Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev “Yeni avaz”a müsahibəsində kanalların bugünkü vəziyyətindən gileylənib. O, çıxışında bildirib ki, əvvəllər efirə nümunəvi adamlar çıxırdı, indi isə vəziyyət acınacaqlı hal alıb.
Kino ulduzunun “Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı. Əxlaqsız adamlar mənə əxlaqdan dərs keçir. Rüşvətxor adam mənə rüşvət almamaqdan, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?” fikirlərinə bir çox televiziya işçiləri dəstək olub.
Publika.az sosial şəbəkələrdə müzakirə olunan bu mövzu ilə bağlı mütəxəssislərin rəylərini öyrənib.
Xalq artisti Ofeliya Sənani son dövrlərdə televiziya kanallarından incidiyini və aktyoru dəstəklədiyini gizlətməyib:
“Rasim Balayevin çıxışına baxmamışam. Etiraf edirəm ki, son vaxtlarda kanallardan incimişəm, çünki maarifləndirici heç nə yoxdur. Gənclərin çoxu görkəmli rəssam Səttar Bəhlulzadəni tanımır. Biz öz dövrümüzdə görkəmli sənət adamlarını, elm işçilərini, aqronomları efirə dəvət edib onların vətən üçün gördüyü işlər haqqında tamaşaçılara ətraflı məlumat verirdik. Hər hansı tanınmış insan dünyasını dəyişəndə yaxınlarını, övladlarını və dostlarını çağırıb sənədli verilişlər hazırlayırdıq. Nəvələrimiz, məktəblilər və tələbələr respublikamızın ictimai xadimlərini, görkəmli şəxsiyyətlərini və tarixə düşən adamları tanımalıdır. Maarifləndirici verilişlər olmadan uşaq böyütmək olar? Əvvəllər uşaqlar üçün maarifləndirici proqramlar var idi, indi isə... Konsertlər həmişə var. Verilişin darıxdırıcı olmaması üçün efirə lap bir müğənni çağırın. Amma bütün veriliş bir müğənnidən ibarət olmalı deyil. Qonaqlar da verilişin mövzusuna uyğun seçilməlidir”.
Aparıcı O.Sənani bu məsələdə televiziya sədrlərini günahlandırıb:
“Sovet dövründə senzura, “Qlavlit”, mərkəzi komitədə bizi izləyən şöbə var idi, amma indi müstəqil respublikayıq. Xəbərlərdə vurğu səhvləri etmək olmaz. Əvvəllər hətta sözün vurğusunu səhv demək aparıcı üçün bağışlanmaz idi.
Alimlər qalıb bir kənarda. Elə bilirsiniz bizim alimlərimiz yoxdur? Biz onları əvvəllər “Mavi İşıqlar”a da çağırardıq. Neçə illərdir ki, efirlərdə nə alim, nə şair, də rəssamları görürəm, çünki dəvət etmirlər. Alim gecə-gündüz öz üzərində çalışır, dərəcə alır. Bunları işıqlandırmaq günah işdir bəyəm?
Demirəm ki, bütün verilişləri tənqid edək. Demək istədiyim odur ki, televiziya işi çətindir, adamın canını alır, işıqların qarşısında saatlarla oturmaq insanın taleyini həll edir, səhhətini zəiflədir. Aparıcıya istiqamət vermək lazımdır. Bunu da verilişin redaktoru və rəhbəri etməlidir.
Bizim vaxtımızda sədrlər üç-dörd ildən bir dəyişirdi, hamısı da çox savadlı olurdu. Teymur Elçin, Ənvər Əlibəyli, Nəbi Xəzri, Elşad Quliyev Azərbaycan televiziyasında sədr vəzifəsində çalışıb. Onların hər biri ədəbiyyat, tarix və keçmişimizi beş barmağı kimi bilirdi. Öz biliklərini işçiləri ilə bölüşürdü, bizə yol göstərirdilər. Hər verilişdən sonra müzakirələr olurdu.
Uşaqlarını tək böyüdən, boşanmış ana ailə dəyərlərindən danışır. Rasim Balayev düz deyir də, belə aparıcı hansı ailədən danışa bilər? Rişxənd etmirəm, məni düzgün başa düşün, insanın həyatında hər şey ola bilər, birinin bəxti gətirir, digərinin yox. Hər halda ailə və əxlaq məsələlərinə toxunanda incə məqamları fikirləşsinlər. Cəmiyyətə nümunə ola biləcək qonaqlar çıxartsınlar. AzTV, İctimai TV və Mədəniyyət kanalında maarifləndirici verilişlər verirlər, amma o biri kanallar yox, mahnı və “üç badam bir qoz”, vəssalam”.
Tanınmış yazıçı Aqşin Yenisey də məsələyə biganə qalmayıb:
“Yenə nə düşmüsünüz bu televiziyaların üstünə? Bu gün televiziya ancaq gerizəkalı xalqlar üçün mədəniyyət faktıdır. Sonradan sənayeləşmiş, mədəni adamı ancaq ekranda görənlər üçün o, hələ də etika-estetika məktəbidir. Almaniya kimi ölkələrdə pornokanallar var, amma bu alman xalqının kitab yazmasına və oxumasına mane olmur, alman gəncliyinin universitet həyatını korlamır. Çünki heç kim mədəniyyəti, etikanı, estetikanı televizordan öyrənmir, gözləmir, hamı yazır, oxuyur, araşdırır. Bizimki istəyir televizor buna Kantdan, "Əxalqi-Nasir"dən dəm vursun, çünki özü araşdırmaq, oxumaq istəmir. Biz də televiziyalar yox, tamaşaçılar geridə qalmışlardır. Çünki hamı oturub damdakı antena vasitəsilə mədəniləşəcəyini gözləyir”.
Müğənni Elnur Məmmədov aktyorun sözlərinə dəstək çıxaraq telekanallara nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Vallah düz deyib, əvəzolunmaz sənətkar. Çox istəyərdim senzura olsun, televiziyalar düzəlsin, bayağılığa son qoyulsun. Heç olmasa televiziyaları qoruyaq. Musiqilərimizi bayağı musiqi kimi dünyaya tanıtmaqdansa, gəlin peşəkar və əvəzsiz musiqilərimizi tanıdaq. Qeyri-peşəkar, bayağı musiqiləri yox. Bununla bağlı mütləq ölçü götürülməlidir”.
Müğənni Sevinc Musayeva böyük sənətkarın fikirlərini alqışlayıb:
“Baxın, bunu böyük sənətkar dedi. Sonra deməyin ki, Sevinc, efirlərdə niyə az görünürsən? Dəfələrlə çağırıldığım verilişlərdən imtina etmişəm. Çünki savadsız və əxlaqsızlarla bir səhnəni paylaşmaq mənə yaraşmaz. Rasim Balayev, mənim demək istədiklərimi dediniz”.
“İTV” telekanalının sevilən siması, məşhur aparıcı Saleh Bağırov televiziyalarla bağlı hər şeyi kəskin və neqativ görməyin tərəfdarı deyil:
“Çünki televiziya sahəsində müəyyən uğurlarımız, kifayət qədər maraqlı layihələr həyata keçirilir. Faizlə götürsək, belə layihələrin çoxunu dövlət kanallarında görürük. Yerli və özəl kanallarda da yaxşı proqramlara rast gəlinir. Lakin etiraf etməliyik ki, maarifləndirməyə çox böyük ehtiyac var. Belə verilişlər azlıq təşkil edir. Televiziyanın işi həm də əyləndirici funksiya daşıyır, amma bunu tarazlamaq lazımdır. Hər şeyi əyləncə üzərində qurmaq olmaz. Yetişən nəslə doğru-düzgün dəyərlər aşılamalıyıq. Doğrudur ki, efirə çıxan adamlar gözəl tərbiyəyə malik olmalı və sözünü demək üçün mənəvi haqqı çatmalıdır. Aparıcı anlamalıdır ki, bizə hər cür insan baxır. Odur ki, bizə baxanlara hörmətlə yanaşmalıyıq. Həmkarlarım olsa da, deməliyəm ki, bəzən hansısa aparıcının tamaşaçıya qarşı sayğısız davrandıqlarını görürəm. Gerçəyi söyləmək lazımdır. Eyni zamanda, işini peşəkarcasına görən televiziya kadrları da az deyil. Ümumiyyətlə, bütün dövrlərdə kanalların çatışan və çatışmayan tərəfləri ilə rastlaşmışıq. Əl-ələ verib o neqativləri aradan qaldırmalıyıq, nəinki sağlam olmayan rəqabətə can atmağa həvəs göstərək. Rəqabət sağlam olarsa, bu, işimizə də müsbət təsir edəcək. O cümlədən aparıcını peşəkar səviyyəyə çatdırıb efirə çıxarmaq lazımdır”.
S.Bağırov R.Balayevin incikliyinə haqq qazandırıb:
“Orta yaşlı nəslin, sənətkarların və Xalq artistlərinin narazıçılığına hörmətlə yanaşıb tənqiddən düzgün nəticə çıxartmalıyıq. Tənqid varsa, deməli, inkişaf da var. Neqativ və səhvləri düzəltmək üçün şüurumuz, qəlbimiz, gücümüz və potensialımız var. Onu aradan qaldırmaq üçün gücümüzü işə salmalıyıq”.
Daha sonra İTV-nin aparıcısı Xalq artisti Brilliant Dadaşovanın bu yaxınlarda Seda Sayanı bizim aparıcılarla müqayisə etməsi və onun tərifləməsinə fikir bildirib:
“İnanmıram ki, Brilliant xanım azərbaycanlı aparıcıları kəskin şəkildə pisləsin. Çünki onun uğurları proqramlarda biz aparıcılar tərəfindən işıqlandırılır. Onun dostluq etdiyi çoxlu həmkarlarım var. Yəqin arzulayıb ki, hansısa ştrixi bizdə görsün. Öz adımdan deyə bilərəm ki, qonağa qarşı son dərəcədə diqqətli davranıram. Bunu tamaşaçılar da yaxşı bilir. Onları hörmətlə qarşıladığım kimi, hörmətlə yola salıram. Qonağa özündən aşağı baxmaq aparıcı etikasına sığmır. Bu, da aparıcının tərbiyəsindən, qanacağından, mədəniyyətindən, mərifətindən qaynaqlanır, özün necəsənsə, qonaqla da o cür rəftar edəcəksən”.
Aparıcı Könül Arifqızı da Brilliant Dadaşovanın Seda Sayanın öz qonaqları ilə mülayim rəftar etməsi haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib:
“Seda Sayanın verilişinə baxdığımı desəm, yalan olar. Sadəcə hərdən evdə anam izləyəndə bir neçə kadr görmüşəm. Onun mülayim olduğunu deməzdim, qonaqları ilə sərt danışdığı, kəskin atmacalar atdığı, iynəli zarafatlar etdiyi vaxtları da olub. Bu fraqmentlər xəyali olaraq gözümün önünə gəlir, ümumiyyətlə, xarakterini və sərtliyini nümayiş etdirə bilən qadındır. Yerli kanallarda aparıcının qonaqları aşağılaması və tənqid atəşinə tutması ola bilsin ki, verilişin səpkisi ilə bağlıdır. Bəlkə də bu, dövrün yeni tələbidir. Artıq aparıcılar televiziya məkanında başqa səpkidə müsahibələr qurmağa çalışır ki, reytinq qazansın. Sırf sənədli verilişlər hazırlayıram, bu mövzu haqqında nə isə demək bəlkə də mənə düşməz. Ümumiyyətlə, hər aparıcının öz imici var. Eləsi var ki, iynəli suallar verməyi və qalmaqallı situasiyalar yaratmağı xoşlayır. Odur ki, bu, individual bir şeydir, hamıya şamil etmək olmaz”.
Azərbaycan Dövlət Televiziyasının tanınmış siması Dilarə Səlim aparıcıların efir mədəniyyətindən bəhs edib:
“Tamaşaçıya hörmət edən aparıcı gələn qonaqlara da eyni cür münasibət nümayiş etdirəcək. Aparıcının mədəni səviyyəsi və intellekti yoxdursa, təbii ki, tamaşaçıya xoşa gəlməyən münasibət sərgiləyəcək. Əgər o, tamaşaçısına qarşı sayğısız davranırsa, bu, qonaqlara qarşı rəftarda da öz əksini tapacaq. Aparıcının mədəniyyətinin formalaşması üçün biliyi, savadı və dünyagörüşü vəhdət təşkil etməlidir.
Verilişin mahiyyətindən asılı olaraq aparıcılığın da növləri var. Əyləncəli veriliş xüsusi bir istedad tələb edir. Sözsüz ki, informasiya və analitik verilişlər üçün aparıcının intellektinin yüksək olması mütləq şərtdir. Əyləncəli veriliş aparıcılarının savadlı olması alqışlanandır. Bu, onlara köməkçi vasitədir, verilişin baxımlı olmasına birbaşa təsir edir”.