Məşhurlarımızın dəfələrlə ən sadə suallara belə cavab verə bilmədiklərinin şahidi olmuşuq.
Bəziləri Eynşteyni tanımır, bir çoxları isə nitqlərini düzgün qura bilmir. Azərbaycanlı məşhurların, sənət adamları, aparıcıların çox istifadə etdiyi “İnstagram”-da şəkillərə yazdıqları başlıqlar isə əksəriyyətinin Azərbaycan dilində bir cümləni belə normal yaza bilmədiklərini göstərir.
Dilin normaları bir yana, çoxları heç Azərbaycan əlifbasını belə bilmir. “Ş” hərfi əvəzinə ümumiyyətlə dilimizə yad “w” yazanlar, “q” hərfini əlifbadan silib, ancaq “g” yazmaqları və yaxud heç özlərinin də anlamadığı cümlə quruluşları…
Minval.info-nun əməkdaşı cəmiyyətin yaxşı tanıdığı, çox sevdiyi müğənni və aparıcıların “İnstagram” hesablarına göz gəzdirərək, onların Azərbaycan dilinə nə qədər yad olduqlarını aşkarlayıb:
Araşdırmamıza Talıb Taledən başlasaq, görünür, müğənni konsert verdiyi İsrailinin dilimizdə necə yazıldığından xəbərsizdir. Durğu işarələri ilə arası olmayan müğənni, qarşısında şəkil çəkdirdiyi məscidin necə yazıldığını da bilmir. Talıb Taleh də “q” hərfinə haqsızlıq edənlərdəndir. “Məqsəd” sözünün “Məksəd” kimi yazılması bunu göstərir.
Efirdəki savadsızlıqlarını sosial şəbəkələrdə də nümayiş etdirən Sevil Sevinc bacılarının ağıllı telefonlarında ya boşluq qoymaq üçün düymə işləmir, ya da onlar SMS dövründəki kimi sözləri bitişik yazmağa adət ediblər. Sözləri orfoqrafiya gözləmədən, dedikləri kimi yazan bacılar, həmçinin “da” ədatının ayrı yazılması barədə qrammatik qanundan heç xəbərdar deyillər.
Müğənni Nazənin vizaj sözünün düzgün yazılışını bilmədiyi üçün həm onu “ş”-ilə yazıb, həm də “ş” hərfini “v”-ilə. Beş hərfli bir sözə görə bu qədər səhv bir az çox deyil?
Namiq Qaraçuxurlu da danışdığı kimi yazmağa üstünlük verənlərdəndir.
Belə düşünməyin ki, təkcə müğənnilər düzgün Azərbaycan dilində yaza bilmir. İllərin aparıcıları, efirdən hər kəsə dərs keçənlər də dilimizi düzgün istifadə edə bilmirlər. Canlı yayımda heç də az səhv etməyən Zaur Baxşəliyev sosial şəbəkələrdə də dil normalarını pozmaqdan çəkinmir. Həyat yoldaşı Günayla birgə istifadə etdikləri “İnstagram” profilindən bəlli olur ki, cütlük “feyzyab” sözünün necə yazılmalı olduğunu öyrənməlidir. Hələ “eksklüziv” və “sağ olun” sözlərindən heç bəhs etmirik.
Uzun illərdir “ATV” telekanalında Xəbərlər buraxılışının aparıcısı olan Lalə Azərtaş da, təəssüf ki, dilimizə yad olan “w”-dan istifadə edir.
Rejissor və ssenarist İlham Qasımov ssenari yazmaqda yaxşı olsa da, “ssenari” sözünü yazarkən bir neçə səhvə yola verə bilir.
Məşhurların dilimizi korlamasını göstərən bu faktlar sadəcə onların bir neçə paylaşımı əsasında hazırlanıb. Bütün paylaşımlarına nəzər salıb, bir-bir incələnmə aparılsa çox daha pis bir mənzərə yarana bilərdi. Belə görünür ki, minlərlə insanın izlədiyi, hər paylaşımına diqqət etdiyi məşhurlar Azərbaycan dili kitabını çoxdan bağlayıblar. Yenidən Azərbaycan dili öyrənmək isə onlar üçün yəqin ki, çətin olacaq.