Bir müddət öncə konserti ilə gündəmə gələn tanınmış yumorist, şoumen Fəqan Məmmədovla bağlı bəzi gizlinlər üzə çıxıb.
Bu barədə BiG.AZ saytına danışan parodist Fəqan Məmmədov bəzi həmkarlarının ona hədə-qorxu gəldiyini, hətta onu ölümlə hədələdiyini də bildirib:
"Kim "stand-up" etdi Allah canını sağ eləsin. Adların çəkmək istəmirəm, bəzi aktyorlar, onlara aktyor da deyə bilmirəm. Çünki sənətinə, aktyorluğuna, özünə hörmət qoyan insanlar heç vaxt başqasının ayağının altını qazmaz. Mən Rusiyadan Azərbaycana köçdüm, burda yaşayıb, burda işləməyə, fəaliyyət göstərməyə başladım. Burda işə başlayandan sonra həmin “Aktyorcuklar” bunu həzm edə bilmədilər. Gah mənim qarşımı maşınla kəsdilər, gah mənə sataşdılar, ilişdilər, sosial şəbəkələrdə saxta adlar altında mənə hədə-qorxu gəldilər. Yazdılar, sifariş göndərdilər ki, efirə çıxsan səni bıçaqlayacıq və s. hər vasitə ilə bütün yollara əl atdılar amma bacarmadılar. Gördülər ki, mən fikir vermirəm, öz üzərimdə çalışıram.
O vaxtı mənim qohumum olan reper Hüseyn Dəryanı da belə bezdirib təklədilər. Məni də indi təkləyiblər. Mən də Allaha sığınıram, Allah da təkdi.
Heç kimə, heç nəyə məhəl qoymuram. Konsertimi də verdim, çox uğurlu da alındı. Bütün kinoteatrlar da bəyəndilər. Artıq may ayının 17-dən bütün kinoteatrlarda olacaq. Hər kəs öz ailəsi ilə rahat şəkildə gedib İzləyə Bilər və doyunca gülərək düşünə bilər".
Fəqan Məmmədov əlavə edib ki, səhnəyə söyüşlə gələn yumoristlər xəcalətlərindən öz ailələri ilə özlərinin monoloqlarını izləyə bilmirlər:
"Hərdən məndən soruşurlar, sual verirlər ki, filankəs birincidir, filankəs ikincidir. Mən bütün suallara cavab olaraq demək istəyirəm ki, hər kəs öz hekayəsinin baş qəhrəmanıdır. Söyüşlə "Stand-up" olmur. O söyüşlə səhnəyə çıxanların hansı ailəsi ilə gedib kinoteatra öz "stand-up"na baxa bilər? Heç biri bunu edə bilməz xəcalətindən. Azərbaycanda ilk olaraq ailəvi şəkildə baxılacaq "Stand-up"ı mən etdim. Və məmnuniyyətlə ailəmlə, dostlarımla öz "stand-up"ma gedib baxıb, izləyə bilərəm. Üzüm ağ, alnım açıqdır. Bunu da təkəbbürlə də demirəm. Türkiyənin çox məşhur gülüş ustası Cem Yılmazın bir sözü var, deyir ki, sən əgər təqlid etməyi bacarmırsansa "Stand-up" etmə, get işinə. Çox düzgün də qeyd edib. Mən bu gün istər baba səsini, istər nənə səsini, qız səsini, uşaq səsini, eləcə də məşhur sənətkarlarımızın, xanəndələrimizin səsini layiqincə təqlid edə bilirəm, onların səslərini yaşadıram. Lağ-lağı və məzə predmetinə çevirmədən edirəm bunu. Hətta dünyasını dəyişmiş sənətçilərimizin də səsini yaşadıb onları bir daha yada salıram, dinləyicilər hətta kövrəlirlər mənim ifamda o səsləri dinlədikcə. Bir zaman el şənliklərinə gedən ərəfələrdə həm Azərbaycanda, həm də Rusiyada şənliklərə dəvət alanda bəzən elə sənətkarlarımız olurdu ki, özləri etiraf edirdilər ki, sən bizim əvəzimizdən də oxuyursan, parodiya edirsən, heç kim bizi məclisinə çağırmır (gülür).
Növbəti "Stand Up" konsertimi Heydər Əliyev adına sarayda keçirtməyi planlaşdırıram. Bu yaxınlarda da televiziyalarımızın birində "Nə Məcburdu?!" adlı serialımız yayımlanacaq. Bu Serialda “Mahmud Baba” obrazımı canlandıracam. Həmin serialın çəkilişinin xarici ölkələrdə, bölgələrimizdə çəkiləcəyi də planlaşdırılır".
Fəqan Məmmədov başqa biznesi olduğu üçün toy dəvətlərini qəbul etmədiyini də açıqlayıb:
"Onu da qeyd etmək istərdim ki, mənə çoxsaylı toy, xeyir iş təklifləri gəlir. Dəvət edirlər məclislərə. Sizin vasitənizlə onu da çatdırmaq istərdim ki, mən artıq toylara getmirəm. Toylara gedən insanlara çox böyük sevgi ilə, hörmətlə yanaşıram. İçki olan məclislərə getmirəm və bu tədricən də bir kriteriyaya çevrilib. Artıq toy təkliflərini, dəvətlərini dayandırmışam. Başqa biznes sahəsindən gəlirim olduğuna görə toya getməyi də zəruri hesab etmirəm".