Ajda Pekkan, Ebru Gündeş, Serenay Sarıkaya, Fahriye Evcen, Hazal Kaya, Aslı Enver, Hande Erçel kimi məşhurların vizajisti, “Sil makyajını” adlı kitabın müəllifi Rıfat Yüzüakın Oxu.Az-a müsahibəsi:
– Rıfat bəy, Bakıya xoş gəlmisiniz. Bu, ilk gəlişinizdir?
– Dördüncü dəfədir Bakıya gəlirəm. Buranı çox sevirəm. Binaların modern görünüşü var. Dostum, aktrisa Müge Boz da burada filmə çəkilmişdi. Onun getdiyi yer (Qəbələ) daha təbii imiş.
Mənə Qəbələnin necə gözəl olmasından danışdı. Mən isə, sadəcə, şəhər tərəfini görmüşəm. Fürsət olsa, getmək istəyirəm. Bundan sonra dörd dəfə daha gəlmək istəyirəm. Burada seminarlar keçəcəyəm.
– Necə oldu ki, vizajist olmağa qərar verdiniz?
– 10 il öncə kosmetika mağazasında işləməyə başladım. Keçirilən Moda Həftələrinə də qatılırdım. Orada etdiyim makyajlar məşhurların diqqətini çəkib. Bir də baxdım ki, artıq onlarla çalışıram. Ebru Gündeş, Serenay Sarıkaya, Fahriye Evcen, Neslihan Atagül, Özge Ulusoy, Seda Sayan, Gülben Ergen və bir çox məşhurlarla işləmişəm.
– Bu məşhurlardan hansı daha çox kaprizlidir?
– Mən işimi yaxşı görürəm deyə, məndən məmnun qalırlar. Buna görə problem yaşamıram və onların kaprizini görmürəm. İşini yaxşı görmürsənsə, insanlar səndən məmnun qalmırsa, bunu büruzə verməlidir. Buna kapriz demək lazım deyil.
– Yanınıza gələn xanımlar makyaj zamanı tamamilə özünü sizə təslim edirlər, ya öz müdaxilələri olur?
– Bəzi məşhurların öz tərzləri var. Onlardan ilk öncə nə istədiklərini soruşuram. Sonra istəklərinə uyğun olaraq onların üz formasına bunu necə tətbiq edə bilərəm deyə fikirləşirəm və işimi görürəm.
Çox önəmli bir işdirsə, əvvəlcədən test üçün makyaj edirəm. Burada təkcə məşhurlar yox, onların çalışdığı brendlər də qərar verir. Böyük bir reklam kampaniyasıdırsa, onlar bizə “look” göndərirlər. Bütün bunlar peşəkar şəkildə baş tutduğuna görə özümüzdən hoqqa çıxarmırıq (gülür).
– Ölkənizdəki iqtisadi vəziyyət sizin işinizə hansı təsiri göstərib?
– Ölkəmizdəki iqtisadi vəziyyət bizim işimizə təsir etməyib, ən azından mən bunu hiss etməmişəm.
– İllərdir bu sahədəsiniz, qadınlar makyaj edərkən ən çox harada səhv edirlər?
– Ümumi götürsək, qadınlar makyajı çox edirlər. İstifadə etdikləri məhsuldan üzlərinə çox vururlar və əndazəni aşırlar. Rəng seçimləri yanlışdır və dünyada populyar olan ərəb markalarından istifadə etməklə, olduqları görüntüdən kənara çıxırlar.
– Önümüzdəki payız və qış fəslində hansı makyajlar trend olacaq?
– Məşhur modellərə fikir versək, onlar üz xətlərini önə çıxarıb, daha natural görüntüyə sahib olmağı seçirlər. Önümüzdəki aylarda da bu, daha çox makyaj edən qadınlar arasında trendə çevriləcək. Onu da qeyd edim ki, payız və qış aylarında daha çox tünd rənglərə üstünlük verilsə də, bu dəfə iş tamamilə fərqlidir. Çünki bu ilin trendləri arasında şəffaf, parlaq və açıq rənglər hakim olacaq.
– Məşhurlardan hansının dərisi qüsursuzdur?
– Mənim işlədiyim məşhurlar hamısı A klassdır. Hamısı özünə yaxşı baxır. Siz özünüzə yaxşı baxırsınızsa, sağlam qidalanırsınızsa, bol su içirsinizsə və zehninizi gözəl saxlayırsınızsa, bu, üzünüzdə özünü göstərir. Bütün insanlar belə olmalıdır. Hamısı mələk kimi qızlardır.
– Azərbaycanlılardan hansı sənətçi sizinlə çalışıb?
– Röya ilə işləmişəm, daha sonra sizin önəmli ulduzlarından biri ilə çalışmaq istədik. Ancaq alınmadı. Alınmadığına görə, onun adını da çəkməyəcəm. Röya çox şirindir. Türkiyədə fotosessiyası zamanı onunla işlədik və çox gözəl çəkilişimiz baş tutdu.
– Türkiyənin ən məşhur vizajistisiniz. Uğur sirriniz nədədir?
– Çox işləmək və araşdırmaq. Ən böyük sirrim odur ki, insanları başqa bir şeyə bənzətməyə çalışmıram. Olduqları kimi qalmalarına şərait yaradıram. Dünyadakı ən özəl nüans onların özlərinə məxsus üz formasının olmasıdır. İnsanlar başqalarına bənzəməyin gözəllik olduğunu zənn edirlər. Bu, yanlışdır.
Məşhurlarda belə problem yaşamıram. Çünki özləri kimi olmaq istəyirlər. Lakin normal insanlar məşhurlara, başqalarına bənzəmək istəyir. Başqasına bənzəmək istəyi özünü çirkin hesab etmək deməkdir. Özünü çirkin hesab edən insan isə makyaj edəndən sonra diskomfort olur. Buna görə küçəyə çıxanda da narahat hiss edirlər. Narahat insanın üz xətləri gərgin görünür.
Çox makyaj etdiyinə görə, başqasının təqlidi kimi görüntü sərgiləyir. Gözəllik başqasını təqlid etməklə olmur. Gözəl bir insanı təqlid edə bilməzsiniz, ancaq yaraşıqlı olmaq məcburiyyətindəsiniz. Rahat və sağlam olmalısınız ki, gözəl görünəsiniz.
– Dünyadakı qadınlar sizi eşitsəydi, onlara nə deyərdiniz?
– Özlərini tapmağı tövsiyə edərdim. Bu dünyaya gəlmə səbəbimiz öz potensialımızı görüb, onunla hədəflərə köklənib, inkişaf etməkdir. Potensialımızın fərqinə varandan sonra gözəlləşməyə başlayırıq.
– Estetik müdaxilələrə münasibətiniz necədir?
– Estetik əməliyyatlara pis baxmıram. Ancaq bu, insanın özünü tapması ilə əlaqədar bir şeydir. Üzündə problem olan qadın və ya kişi peşəkar bir həkimlə görüşüb özünə düzəliş edə bilər. Bunu edərkən çox diqqətli olmaq lazımdır. Bunu etməsinin səbəbi xoşbəxt olmaqdırsa, etsin. Biz bu gün burnunu kəsdirib, dodağını böyüdən qadınların üzündə xoşbəxtlik yox, axtarış görürük.
Onlar özləri olmaqdan vazkeçib, başqası olmağa çalışdıqları üçün davamlı üzlərində yanlış əməliyyatlar həyata keçirirlər. Çünki bu düşüncədə olan insanlar özünü sevmir. Özünü sevmədikləri üçün işgəncə edirlər və sanki simalarından intiqam alırlar. Özünü tapan bir insan burnunu kəsdirməz. Burnunda kiçik problem varsa, onu qəbul edər, “bu, mənim özəlliyimdir” deyər.
– Qadını nə çirkin göstərir?
– Qadını hissləri, özgüvəninin olmaması, bədbəxtliyi, sağlam olmaması çirkin göstərir. Sağlam olmayan qadın kökəlir. Kökəldiyi zaman isə dərisi sümüyünə düzgün oturmur və özünü bəyənməməyə başlayır. Xoşbəxt olmur və insanlara mənfi enerji verir. Bu, bir zəncir kimidir. Buna görə də rahatlıq tapmalıdır.
– Dəyişmək istəyən qadın nə etməlidir?
– Özünü tapmalıdır. Özünü tanımalıdır və nə istədiyini bilməlidir. Adətən, ətrafındakı insanlara görə hərəkət edirlər. Görəsən, məni bəyənəcəklərmi, sevəcəklərmi, qəbul edəcəklərmi kimi düşüncələr içərisində olurlar. Halbuki ətrafındakı insanların bunlardan xəbəri olmur.
– Qadınların makiyajına görə onların xüsusiyyətini bilirsiniz?
– Buna əvvəl çox fikir verirdim. İşimə çevriləndən sonra isə artıq fikir verməməyə başlamışam.