ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibi internet fenomeni, səsi ilə hər kəsi özünə valeh edən gənc ifaçı Nahidə Babaşlı olub.
Mynews.az bildirir ki, elə ilk işini məhz bu studiyada aranjimançı Ağası Nəsirovla hazırlayan gənc ifaçının məşhurluğu da burdan başlayıb:
"Gün təyin etdik və gəlib ilk işimizi bu studiyada həyata keçirdik. Vasif Əzimovun "Dəlilər kimi" mahnısını oxudum. Elə bu studiyada yazıldı. Video da burada çəkildi. Video kifayət qədər baxış topladı, görüntülər yayılmağa başladı. Aranjimançı Ağası Nəsirovun əl işi çox xoşuma gəldi. Qərar verdim ki, onunla çalışsam, daha yaxşı olar.
Ayrı-ayrı müğənnilərin repertuarına müraciət edib, ifalara fərqli bir nəfəs gətirən Nahidə, hələ ki, sırf özünə aid olan bir mahnı hazırlamaq haqda düşünmədiyini söyləyib:
"Hazırda məşhur müğənnilərin mahnılarını cover edirəm. Hələ ki bundan məmnunam. Ancaq öz mahnım da olmalıdır. Əgər bu sənətdə irəliləmək istəyirsənsə, özünəməxsus mahnı olmalıdır. Hələ ki fikrim yoxdur. Ancaq gələcəkdə niyə də olmasın".
- Bu zamana kimi niyə səsinin möcüzəsini insanlara təqdim etmək haqda düşünmədin?
"Universitetdə təhsil alırdım. Ancaq oxuyan tələbə olmamışam. Artıq universiteti bitirdim. İnstagram hesabımı açıq şəklə saldım. Çəkilən videolarımı yerləşdirdim. Baxdım ki, maraq cəlb edir, yayılır. Sonra düşündüm ki, niyə də olmasın, niyə də davamı gəlməsin".
Bir həftənin içərisində fantastik bir yol qət edib, izləyicilərinin sayını artırmağa nail olan gənc ifaçının bu gedişlə sürətinə çatan olmayacaq:
"Artıq "Ay yüzlüm" mahnısından sonra İnstagram izləyicilərim 50 mindən 150 minə yüksəldi. Sadəcə, bir həftəyə bu proses baş verdi. Bəziləri izləyici sayına inanmır. Elə bilirlər ki, saxta izləyici yığmışam ora. Ancaq onların hamısı həqiqi izləyicilərdir".
Türkiyədə musiqi müsabiqəsinə qatılmağı özünə hədəf olaraq seçən Nahidə növbəti addım kimi daha böyük səhnələr haqda düşündüyünü açıqlayıb:
"Gələcəklə bağlı əsas planım odur ki, "O səs Türkiyə" müsabiqəsində iştirak etmək istəyirəm. Uşaqlıqdan hədəfimdir. Ora çıxandan sonra böyük hədəflər düşünəcəm. Hər şeydən öncə təhsil almağı planlaşdırıram. İstedad nə qədər olsa da, təhsil vacibdir. İnstargam-da videolarımı paylaşandan sonra atam da gördü ki, videolarım yayılır, bəyənilir. Atam da o zaman dəstək olmağa başladı".
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.