Reper Anar Nağılbazın atası, Milli Məclisin sabiq deputatı Rizvan Cəbiyev keçmiş gəlini Anjelika Cəbiyevanın onun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqda xəbərlərə aydınlıq gətirib.
Mynews.az-ın məlumatına görə, sabiq deputat AzVision.az-a açıqlama verərək bildirib ki, o, Anjelikanın hərəkətlərindən bezdiyi üçün daxili işlər nazirinə müraciət edib, barəsində qanun çərçivəsində tədbirin görülməsini xahiş edib.
“Mən ərizə ilə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Oğlumun şikayət ərizələrinə Səbail və Abşeron rayon Polis İdarələrindən müsbət cavab almamışdıq. Bizə dedilər ki, Anjelikanın hərəkətlərində cinayət tərkibi yoxdur, gedin, məhkəməyə müraciət edin. Əslində oğlumun biabırçı videosunu yayıblar, onu el içində rüsvay ediblər. İstəyirdim ki, bunu yayan adam qanun qarşısında cavab versin. Nazir müraciətimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərdi. Oradan hər ikimizi çağırıb izahat aldılar. Aydınlaşdırma apardılar. Qərarı müstəntiq verəcək. Ondan sonra görüşməmişik”, - deyə reperin atası bildirib.
R.Cəbiyev ailəsinin keçmiş gəlini ilə yaranmış mübahisələrə görə psixoloji zərbə aldığını söyləyib:
“Əslində mən onun işlərinə qarışmamışam. Ancaq bizi o qədər bezdirdi ki, nazirə müraciət etdim. İstədim ki, buna bir dəfəlik son qoyulsun. Ailəm bu məsələlərdən psixoloji zərbə alır. Yoldaşım da, mən də xəstə adamlarıq. Onun yalanlarını görüb daha da pis oluruq. Mən ona pislik istəmirəm, arzulamaram da. Amma yalan danışmaq yaxşı hərəkət deyil. Nəvələrimə həmişə biz baxmışıq, bu gündən sonra da baxmağa hazırıq. Anjelikanın bir məqsədi var, bu da bizdən ev almaqdır. Deyirəm ki, qızım, sənə ev düşürsə, get məhkəməyə müraciət et, mən bir söz demirəm”.
Keçmiş deputat oğlunun intim görüntülərinin Anjelika tərəfindən yayıldığını hesab edir: “Onu ailəmin üzvü hesab etmişəm Belə hərəkətlər etməsi məni çox üzür. Sonuncu dəfə videonu yayanda zəng vurub, yaxşı hərəkət etmədiklərini dedim. Bundan xəbərsiz olduğunu dedi. Həmin video ondan başqa heç kimdə olmayıb. Anjelika və bacısı 7 il ərzində həmin video ilə Anarı şantaj edib. Yaxşı iş tutmadılar. Mən uşaqlardan imtina etməmişəm. Onlara yenə kömək etməyə hazıram. 2017-ci ilin noyabr ayına qədər uşaqların aliment pulunu, evlərinin kirayəsini, ərzaqlarını, pal-paltarlarını mən alıb vermişəm. Noyabr ayında ürəyimdən əməliyyat olunmalıydım. Ona dedim ki, başqa yerdən gəlirim olmadığını bilirsən. Gəl, noyabr, dekabr ayında aliment pulunu verim, ancaq digər yardımları iki aylıq dayandırım. Əməliyyatdan sonra həmin qayda ilə sizə kömək edərəm. Ev satılandan sonra payınızı da alarsınz. Razılaşmadı. Söz-söhbət bundan sonra başladı”.