"Maşınla bazarlıq gəlir, sonra da sağa-sola baxaraq şıxıb başqa maşınlara doldurulur"
Bakıdakı uşaq evlərinə edilən yardımın mənimsənildiyini iddia edən müğənni Rəqsanə İsmayılovanın qızı yeni video yayıb. İstiPress-in məlumatına görə, Aysun İsmayılova bu yolla onu məhkəmə ilə hədələyən körpələr evinin baş həkimi Nəhayət Əliyevanın da cavabını verib.
O, baş həkimin iddia etdiyi kimi nənəsi ilə kirayədə qalmadığını, uşaq evinin qarşısındakı mənzilin nənəsinə məxsus olduğunu deyib. "Öncəliklə kirayədə qalmaq ayıb deyil. İkincisi, bura nənəmin halal pulla alınan evidir. Üçüncüsü düşünürəm ki, bu videonun açıqlaması bu olmamalı idi. Hər kəs başqa açıqlama gözləyir, mənim harada qalmağımı yox.
İlk açıqlamada dedilər ki, xəstəxanalara yardım üçün aparılır, indi də deyirlər ki, dəsmallardır yuduzdurub gətizdiririk. Axı o videoda açıq aydın "paçka-paçka" açılmamış uşaq bezləri olduğunu her kəs görür... Bu da ikinci video. Bu da dəsmaldır???Gördüyünüz kimi maşınla bazarlıq gəlir, sonra da sağa-sola baxaraq bazarlıqlar qapıdakı maşınlara doldurulur! Mən inanıram ki, dövlətimiz tərəfdən bu iş diqqətdə saxlanılacaq".
Xatırladaq ki, onun Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evindən çəkdiyi görüntülər qalmaqal səbəb olub. Videoda qadınla kişinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın arxa qapısından böyük ağ torbaları cip markalı maşının baqajına doldurduğu əks edilib. O, bildirib ki, dəfələrlə bura bazarlıq , geyimlər və s yardımlar edilir. Lakin 1 gün sonra o bazarlıq maşınlara doldurulur ve harasa gedir.
Körpələr evinin baş həkimi Nəhayət Əliyeva “qafqazinfo”ya açıqlamasında bildirib ki, avtomobillə daşınan ərzaq məhsulları yox, yataq dəstləri və dəsmallardır. Baş həkim bu dəstlərin dəyişdirilmək və ya yuyulmaq üçün aparıldığını deyib. Onun sözlərinə görə, körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, günahdır. Bu səbəbdən yayılan video yanlış qələmə verilib: “Bura nazirlik tərəfindən ciddi nəzarət olunur. Bu səbəbdən uşaqlara məxsus ərzaqların və digər məhsulların mənimsənilməsindən söhbət gedə bilməz. Bu, yolverilməzdir”.
Bundan öncə isə adıçəkilən həkim bildirmişdi ki, videoda görünən hündür oğlan xəstəxananın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. "Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin".