Müğənni-bəstəkar Emin Ağalarov bu il keçiriləcək “Jara” festivalı haqda açıqlama verib.
Mynews.az-ın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən Emin bir çox məqamlara toxunub.
İfaçı bildirib ki, artıq üçüncüsü keçirilən festival bu dəfə ən böyük və bahalı olacaq. Burada mindən çox qonaq yer alacaq. Tədbir çərçivəsində Valeri Meladze, Leonid Aqutin, Vladimir Presnyakov, Valeriya kimi məşhurların yubiley gecəsi keçiriləcək. Eyni zamanda Lyubov Uspenskoyanın yaradıcılıq gecəsi təşkil olunacaq.
Emin konsert çərçivəsində rusiyalı ifaçılarla yanaşı azərbaycanlı müğənnilərin də çıxışlarının olacağını deyib. O, bir neçə əcnəbi ulduzun qonaq olacağını açıqlasa da, adları gizli saxlayıb:
“İlk “Jara” təcrübə kimi keçirildi. Pis nəticə vermədi. Bunu Birinci kanalda yayımlanan zaman əldə edilən reytinqə əsasən deyirəm. Alla Puqaçova, Sofiya Rotaru kimi ulduzların qatıldığı ikinci festival isə inanılmaz reytinq qazandırdı. Buna görə də indi tamaşaçıları daha çox təəccübləndirməliyik”.
Emin festival üçün iki yeni mahnı yazdırdığını deyib. O bildirib ki, açılış günü səsləndirəcəyi bəstə “Azərbaycan” adlanır. Ağalarov mahnıda bir neçə bəndi Azərbaycan dilində səsləndirdiyini söyləyib.
İfaçı “Jara”nın çox bahalı layihə olduğunu deyib. O bildirib ki, qonaqlar üçün təşkil edilən heç bir şeydə əskiklik olmayacaq. Emin ilk “Jara”ya 2,5 milyon, ikinciyə 6 milyon dollar xərclədiyini bildirib. Üçüncü isə müğənninin fikrincə ona daha baha başa gələcək.
Müğənni festival çərçivəısində “Bir dəfə Jarada” adlı komediya janrında filmn çəkiləcəyindən xəbər verib. Ağalarov ekran işində Azərbaycan və Rusiyadan olan müğənnilərin, aktyorların yer alacağını deyib:
“Hər il bu ssenari yeni formada lentə alınacaq. İlk dəfədir ki, hansısa festival çərçivəsində belə bir addım atılır və film çəkilir”.
“Jara” iyulun 26-dan 29-na kimi “Sea Breeze”də keçiriləcək.