Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusuf ölkəmizdə ilk dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalında iştirak edb.
Mynews.az xəbər verir ki, üçüncü dəfədir Azərbaycana gələn ifaçı təəssüratlarını bölüşüb:
"Bakıda özümü evdəki kimi hiss edirəm. Şəhərin köhnə və müasir küçələri heyranedicidir. Hər ikisi öz fərqli xüsusiyyətləri ilə gözəldir. Azərbaycana axırıncı səfərim zamanı Şamaxı rayonunda oldum və buranın ənənəvi mühiti mənə dərin təəssüratlar bağışladı. Hər şeydən əvvəl, əlbəttə ki, Azərbaycanın unikal xüsusiyyəti buradakı insanların qonaqpərvərliyi və ürəklərinin həyat eşqi ilə döyünməsidir".
Sami bildirib ki, özü bilməsə də, amma valideynləri və qohumları Azərbaycan dilində danışır:
"Mən Böyük Britaniyada böyüdüyüm üçün Azərbaycan dilində sərbəst danışa bilmirəm. Lakin Azərbaycan dili dünyada ilk eşitdiyim dildir. Bu, valideynlərimin, qohumlarımın danışdığı dildir. Deyərdim ki, bu, qanımda olan və mənə çox doğma dildir. Dilin mədəniyyətləri və xalqları formalaşdırdığı kimi, Azərbaycan dili də mənim həyatımın mənasıdır".
Yusuf növbəti dəfə Heydər Əliyev Mərkəzində konsert verməyi düşündüyünü də dilə gətirib:
"Bakıda iki dəfə - 2015-ci və 2017-ci illərdə konsertim olub. Hər iki konsert çox yaxşı qarşılanıb və bundan məmnun qalmışam. Əslində, mən tez-tez konsert vermirəm. Yalnız inandığım və dəstəklədiyim müəyyən məqsəd və ideyalar üçün bunu edirəm. Məftunedici məkan olan Heydər Əliyev Mərkəzində solo konsert verməyi çox istərdim. Muğam musiqisi və mənim janrımın daxil olduğu ənənəvi konsert proqramı tərtib etməyi nəzərdə tuturam".