Xalq artistindən xanımlara məsləhət "Kişini sərbəst buraxın"

594
Xalq artistindən xanımlara məsləhət "Kişini sərbəst buraxın"

Bu gün dünyaşöhrətli sənətkar, xalq artisti Xuraman Qasımovanın doğum günüdür.

Xalq artisti təəssüratlarını yenicag.az-la bölüşüb.

– Doğum gününüzdə hansı əhval-ruhiyyədəsiniz?

– Əsas odur ki, həyatımdan çox məmnunam, heç vaxt kədərlənməyi, bədbinliyə qapılmağı sevməyən biriyəm. İşləməyi çox sevirəm. Yaradıcılıqdan böyük zövq alıram. Hər il doğum günlərimdə iş başında oluram. Yenə də ənənəmə sadiq qaldım, iş başındayam. Axşam da əzizlərimlə, yaxınlarımla bərabər oturub, xudmani məclislə doğum günümü qeyd edəcəyik.

– Bildiyimiz qədər təmtərağı sevmirsiniz?

– Sadəliyə üstünlük verirəm. Evimin qapısı dostlarımın üzünə açıqdır. Kimin ürəyi istəyirsə, gələ bilər.

– Hədiyyələrə münasibətiniz necədir? Xanımlar hədiyyə sevən olur…

– Əzizlərimin sağlamlığı, həmişə yanımda olması mənim üçün ən böyük hədiyyədir. Sevənlərimdən heç vaxt nəsə gözləməmişəm. Ürəkdən gələn səmimi sözlər mənim üçün çox xoşdur. Bu ay həm də bacım Fidan xanımın da doğum günü olacaq, yəqin onu da unutmayacaqsınız. Fidanla biz ruhən də bir-birimizə çox bağlıyıq, yaxınıq. Yəqin ki, hər ikimiz əkizlər bürcündən olduğumuz üçün, bir-birimizi çox gözəl anlayır, həm də bir-birimizi tamamlayırıq.

– Əkizlər bürcünün xüsusiyyətlərini özünüzdə daşıyırsınızmı?

– Bəli, sadəliyi, rahatlığı, səmimiyyəti, işləməyi sevirəm. Hər ikimiz illərdir ki, sevdiyimiz işlə məşğuluq.

– Azərbaycan xalqı üçün çox böyük hədiyyəsiniz. Bəs özünüz necə, Allahdan ən böyük hədiyyənizi almısınız, yoxsa hələ gözləyirsiniz?

– Xoşbəxtəm ki, o hədiyyəni artıq almışam. Allahın mənə və bacıma verdiyi vergini, bu səsi ən böyük və əziz hədiyyə kimi dəyərləndirirəm. Xalqımı, ölkəmi çox sevirəm və musiqimizi dünyada tərrənnüm etməkdən zövq alıram.

– İllər gözəlliyinizə xələl gətirməyib. Bəlkə xanımlarla gözəllik sirrinizi bölüşəsiniz?

– Çox təşəkkür edirəm. Əksər ölkələrdə olmuşam, bizim xanımlar qədər gözəllərini görməmişəm. Azərbaycan qadınları dünyanın ən gözəl qadınlarıdır. Bunu etiraf edirəm. Yaş üstünə yaşın gəlməsi önəmli deyil, önəmli olan bu gözəlliyi qorumaqdır.

– Bunun üçün nə məsləhət görərdiniz?

– Dedi-qodu etməsinlər, hisslərini, əsəblərini qorusunlar, heç vaxt qəzəblənməsinlər. Çünki lazımsız dedi-qodular xanımların gözəlliyinə xələl gətirir. Məsləhət görərdim ki, onlar sevdikləri işlə məşğul olmaq üçün özlərinə daha çox zaman ayırsınlar.

– Bəs sevgi, xanımları gözəlləşdirən həm də sevgidir?

– Sevsinlər, amma sevdikləri kişini sərbəst və rahat buraxsınlar, onları sıxmasınlar, hisslərində səmimi olsunlar.

Xəbər lenti