Mynews.az müğənni Afaq Aslanın SİA-ya verdiyi müsahibəsini təqdim edir:
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Yeni işlərim var. Belə ki, yeni mahnılar yazdırıram. Klip çəkdirirəm və fotosessiya etdirirəm.
- Afaq Aslan bəzi müsahibələrinizdə söyləmisiniz ki, ixtisasca memarsınız. Niyə peşənizi davam etdirmədiniz?
- Doğrudur. Memarlıq və İnşaat universitetini bitirmişəm. İxtisasca memaram. Kiçik yaşlarımdan güclü fantaziyam olduğum üçün ailəm memar olmağımı istədi. Universitet illərində memar kimi fəaliyyət də göstərmişəm. Ancaq bu sahə məni cəlb etmədi. Musiqi ilə isə lap uşaqlıqdan məşğul olmuşam. İllər sonra düşündüm ki, müğənni olum. Çünki musiqini çox sevirəm.
- Amma daha çox mahnılarınızla yox, açıq-saçıq şəkillərinizlə gündəmdə qalırsınız..
- Bəzi saytlar mahnılarımı yox, şəkillərimi işıqlandırırlar. O zamanda yaradıcılığım kögədə qalır. Eyni zamanda hər dövrün bir tələbatı var. İnsanların marağı nəyədirsə, mən də onların istədiklərini çalışıram ki, yerinə yetirə bilim.
- Həmin fotolarınıza görə tənqid və təhqir olunursunuz. Bu sizi narahat etmir?
- Məni təhqir və tənqid edən insanların heç birinə əhəmiyyət vermirəm. Hətta onların mənfi şərhlərini oxumadan silirəm. Azərbaycanda 9 milyon əhali var. Onların hamısının məndən xoşu gələ bilməz. Çünki biri deyir qısa, digəri isə uzun geyim xoşlayır. Mən isə təkəm. Ona görə də milyonlarla insanın fikrini nəzərə ala bilmərəm. Mən sadəcə, öz yolumu gedirəm. Məni bəyənən, izləsin, xoşu gəlməyən də izləməsin. Məcbur heç nə yoxdur.
- Adınız qalmaqallarda da çox səslənir...
- Hər zaman sözün düzünü deməyi sevirəm. Mən düz danışanda deyirlər ki, qalmaqal edirəm. Özünə hörmət etməyən insan gündəmdə qalmaq üçün ünvanıma atmacalı sözlər deyir. Mən də onun cavabını verəndə ailəm bir-birinə dəyir. Olmaz ki, o qalmaqal edən insan dilini sakit qoysun və məni də əsəbiləşdirməsin. Onu da xüsusi ilə diqqətinizə çatdırım ki, mənim heç kimin yanında başım aşağı deyil. Çünki mən bəziləri kimi pis işlərlə məşğul olmuram.
- Gözəl bədən quruluşuna maliksiniz. Normal bədənə sahib olmaq üçün nə edirsiniz?
- Mütəmadi olaraq, idmanla məşğul oluram. Eyni zamanda da günümün çoxunu masaj salonlarında keçirdirəm.
- Deyilənlərə görə, kriminal avtoritet Nadir Səlifovla gizli eşq münasibəti yaşayırsınız. Doğrudur?
- Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Çünki hər bir kəsin şəxsi həyatı özünəməxsusdur. Eşq məsələsinə gəldikdə isə sevgi azaddır. Sevgi cinayət deyil. Məmuru, hacını, biznesmeni sevmək olar, avtoriteti yox? Hər kəsi ana dünyaya gətirib. Niyə bu xəbər hər kəsdə təəccüb hissi doğurur? Avtoritetlər sevə bilməzlər? Amma onu deyim ki, mən kriminal ailəmindən uzaq insanam. Lakin hər zaman demişəm ki, fəxr eləməliyik ki, Nadir Səlifov, Rövşən Lənkəranski kimi oğullarımız var. Allah ölənlərə rəhmət eləsin, qalanlara isə can sağlığı versin.
- Afaq xanım, ölkədə gedən ictimai-siyasi proseslərdən xəbəriniz var? Prezident seçkiləri keçirilir...
- Ümumiyyətlə, mən siyasətdən tamamilə uzaq olan insanam. Amma aprel ayında ölkədə keçirilən növbədənkənar prezident seçkilərində səsimi İlham Əliyevə verəcəm.