Əməkdar artist "Küçədəki qadınlar başıma yığışıb ağlayırlar" - FOTO

818
Əməkdar artist "Küçədəki qadınlar başıma yığışıb ağlayırlar" - FOTO

Əməkdar artist Gülər Nəbiyevanın Milli.Az-a müsahibəsi.

- Gülər xanım, teatrda çalışırsınız, filmə çəkilirsiniz. Hansı sizə daha əzizdir?

- Əlbəttə ki, hər ikisi. İşləməyi sevirəm, öz işimdən həzz almağı bacarıram.

- Ən çox hansından qazanırsınız?

- Mənim üçün maddiyat yox, mənəviyyat daha üstündür. Təbii ki, yaşamaq üçün maddiyat da lazımdır. Amma maddiyat mənim üçün lap axırıncı seçimdir.

- Səhv etmirəmsə, həm də pedaqoq kimi fəaliyyət göstərirsiniz. Harda dərs deyirsiniz?

- 2001-ci ildə müasir təhsil kompleksi fəaliyyətə başladı. Rejissorumuz Cənnət Səlimova da orda işləyirdi. O, mənə dedi ki, istərdim ki, sən şagirdlərə ritorikanı, təmsili, şeiri öyrədəsən. O qədər istedadlı uşaqlarımız var ki...

- Teatrda vəziyyət necədir?

- Şükür Allaha, yaxşıdır vəziyyət. Yeni tamaşalar hazırlanır, biz də oynayırıq. Son dəfə elə teatrda "Eşqi Nigar" tamaşası hazırlandı. Bundan başqa digər tamaşalar da hazırlanır.

- Nigarı siz oynayırsınız?

- Xeyr, Nigar rolunu aktrisamız Zülfiyyə Alhüseynova oynayır. Koroğlu rolunu isə aktyorumuz Manaf Dadaşov.

- Adətən sənətçilər özləri oynamadığı tamaşa haqqında məlumat verməkdən çəkinirlər. Siz isə asanlıqla danışırsınız.

- Səhnənin tozunu udan hər bir insanı alqışlamaq lazımdır. Çünki bu səhnədə istedadlı insanlar işləyir. Çox insanlar gəlir, amma hamısı baş apara bilmir. Mən heç vaxt aktrisa olmaq istəməmişdim. Həmişə deyirdilər ki, hansı fakültəni istəyirsən? Deyirdim ki, Əminə Yusifqızının şeir dediyi fakültəni (gülür).

- Hal-hazırda "Ögey ana" serialında çəkilirsiniz. Bu serialdan öncə "Məryəm" serialında oynadınız. Bu iki serialı müqayisə etsək, hansı çəkidə daha ağır gələr?

- Bu ssenarinin gedişatından asılıdır. "Məryəm" serialındakı mövzu ilə "Ögey ana" serialındakı mövzu tamam başqadır. "Ögey ana" serialında bütün hadisələr ögey ananın evə gəlməsi ilə bağlıdır. Bu serial eyniadlı film kimi uğurlu ola bilər. Bundan əlavə mövzu da çox aktualdır. Amma onu da unutmaq olmaz ki, ögey anaların hamısı qəddar deyildir!

- Serialdakı tərəf müqabillərinizdən razısınız?

- Bəli, razıyam. Götürək elə mənim qızımı oynayan aktrisa Raksana İmiri. İlk dəfədir ki, onunla tərəf müqabiliyəm. Bir-birimizi tamamlayırıq, başa düşə bilirik. Əgər tərəf müqabilin səni eşidirsə, oyunundan nəticə çıxarırsa, bu, deməli aktyorun uğurudur.

- Gənc həmkarlarınız çəkiliş prossesində sizdən nələrsə öyrənirlər?

- Əlbəttə! Görürəm ki, nəyisə düzgün etmirlərsə, müdaxilə edirəm. Elə etmək lazımdır ki, tamaşaçılar səni başa düşsün.

- Qayıdaq öz həyatınıza. Gülər xanım həyatda necə biridir?

- Kitab oxumağı, şeir əzbərləməyi sevirəm, tez-tez səyahətə gedirəm.

- Çevrənizdə kimlər var?

- Həyatda dost tanışım çoxdur. Onlar çətin günlərimdə mənə həmişə dəstək olublar.

- Gözəl xanımsınız, əks bir rol-vulqar qadın obrazı oynayardınız?

- Oynamışam da.

- Peşman olmamısız?

- Xeyr, peşman olmamışam. Mənim üçün əsas qadın xarakteri idi. Xarakterli obrazları çox sevirəm. Həmin oynadığım Rayada da elə şeylər var idi ki, mən dünyasında elə olmaq istəməzdim.

- Bu gün də dəvət olunsanız, oynayardınız?

- Əlbəttə, oynayardım.

- Amma elə aktrisalar var ki, deyir heç vaxt oynamaram. Çünki onlar ictimai qınaqdan qorxurlar.

- Əlbəttə ki, mənim üçün də sərhəd var. Bu obraz dolğun bir obrazdır, kimlərəsə yol göstərir. Həyatda hər cür insanlar var. Onların hamısını oynamaq lazımdır. Biz, onsuz da, o rolların hamısını oynayırıq. Məni qadınlar küçədə görəndə başıma yığışır, oturub ağlayırlar, deyirlər ki, bu, bizim həyatımızdır, amma siz oynayırsınız.

Əməkdar artist: "Küçədəki qadınlar başıma yığışıb ağlayırlar" - FOTO

Xəbər lenti