Azərbaycanlı aktrisa rejissor həyat yoldaşının xəyanətindən danışdı "Teatrda nə etdilər bilmirəm, beyni tamam dəyişdi" - FOTO

1093
Azərbaycanlı aktrisa rejissor həyat yoldaşının xəyanətindən danışdı "Teatrda nə etdilər bilmirəm, beyni tamam dəyişdi" - FOTO

Əməkdar artist Gülşad Baxşıyevanın Milli.Az-a müsahibəsi.

- Gülşad xanım, istərdim lap uzaqlara, uşaqlığınıza qayıdaq. Uşaqlığınız necə keçib?

- Mən 1952-ci ildə Bakıda anadan olmuşam. Elə də imkanlı ailədə doğulmamışam, ailəmiz ortabab olub. Atam qatarda bələdçi işləyirdi, anam isə evdar qadın idi. Ailədə 6 uşaq olmuşuq. Uşaqlığımla bağlı qayğısız illər ötüb keçsə də, xatirələr hələ də qəlbimdə yaşayır. Təbii ki, hamı kimi mənim də kədərləndiyim məqamlar var. 10 yaşlı qardaşımı elektrik cərəyanı vurub öldürmüşdü. Bu itki mənim yeniyetməlik yaşımda sağalmaz yaraya çevrildi. Hətta bugünkü gündə də çətinliyim olanda deyirəm ki, kaş qardaşım Süleyman sağ olaydı. Görünür, ən böyük məlhəm zamandır. Zaman bizə yaşadığımız acıları unutdurur.

- Sənətə həvəsiniz necə yaranıb?

- Biz aktyorlara qeyri-adi insan kimi baxmışıq, indiki cavanlar kimi yox. Mən uşaqlıqda məhəllədə səhnəciklər göstərirdim. Yaşım artdıqca aktrisa olmağa həvəsim daha da çoxalırdı. Amma atam aktrisa olmağımı istəmirdi. O vaxtı nəinki atam, heç kim istəmirdi ki, qızı incəsənətə baş vursun. Aktrisa olmaq istəyimi valideynlərimə deyəndə mənə misal gətirirdilər. Deyirdilər ki, filankəs aktrisadır, ərindən ayrılıb və s. Tale elə gətirmişdi ki, atam Lütfü Məmmədbəyov ilə yaxın dost idi. Bir gün Lütfü müəllim məni görüb dedi ki, sən mütləq aktrisa olmalısan. Dedim ki, axı atam qoymur. Dedi narahat olma, atanı mən razı salaram. Atamı birtəhər razı salandan sonra sənədlərimi İncəsənət Universitetinin dram və kino aktyorluğu ixtisasına verdim. Universiteti bitirəndən sonra məni təyinatla Şəkiyə göndərdilər. Biz bir neçə gənc burada Şəki teatrını yaratdıq. Mən 10 ilə yaxın bu teatrın səhnəsində, sözün əsl mənasında, can qoymuşam.

- Gülşad xanım teatrda əvəzsiz xidmətləriniz olub. Buna baxmayaraq tamaşaçılar sizi "Bəxt üzüyü" filmi ilə daha yaxından tanıyıblar. Bu filmin uğurlu alınmasının əsas səbəbi nə idi?

- Mən hələ də o filmə baxanda özümü tanımıram. İndiki Gülşad kimi mən onu görə bilmirəm. "Bəxt üzüyü" filminin inandırıcı alınmasının əsas səbəblərindən biri də filmdə mövcud olan aktyor kollektivi idi. Bundan əlavə də filmdə mənimlə bağlı olan bəzi səhnələr həyatımla səsləşirdi. Bəlkə də obrazın gözəl alınmasının nəticəsi həmin səhnələri daha inandırıcı oynamağım olub.

- Şəki Teatrı sizin üçün necə yadda qalıb?

- Mən Şəkidə həm də qismətimi, taleyimi tapmışdım. Bu teatr mənim həm də ailəm idi.

- Ailə demişkən... Hüseynağa Atakişiyevlə tanışlığınızı necə xatırlayırsız?

- Mən Hüseynağa ilə bu teatrda tanış olmuşdum. Uzun illər bu teatrda onun quruluş verdiyi tamaşalarda oynamışam. Hüseynağa müəllim Şəkidə işlədiyim zamanlar mənə 2 dəfə evlilik təklifi etmişdi. Hər dəfə də ona deyirdim ki, mənim hələ evlənmək fikrim yoxdur. 3-cü dəfə mənə dedi ki, bu sözü bir də sənə deməyəcəyəm, əgər ərə getmək fikrin olsa, gəlib mənə deyərsən (gülür). Atam ağır xəstə idi, bilirdim ki, sağalmayacaq. Onun da ən böyük arzularından biri məni ailəli, uşaqlı görmək idi. Mənə görə çox dərd çəkirdi. Gəlib Hüseynağaya dedim ki, yadındadır sən bir dəfə mənə dedin ki, evlənmək fikrin olsa, mənə deyərsən? O da cavab olaraq dedi ki, bir dəfə yox 3 dəfə demişəm. Dedim ki, əgər sən ciddisənsə, mənim də sənə ərə getmək fikrim var. Elə bu sözümü gözləyirmiş kimi bir neçə gündən sonra elçilərini bizə göndərdi. Həmişə ona deyirdim ki, sən niyə bir dəfə demirsən ki, səni sevirəm? Deyirdi ki, almaq elə sevmək deməkdir də.

- Bu qədər sevgi üzərində qurulmuş bir ailə necə oldu ki, yarıda qaldı?

- Mən ailədə onun üçün hər cürə imkan yaratmışdım ki, o, ancaq sənəti haqqında fikirləşsin. Şəkidən Bakıya gələndə bu insan tamamilə dəyişdi. Teatrda onun üçün nələr etdilər, neynədilər bilmirəm. Bu insanın beyni, həyata baxışı dəyişdi. Hətta onun tamaşalarına baxanlar deyirdilər ki, Hüseynağa Gənclər teatrında tamam başqa biridir. Mən də onu məişət problemləri ilə yormamağa çalışırdım, bir yaradıcı insan kimi onu anlayırdım. Amma getdikcə ailə uçuruma doğru gedirdi. Artıq onun həyatında başqa bir qadın da var idi. Nəhayət, 2002-ci ildə biz rəsmən boşandıq.

- Ayrılandan sonra həyatınızda hansı çətinliklər oldu?

- Həyat mənə güclü olmağı öyrətmişdi. Zəiflər həmişə tapdalanır. Əgər həyatın çətin anları bir tək məndə olsaydı, onda üsyan edərdim, amma bu, tək məndə deyildi. Bu halı tək mən yox, bir çox qadınlar yaşayır.

- Bugünkü gündə həyatınız necədir?

- Mənim iki oğlum, iki nəvəm var. Onlarla çox xoşbəxtəm. Amma arxasız, dayaqsız yaşamaq bəzən çox çətin olur. Bəzən mən də təklənirəm. Özümü yalnız ağac kimi hiss edirəm.

- Nəvələriniz nə vaxtsa babalarının, nənələrinin yolunu davam etdirsə...

- Heç vaxt istəmərəm. Övladlarım uşaqlıqda başa düşmürdü ki, onların anaları da, ataları da dahi rejissor və aktrisadır. Nə olsun! Nə var ortalıqda? Mənim həll edə bilməyəcəyim o qədər işlər var ki... Xaricdə mənim kimi tək-tənha aktrisalar hər bir işlərini asanlıqla həll edirlər. Onlara o imkanlar, o şərait yaradılıb.

Azərbaycanlı aktrisa rejissor həyat yoldaşının xəyanətindən danışdı: "Teatrda nə etdilər bilmirəm, beyni tamam dəyişdi" - FOTO

Xəbər lenti