Bu gün Azərbaycanın efir məkanında bir çox aparıcılar sanki reytinq yarışına çıxıblar. Təbii, bunun əsaslı səbəbləri var. Tamaşaçı da bunu anlayır. Ancaq bəzi aparıcılar var ki, süni şoular yaradır, reytinq artırmaq üçün "min hoqqadan çıxırlar". Metbuat.az olaraq bu mövzuda sorğu keçirib, bir çox tanınmışın fikrini öyrəndik:
ARB TV-nin tanınmış teleaparıcısı Sayqa Cahid bildirdi ki, şouya görə şərəfini heç vaxt gözardı etməz:
“Mən öz yerimə deyim ki, şou xətrinə heç nə etmirəm. Çünki şounu göstərmək lazım deyil. Sən doğrudan da yaxşı aparıcısansa, elə bir şərait yaratmalısan ki, qonaq özü nəsə bir şeylər etsin. Öz qarşıma qoyduğum sərhədlər var. Həmin sərhədləri aşmaram. Mənliyim mənim üçün önəmlidir. Çünki veriliş bu gün var, sabah olmaya bilər. Ancaq mənim adım, şərəfim, ləyaqətim qalır. Müsahibimin də yerinə öncə özümü qoyuram, fikirləşirəm ki, aparıcının hansı suallarına cavab vermərəm. Bu gün o özünü reklam etmək istəyən qonaqlar ki, var, onlara nəsə deməyə heç ehtiyac yoxdur. Özləri piar üçün istədiklərini edirlər”.
Müğənni Afaq Aslan indiyə kimi şou xətrinə heç nə etmədiyini bildirdi:
“Əslində bu mövzu haqqında çox danışa bilərəm. Heç yadıma gəlmir ki, şou üçün nəsə edim. Ancaq şou xətrinə üzərimdə çox qurğular qurulub. Reytinq üçün olmayan şeylər deyiblər. Belə şeylər məndə aqressiya yaradır. Məsələn, şou xətrinə kiminsə ünvanına qara yaxmaram, ya da kiminsə şəxsiyyətinə artıq sözlər demərəm”.
Aparıcı Elgiz Əkbər isə bildirdi ki, tamaşaçıya hörmət ilk sırada gəlməlidir:
“Hər zaman çalışıram efirdə o qırmızı xətti keçməyəm. Ancaq hansısa maqazin tipli verilişdə şounun yaradılması normaldır və qədərində olmalıdır. Məsələnin başqa tərəfi də var: Efirimə gələn qonağın ayağına kartof qabığı yapışıbsa, onu qopardıramsa, bunu da kimsə şişirdirsə, nə deyə bilərəm?
Teleaparıcı Afət Rahilqızı söylədi ki, dəfələrlə hansısa verilişə şou yaratmaq üçün dəvət olunub, ancaq heç birinə getməyib:
“Elə də olub ki, efirə çağırıb, şou yaratmağa çalışıb, etiraz edib, çıxmışam. Heç vaxt da yalandan şou yaratmamışam. Artıq 10 ilə yaxındı sosial veriliş aparıram, şoudan uzağam. Verilişimdə də bölgələrə gedəndə kiməsə demirəm ağla, filan. Bunu heç özümə yaraşdırmıram da. Demişəm ki, film çəkilişinə 1 milyon versələr, soyunaram. Ancaq efirdə şou yaratmaq üçün o məbləğə soyunmaram. Ancaq elə də olar ki, kimsə haqqımda artıq-əskik bilmədiyini danışar. Efirdən onun elə sözünü danışaram ki, bir də adımı dilinə almaz. Beləcə artıq efirdə şou yaratmaq üçün yox, əsəbimdən verilişin reytinqi artar. Buna görə də mənim haqqımda söz deyən adam düşünüb danışmalıdır”.