Müğənni Damlanın Yenicag.az-ın suallarını cavablandırıb.
– Qısa vaxtda şou-biznes aləminin gündəmini bir-birinə vurdun. Yəqin ki, bu, ətrafında paxılların da sayını artırdı?
– Əslində, ətrafımda paxıllar varmı, yoxmu, heç bu barədə düşünmürəm də. Yəqin ki, var. Sadəcə olaraq, başımı aşağı salıb, işimlə məşğulam. Çevrə mənim üçün maraqlı deyil.
– Bir ara sevgilinin sənə avtomobil bağışladığını, sonradan əlindən aldığı barədə xəbərlər yayıldı. Amma sən cavab vermədin, susdun.
– Belə şeylər məni qətiyyən nə maraqlandırır, nə də ruhdan salır. Çünki yalan söhbətlərdir. Kimlərinsə sifarişi ilə yayılan xəbərlərdir.
– Məqsəd nə idi ki?
– Mən sevgiyə də, dostluğa da ayrıca dəyər verən xanımam. Danışan insanlar sənətimdə qüsur tapa bilmədikləri üçün keçdilər özəl məsələlərə. İnanın ki, heç onların nə danışdıqları mənə maraqlı da deyil. Danışdıqları özlərinə qalsın və nə qədər istəyirlər danışsınlar.
– Cazibədar qadın kimi yəqin sənə sevgi etirafları da çoxdur?
– Əlbəttə olur.
– Reaksiyan necə olur bəs, onların sevgilərinə cavab verirsənmi?
– Ümid vermirəm.
– Hər bir qadının xəyal etdiyi bir kişi olur. Xəyallarının kişisinə rast gəlmisən, yoxsa?
– Damlanı Damla kimi sevən kişi hələ qarşıma çıxmayıb. Damla ulduzdur, məşhur müğənnidir deyə, onun yanında olmağa can atanlar var. Elə bu saxtakarlığı hiss etdiyim üçün yalnızlığımla baş-başayam. Buna görə də səhnədəki Damlanı yox, həyatdakı Damlanı sevən biri yanımda ola bilər.
– Kişilərdə ən çox hansı xüsusiyyəti dəyərləndirirsən?
– Dürüst olsun və yalansız sevsin.
– Həm də pulu olsun, eləmi?
– Deyə bilmərəm ki, pul həyatda hər şeydir. Xeyr, elə bir möhtəşəm sevgi yaşada bilər ki, mən onu milyonlar töksəm də əldə edə bilmərəm. Mənə elə bir kişi lazımdır ki, qadınlığımı xatırlatsın, duyğularıma təsir edə bilsin, məni özüm olduğum üçün sevsin.
– Heç sevgisinə cavab vermədiyin insanların təzyiqinə tuş gəlmisən?
– Çox dəliqanlı sevgilər görmüşəm. Hər xanımda olur, kimsə dalınca düşür, qəlbini ələ almaq üçün mübarizə aparır. Mən heç bir oğlana ümid vermirəm ki, sonradan mənimlə qanlı-bıçaq olsun. Anındaca, kəsdirib atıram, heç ümidə ehtiyac da qalmır.
– Heç dəli bir sevgi yaşamısanmı?
– Sən demə, bu, heç dəli sevgi olmayıb. Keçən ilkinə baxanda, deyirəm ki, bəli, dəli-dolu sevgini yaşadım. Amma indi baxıb görürəm ki, yanılmışam.
– Sevdiyin insan səni sənətindən uzaqlaşdırsa, razılaşarsan?
– Heç bir zaman sənətimi atmaram. Məni müğənni kimi görüb, sevən adam məni sonradan bu sənətdən uzaqlaşdıracaqsa, demək ki, beynində problemləri olan insandır.
– Göz yaşları ovcunun içində olan qadınlardansan?
– Bəli.
– Bəs depressiyadan necə çıxırsan?
– Dostlarım sağ olsunlar. Məni hər zaman yaşadığım streslərdən çıxarıblar, yanımda olublar.