Ötən həftə “Lider TV”də yayımlanan “Evimin qonaqları” adlı proqramda aparıcı Sərxan Kərəmoğlunun qonağı olan müğənni Mətanət Əsədovanı öpüşlərə qərq edərək, erotik məzmunlu ifadələr işlətməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Aparıcının Mətanəti öpərək “Ay Allah, nədir bu? Baldı, bal! Nə gözəl parfum vurub gəlmisən. Parfumunun dadı, özünün dadı, bədəninin dadı… 18 plyusdur, artıq hər şey eləmək olar” ifadələri sosial şəbəkədə hiddət doğurdu. Hər kəs bunu tərbiyəsizlik kimi qələmə verdi. Qeyd edək ki, oxşar hadisə bir müddət öncə, ATV telekanalında yayımlanan “Zaurla Günaydın” verilişində də yaşanıb. “Yatan” qadının sosiska ilə oyadılması etirazla qarşılandı və aparıcı Zaurun reklam xatirinə atdığı bu addım biabırçılıq hesab edərək, “pornoqrafiya” adlandırdılar.
Məsələ burasındadır ki, efir məkanında bu cür oxşar hadisələr tez-tez təkrarlanır.
Mynews.az bildirir ki, Yenicag.az ictimaiyyətin narazılığı ilə qarşılanan bu hallarla bağlı tanınmış simaların mövqeyini öyrənib.
Televiziya mütəxəssisi Zeynal Məmmədli hesab edir ki, bu tip verilişlər cəmiyyətin bütün təbəqələrini sağalmaz virusa yoluxdurur:
“Efirdə stereotipləri sındırmaq gözləniləndir. Buna görə də verilişlərin formatına uyğun qırmızı xətt müəyyən olunmalıdır. Bu məsuliyyət də birbaşa prodüser, menecer, eyni zamanda telekanal rəhbərliyinin üzərinə düşür. Təəssüf ki, telekanallarda yayımlanan bu tip verilişlərdə qırmızı xətt yoxdur. Qırmızı xətt bəlli olmadığı üçün də aparıcılar istədiyini etmək üçün fürsət qazanır, nəticədə qüsurlar üzə çıxır. Bu, bir virusa bənzəyir. Öldürücü xəstəlik deyil, amma yavaş-yavaş mədəniyyətsizliyi cəmiyyətin bütün təbəqələrinə yoluxdurur. Nəticədə, həmin orqanlar tədricən zəifləyir, sonda orqanizm öldürücü xəstəlik olan xərçəngə tutulur. Əgər biz örnək ola bilmiriksə, heç olmasa gəlin, örnək haqqında təsəvvürləri korlamayaq”.
Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli efirin reytinq xatirinə “zibilləndiyini” bildirib:
“Bunun bir adı var – biabırçılıq. Baxırsan aparıcılara nə oturuşlarını bilirlər, nə duruşlarını, nə də danışıqlarını. Efirdə şit-şit hərəkətlər edir, hoppanıb-düşür, qaqqıldaşıb gülür, ağızlarına gələni danışırlar. Biz azərbaycanlıyıq, milli dəyərlərimiz, əxlaq normalarımız var. Efirdə elə qeyri-etik ifadələr səsləndirirlər ki… Adam az qalır xəcalətindən yerə girsin. Bu aparıcılar reytinq xatirinə efiri “zibilləndirib”, tərbiyəsizlik edirlər. Bunlara nəzarət edən yoxdur? Efirə uşaq, qadın, qoca, xəstə baxır. Xəstə adam belə verilişlərə baxıb, əsəbindən xəstəxanalıq olar. Efir güzgüdür, uşaq həmin güzgüyə baxıb, gördüklərini mənimsəyəcək. Belə aparıcılardan ədəbsizlikdən, tərbiyəsizlikdən başqa nə görüb-götürəcəklər? Mütləq bunun qarşısı alınmalıdır”.
“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bildirdi ki, efiri bürüyən bu rəzalət məqsədli siyasətin nəticəsidir:
“Qeyd etdiyiniz verilişdə baş verən biabırçılıq nə qədər hiddət doğursa da, bunu sadəcə, o aparıcı ilə müğənninin ifrat sərbəstliyi ilə əlaqələndirmək doğru olmazdı. Burada söhbət düşünülmüş plan əsasında həyata keçirilən məqsədli siyasətdən və bütünlüklə milli ruhun öldürülməsinə hesablanıb. Söhbət həm də tək bu verilişdən getmir. Digər telekanallarda da vurğuladığımız siyasət bu və ya başqa formada həyata keçirilir. Məqsəd bu milləti özünün əsrlər boyu yaşatdığı dəyərlərdən iyrəndirmək, milli şüurun inkafının qarşısını almaq, müstəmləkə dövrü üçün xiffəti gücləndirmək və XII Ordunun Azərbaycana daxil olması zərurətini aşılamaqdır. Buna fərqli qiymət vermək mümkün deyil. Təsəvvür edin ki, 2018-ci il ən yüksək səviyyədə Cümhuriyyət ili elan olunsa da, telekanalların fəaliyyəti milli ideyaların və cümhuriyyətçilik düşüncəsinin aşılanmasına, nəticə etibarilə sıradan çıxmasına yönəlib. Bu rəzalət neçə gün əvvəl ortaya çıxsa da, o verilişin yayımlandığı telekanal və rəzil səhnənin iştirakçıları barəsində hər hansı tədbirin görülməməsi yuxarıda söylədiklərimizi təsdiqləyir. Ancaq bu millət öz dəyərlərini və qanı bahasına əldə etdiyi Cümhuriyyətini qorumaq gücündədir. Belə iyrənc üsullarla onu başqa səmtə yönləndirmək mümkün deyil və olmayacaq”.
Tanınmış şair Vahid Əziz özünü apara bilməyən, səviyyəsi, zəkası, bacarığı olmayan aparıcıları efirdən uzaqlaşdırmağı tövsiyə edir:
“Aparıcının səviyyəsini, bilik və qabiliyyətini yoxlayıb, sonradan efirə buraxmaq lazımdır. Bunlar efir etikasından xəbərsiz insanlardır. Danışığını bilməyən, əxlaq normalarını gözləməyən, erotik məzmunlu ifadələrlə uşaqların tərbiyəsinə mənfi təsir göstərən belə aparıcılar telekanallardan kənarlaşdırılmalıdır. Başa düşürəm, reytinq qazanmaq istəyirlər. Amma bunun üçün müəyyən vaxta riayət etmək lazımdır. Uşaq məktəbdən gəlir, atası ilə birgə “abort”dan, hamiləlikdən bəhs edən verilişə baxır. Uşaq atadan soruşur ki, ata, “abort” nə deməkdir? Ayıbdır, hər şeyin bir həddi olmalıdır axı. Reytinq naminə bu milləti qurban vermək olmaz axı. İndi çoxu məni qınayacaq ki, xoşun gəlmir, verilişlərə baxma. Mən onsuz da yerli telekanalların çoxuna baxmıram. Amma bu millət baxır axı”.
Məsələyə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbənin müdiri Təvəkkül Dadaşovun da münasibətini öyrəndik.
Şöbə müdiri telekanalların müntəzəm monitorinqini apardıqlarını, qayda pozuntusu aşkarlandığı halda, ölçü götürdüklərini qeyd edib:
“Biz vaxtaşırı telekanallarla bağlı monitorinqlər aparırıq. Hər hansı qayda pozuntusu aşkarlandığı halda, dərhal məsələyə müdaxilə edib, ölçü götürürük. Bu günlərdə Lider Televiziyasında yayımlanan verilişin kadrlarını da izlədik (Aparıcı Sərxan Kərəmoğlunun «Evimin qonaqları» verilişində gedən «aparıcı-müğənni mehribançılığı» nəzərdə tutulur- C.). Erotik məzmunlu ifadələrin şahidi olduq. Bizim qaydalara görə, əgər belə ifadələr gecə saat 23:00-a qədər işlədilibsə, bunu qayda pozuntusu kimi aşkarlayırıq. Veriliş gecə saat 23:00-dan sonra efirə getdiyi halda işlədilən hər hansı erotik ifadələr bizim qaydaları pozmur.”