Hədiyyə çox vaxt onu hədiyyə etmiş şəxs barədə xoş xatirələrin yadda qalmasına xidmət edir. Çox illər keçsə belə, hədiyyə olunmuş əşya və ya hər hansı bir predmet unudulmaz xoş dəqiqələri xatırlatma gücünə malikdir.
Aparılan araşdırmalara rəğmən, yenə də hədiyənin nə olması sualına cavab olaraq müxtəlif fikirlər bildirilmişdir. Hər bir qadının isə özünəməxsus istəkləri var:
34% – hədiyyə olaraq hər hansı bir əşya – simvol gözləyir;
27% – bahalı kosmetik vasitələr – ətir və s.;
13% – geyim və ya aksessuarlar;
11% – onlar üçün fərq etməz. Onlar, “Sən mənim ən gözəl hədiyyəmsən” – fikrindədirlər;
9% – güllərə və şirniyyatlara üstünlük verir;
3% – hədiyyə olaraq pul almağı tərcih edirlər...
Bəs məşhur xanımlarımız hansı hədiyyə almağı daha çox sevirlər?
Mynews.az xəbər verir ki, oxu.az 8 mart – Beynəlxalq qadınlar günü tanınmış xanımlarımızın hədiyyə istəklərini sizə təqdim edir:
Aparıcı Günel Hümbətova:
“İlk növbədə deyim ki, 8 martı “Instagram” səhifəmdə müsabiqə elan edib, qalib seçilən xanımlarla keçirəcəyəm. Hədiyyənin böyüyü-kiçiyi olmur. Mənim üçün əsas sevgidir, isti münasibətdir və hədiyyə olunan şeyin ürəkdən verilməyidir. Hədiyyə qəbul etmək üçün özəl günləri gözləmirəm. Həyat yoldaşım həmişə mənə hədiyyə edir. Gözləmədiyim anlarda sürprizlərlə qarşılaşıram. Deməyim odur ki, xüsusi günlərə ehtiyacım yoxdur”.\
Əməkdar artist Tünzalə Ağayeva:
“Səyahətə çıxmaq – Bu, mənim ən sevdiyim hədiyyədir”.
Rəqqasə Fatimə Fətəliyeva:
“8 mart günü ən çox bəyəndiyim qızıldan olan hədiyyələrdir”.
Şairə Nazilə Səfərli:
“Səyahət paketi olsa, pis olmazdı. Çox da bahalı yox, Dominikana istəyərdim. Çox uzağa yox, Havay adalarına səyahət paketi hədiyyə olunsaydı, sevə-sevə götürərdim”.
Müğənni Günay İbrahimli:
“Mən hədiyyə olaraq ən çox gülü və parfümü sevirəm. Bu hədiyyələr məni həmişə xoşbəxt edir”.
Aktrisa Xumar Səlimova:
“Həmişə səyahəti xoşlamışam. İndi də bir həftə istirahət istəyərdim. Onu da yəqin ki, özüm-özümə hədiyyə edəcəm. Gül, qızılı heç sevmirəm. Üstümdə heç vaxt bunları görə bilməzsiniz. Elə şeylər mənə hədiyyə veriləndə deyirəm ki, mənə səyahət paketi hədiyyə edin”.