USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

O dünyaya edilən zəng - kimlər "yes"i basdı?

22:32 29.04.2018
O dünyaya edilən zəng - kimlər "yes"i basdı?
22:32 29.04.2018

Öz doğmasını, yaxınını itirən bir insan üçün həmin şəxsin yoxluğuna öyrəşmək çətin olur. Gözün hər zaman o simanı, qulağın isə o səsi axtarır. Özündən asılı olmayaraq ona aid bütün cansız varlıqlar göz önündə bir anlıq canlanır. Geyindiyi paltarlar, istifadə etdiyi əşyalar, gəzdiyi yerlərdə onu görmək istəyirsən.

Təsadüfən telefon nömrələrinin arasından həmin şəxsin adı çıxır. Yenə də o səs qulağına gəlir. Əlin də gəlmir silməyə. Bir düymə ilə telefonun yaddaşından silə biləcəyin nömrənin üstündə dəqiqələrlə fikirləşirsən..

Mynews.az xəbər verir ki, TopXəbər.Az dünyasını dəyişmiş tanınmışların mobil nömrələrinə zəng vurub.

Maraqlıdır, həmişə eşitdiyimiz o səsləri kimlər əvəz edib?

Əvvəlcə mərhum şair Vaqif Səmədoğlunun nömrəsinə zəng vurduq. Cavab verən xanımı Nüşabə Vəkilova idi. Hətta bir dəfə müsahibələrinin birində demişdi:

“Eynəyini və “kruşkası"nı özü hara qoyub, eləcə də durur. Vaqif öləndən əl dəyməmişəm”.

Vaqif  Səmədoğlunun həyat yoldaşı zəngə belə cavab verdi:

“Vaqif müəllimin nömrəsini mən işlədirəm. O, mənim üçün əşyaları , özü ilə birlikdə evdə də, işdə də yaşayır. Bilirsiniz  Səməd Vurğunun ev-muzeyində Vaqif müəllimin ekspozisiyası yaradılıb. Vaxtınız olsa, gəlib baxa bilərsiniz”.

Kamança ustası mərhum Habil Əliyevin nömrəsindən də zərif səs eşitdik: 

“Sizinlə Şərqiyyə xanım danışır. Habil müəllimin həyat yoldaşı. Habil rəhmətə gedəndən sonra yaxşı deyiləm. Allahın verdiyi ömrü yaşamağa məcburuq, ayrı bir əlacımız yoxdur. Onsuz həyat mənim  üçün heçnədir. O, 89 yaşında rəhmətə gedib, mənim xəyalımda isə cavan oğlandır. Çox gözəl həyat yaşadıq. Çox mehriban olmuşuq. Habil həddindən artıq ailəsinə, övladlarına bağlı idi. Ona görə onu heç vaxt unuda bilmərəm. Nömrəsini mən işlədirəm, nə qədər ki mən, övladları var bu nömrə pozulmayacaq. Çox adamlar telefonundan onun nömrəsini silməyib. Bəzən görürsən ki, deyirlər bu nömrədən zəng olunanda dik atılırıq, yəni Habil müəllimdən zəng gəldi. İstəyirəm ki, Habil unudulmasın. Şükür unudulmur da. Gələn ay anadan olduğu gündür, 28 may. Hamı indidən maraqlanır”.

Tanınmış diktor mərhum Rafiq Hüseynovun nömrəsinə həyat yoldaşı Səbinə xanım cavab verdi:

“Rafiq müəllim son vaxtlar xəstəliyi ilə bağlı danışa bilmirdi,o vaxtdan zənglərə mən cavab verirəm. Yada saldığınız üçün təşəkkür edirəm. Biz yaxşıyıq. Təbii ki Rafiq müəllimsiz çətindir, darıxırıq, hər an xatırlanır. Qızım da hazırda hazırlaşır, bu il imtahan verəcək”

Mərhum Xanım Qafarovanın nömrəsini isə həm anası, həm də bacısı işlədir. Bizə “alo” deyən isə bacısı Rübabə xanım oldu:

“Bu Xanımın öz nömrəsidir, biz işlədirik. Bütün iş yoldaşları, jurnalistlər, qohum-əqrəba kim zəng edir, deyir ki, ürəyimiz gəlmir, onun adını silək. Biz də həmin adamlarla Xanımın nömrəsi ilə əlaqə saxlayırıq”.

Xalq şairi Zəlimxan Yaqubun mobil telefonunu oğlu Bəhlul işlədir. 


Xəbər lenti