Əməkdar artist Rasim Cəfərovun milli.az-müsahibəsi.
- Rasim bəy, teatr və kino sahəsində gördüyünüz işlərlə həmkarlarınızdan daha çox fərqlənirsiniz. Amma həmişə təvazökarlığınızı qoruyub saxlamısınız. Təvazökarlığınız işlərinizdə sizə mane olmur ki?
- Xeyr, əksinə. Təvazökarlıq uşaq xasiyyətimi saxlamaqda mənə çox köməklik edir. Aktyor bir növ uşaq kimi olmalıdır. Oynadığı rola inanması üçün bu vacib amildir.
- Sizi Hollivud aktyoru Edrian Brodiyə oxşadırlar. Heç düşünmüsünüzmü Hollivudda dünyaya gəlsəydim, həyatım başqa cür olardı?
- Bəzən bu barədə fikirləşirəm. Mən ilk dəfə filmə 2007-ci ildə çəkilmişəm. Maraqlısı burasındadır ki, bu vaxta kimi hansı kastinqə gedirdim, məni çəkmirdilər ki, sən bizim qəhrəman deyilsən. Mən Avropada yaşasaydım, yaxşı menecerim olsaydı, Edrian Brodi ilə mübarizə aparardım.
- Teatrda vəziyyət necədir?
- Şəxsən bizim Gənc Tamaşaçılar Teatrında vəziyyət çox yaxşıdır, işlər dayanmır, gedir. Yeni-yeni əsərlər hazırlayırıq.
- Teatr, yoxsa kino? Özünüzü hansında tapırsınız?
- Mən İncəsənət Universitetinə sənədlərimi verəndə də kino ixtisasına daxil olmaq istəyirdim. Kinonu nədənsə daha çox sevirəm. Kino meydançasında yaşayıram. Orada mən özüməm. Çəkiliş meydançasında aktyorluqdan tutmuş hər bir işi görməyə hazıram.
- "Qafqaz" qısametrajlı filmi sizi həm də sosial şəbəkədə çox məşhurlaşdırdı. Yaratdığınız obraz barəsində nə deyə bilərsiniz?
- Filmin rejissoru Arif Mərdan idi. Filmi çox qısa müddətdə çəkdik. Mənim oynadığım personajın unutqanlığı məni yandırırdı. Çünki onun başına olmazın oyunlar açılmışdı. O, yenə də hər şeyi unutmuşdu.
- Bəs Rasim Cəfər necə, unutqan insandır?
- Bağışlaya bilirəm, tez unuduram. Amma hər şeyi yox.
- Nəyi bağışlamırsız?
- Filmdən götürsək, mənə qarşı pislik edənləri heç vaxt bağışlamaram.
- Öyrədən aktyorsunuz, yoxsa gizlədən?
- Mən həmişə öyrəndiklərimi kimlərləsə bölüşməyi xoşlayıram. Həmişə deyirlər ki, tərəf müqabili kimi səninlə oynamaq asandır.
- Aktyor necə olmalıdır?
- Aktyor özünü tanıyanda, mütaliə edəndə, inkişafda olanda yaxşı aktyor olur. "Burda mənəm Bağdadda kor xəlifə" desən, demək ki, hər şey çoxdan bitib.
- Alınana kimi çox əziyyət çəkmisiz, bəs həmin vaxtda alınmadı deyib, ruhdan düşüb getmək istədiyiniz hal baş verib?
- Xeyr! Mən 1996-cı ildən bu günə qədər teatrlarda işləmişəm. Həmişə də kastinqə getmişəm. Bəzən aktyorlar şikayətlənir ki, bizi kastinqə dəvət etmirlər. Sənin həm prodüsserin, həm də menecerin özünsən. Loru dildə desək, özünü rejissora satmağı bacarmalısan. Bizə bir əcnəbi rejissor gəlmişdi, kastinq edirdi. Mən də getdim kastinqə. O, mənə çox tapşırıqlar verdi, hamısını da yerinə yetirdim. Rejissor mənə dedi ki, mən sizin aktyorlara deyirəm ki, mənə bir etüd göstərin, mənə deyirlər ki, durub mən sizə etüd göstərməliyəm? Məgər mən özümü təsdiq etməmişəm? Bu rejissorun birbaşa peşəsidir. O, aktyorun xətrinə dəyməməlidir. Xaricdə məşhur aktyorlar özlərini çəkib rejissora göndərirlər ki, xahiş edirik bir buna bax. Bəlkə filan rola məni çəkəsən? Amma bizdə nədənsə əksinədir.