ 27 yaşım var, ehtiyacım yoxdur. Bircə burnumu əməliyyat etdirmişəm.
- İdmanın hansı növlərinə marağın var?
- Hər növünə marağım var. Amma futbolu izləməyi sevirəm. Xoşum gəlir ki, kollektiv formada futbola baxaq. Voleybolu da sevirəm. İllər öncə voleybolla, tennislə də məşğul olmuşam. Amma hazırda yalnız fitneslə məşğul oluram. Çünki idman sağlamlıqdır.
- Hansısa kluba azarkeşlik edirsən?
- Hər zaman “Real Madrid” azarkeşi olmuşam. Amma son vaxtlar “Barselona” tərəfə keçmişəm (gülür).
- Bir az da şou-biznesdən danışaq...
- İndi şou-biznes dəyişilib. Bir az başqa cür olub. Mən başa düşə bilmirəm. Əvvəllər şou-biznesi sevirdim. İndi marağım ölüb. Elə bil, sosial şəbəkə olandan sonra hamının işi asanlaşıb. Hamı bir video çəkir, olur məşhur. Əvvəl necə idi? Demirəm ki, mən qocalmışam, amma əvvəl daha maraqlı idi. Feysbuk, “İnstagram” yox idi, daha maraqlı idi. İndi təqdimatlar yalnız “İnstagram”da olur. Bilmirəm, 5 ildən sonra necə olacaq, amma hazırkı şou aləmini sevmirəm.
- Şou aləmində yolunu bağlamaq istəyənlər varmı?
- Hamının həyatında düşmənləri var. Kimlərsə yolu bağlamaq istəyir. Bu da normaldır. Nə qədər ki, burdan yolu kəsirlər, Allah o tərəfdən yol açır. Sadəcə, pislik edən insanları anlaya bilmirəm. İndi başqa cür olmuşam. Hər şeyi boş vermişəm. Başqa Günay olmuşam. Həyatımı proqrama salmışam. Əvvəlki kimi hamı ilə dostluq etmirəm. Nə qədər uzaq olsan, o qədər də hörmətli olursan.
- Müğənni Elçin Hüseynov “APA TV”-nin “Show time” verilişində qonaq olanda dedi ki, oğlumun müğənni qızla ailə qurmasını istəmərəm. Bu fikrə münasibətin necədir?
- Niyə görəsən? Belə bir söz var: heç vaxt heç vaxt demə. Həyatda hər şey olur. Niyə də yox? Burda nə var ki? Biz özümüz də müğənniyik. Adi həyatda o qədər hadisələr baş verir ki... Sosial şəbəkədə yazılır ki, qardaş qardaşı öldürdü, bacı bacısını vurdu. Yəni bunu edən müğənnilər deyil. Əgər bir insan tərbiyəsiz, əxlaqsızdırsa, onun peşəsinə aidiyyəti yoxdur.
- Gələcəkdə Türkiyə şou-biznesinə qatılmaq niyyətin varmı?
- Qəti şəkildə yox. Orda klip çəkdirəcəm. Amma onların o qədər müğənniləri var ki, heç vaxt bizim müğənniləri qəbul etməzlər.
- Azərbaycandan gedib Türkiyədə tanınan varmı?
- Məncə yoxdur. Bircə Azəri Güneldir. Türkiyədə olanda taksidə, alış-veriş məkanlarında olanda soruşmuşam. Bircə Azəri Güneli, bir də xalq artistimiz Zeynəb Xanlarovanı tanıyırlar. Mən heç bir zaman Türkiyə şou-biznesinə pul xərcləmərəm. Orda azərbaycanlılar üçün konsert verərəm, amma tanınmaq yox.
- Müğənnilərin özlərinə “Nömrə 1” deməsinə münasibətin necədir bəs?
- İndi “Nömrə 1” yoxdur. Əl çəkin. Bu dəqiqə hamı özünə görə “Nömrə 1”dir. Həqiqətən “Nömrə 1” yoxdur. İndi kütlələr, təbəqələr var. Müğənni var ki, mahnılarına milyonlara baxış sayı gəlir. Baxın, həmin müğənninin də öz kütləsi var. Məni toya çağıran adam onu toya çağırmır. Artıq 2 ildən çoxdur ki, Azərbaycanda “Nömrə 1” müğənni yoxdur. Bu, həm qadın, həm də kişi müğənnilər üçün keçərlidir.
Fotoların müəllifi Niko Abbasovdur: