20 oktyabrda konsert proqramı ilə çıxış etməyə hazırlaşan Əməkdar artist Tünzalə Ağayevanın Oxu.Az-a müsahibəsi:
– Tünzalə xanım, konsert yaxınlaşır. Özünüzü necə hiss edirsiniz?
– Yaxşı olmağa çalışıram. Son zamanlar az müsahibə verdiyim üçün bütün suallar yığılır və yorucu müsahibələr olur. Ancaq başa düşürəm ki, işim bunu tələb edir. Həyatımdan və işimdən məmnunam. Hər şey yaxşıdır. İşləməyi sevirəm. Bu yoruculuq mənim üçün artıq adət halını alıb.
– Həyəcan var, yoxsa artıq belə vəziyyətlərə öyrəşmisiniz?
– Yox, həyəcan olmasa, deməli, işinə səthi yanaşırsan. Hər konsert yeni bir övlad kimi dünyaya gəlir. Onun rəngi, halı, adı başqadır. Bənzərlikdən qaçıram, ona görə hamısına sanki ilk konsertim imiş kimi yanaşıram. Xəyal dünyamda təsəvvür etdiyim musiqini konsertlərimdə reallaşdırmağa çalışıram. Çünki konsertimin tək ifaçısı yox, həm də musiqi prodüseriyəm.
“Hicaz” qrupu çox yaxın dostlarımdır, konsertdə onlarla bərabər səhnədə böyük bir orkestr olacaq – simli alətlər və nəfəs alətləri orkestri. Hər zaman estrada-simfonik orkestri ənənəsini yaşatmaq istəmişəm. Bu orkestri Tofiq Quliyev kimi böyük bir bəstəkar yaradıb, Rafiq Babayevorkestrə rəhbərlik edib. Daha bir fərqli tərəfi odur ki, orkestrin notlarının müəllifi mənəm.
Çalışmışam ki, ideyalarımı çatdırım. Sözsüz ki, onların hamısı peşəkar musiqiçidir. İdeyaları müzakirə edirik, onlar məni, mən də onları dinləyirəm. Ancaq konsertimin ideya müəllifi mənəm. Çox maraqlı quruluşda olan bir konsert tamaşaçıları gözləyir.
– Konsertin adı da maraqlıdır – “Şərhsiz”. Niyə?
– Mənim üçün şərhsiz olan musiqinin özüdür. O, mənim üçün kosmik bir nemətdir. Musiqi ilə bütün varlığını ifadə edə bilirsən. Musiqi səndən güclü bir məfhumdur. Şərhə ehtiyacı olmayan bir gücdür. İnsan musiqi qarşısında acizdir. Musiqi müqəddəs bir anlamdır. Digər tərəfdən, afişalara diqqət etsəniz, “Şərh Siz” deyə yazılıb. Yəni, şərhi tamaşaçılar özü verəcək.
– Bir müddətdir “Mihriban” mahnısının anonsları gedir. Çox dərin bir hekayəsi və dillər əzbəri olan bir mahnıya ikinci dəfə musiqi yazmaq bir az riskli deyil?
– Şeirin müəllifi Abdürrahim Karakoçun övladı Enderhan bəylə görüşüb söhbət etmişəm. Onun ailəsi mahnını çox bəyənib. Dedilər ki, Tünzalə xanım, siz şeirə yeni nəfəs vermisiniz. Türkiyədə insanlar elə bilir ki, mahnını dəyişmişəm. Əsla, mən şeirə musiqi bəstələmişəm. Mahnının bəstəkarı Musa Eroğlunun bəstəsinə qarışmamışam. Bu, bir dəyərdir.
– Necə oldu ki, mahnıya müraciət etmək qərarına gəldiniz?
– İstanbulda kitabxanaları gəzərkən 100 ən yaxşı türk şeiri olan bir kitab qarşıma çıxdı. Şeiri də həmin kitabda gördüm. Sonra Bakıda musiqini yazdım. Mahnı hazır olandan sonra Türkiyəyə qayıtmışdım. Bir neçə musiqiçi və dostlarım əyləşmişdi. Musiqini ifa etdim.
Dedilər ki, sən bizim ən məşhur şeirimizə müraciət etmisən. Bilirsən ki, bu, bizim ən çox dinlənilən “Mihriban” mahnımızdır? Təzədən “Youtube”u açmışıq və dinləmişik. Sonradan ağlıma gəlib ki, belə bir mahnı var imiş. Xəbərdar olmadan musiqini yazmışam. Eşitsəydim belə, yenə musiqimi yazacaqdım. Türküdən fərqli olaraq, mahnımda şeirin bütöv mətnini istifadə etmişəm. Bu yaxınlarda iki klipim çıxacaq. Onlardan biri “Mihriban”, digəri isə “Eşqin ünvanı” adlı bəstədir.
– Atanızın ölümündən sonra sizin üçün nələr dəyişdi?
– Biz gözləməməliyik həyatımızdan kimsə getsin, onun qədrini bilməyə başlayaq. Düşünürəm ki, insanlara sağlığında dəyər vermək lazımdır. Övlad sağlığında valideyninin yanında və xidmətində olmalıdır. Bəzilərimiz bunu erkən, bəzisi bir az sonra, digərləri isə itirəndən sonra başa düşür. Vicdanım rahatdır ki, atamı itirəndən sonra belə nüansları düşünməmişəm. Atamın sağlığında belə, çox şeyə münasibətim dəyişmişdi. İstəyirsən, dünyan dəyişsin? O zaman özün dəyişməlisən. Buna görə rahatam.
İnsanın həyatında möcüzələr baş verir. Hətta yola getmədiyin insan belə sənə qarşı dəyişir. Bax, bu anlamda məsələlərə daha ayıq beyinlə və açıqgözlü baxıram. Sonradan peşman olmaq, acı çəkmək, “kaş ki” demək istəmirəm. Ağıllı insan hər şeyi vaxtında edər.
– Atanızın ölümündən bir neçə gün sonra “Bakı - Milan” adlı mahnı təqdim etdiniz və toy mərasimində iştirak etdiniz. Sizi qınayanlar oldu.
– Məni qınayanlara heç bir münasibətim yoxdur. Laqeyd yanaşıram. Qınağı, qınanılmağı, qınaq edənləri qınayıram. Ümumiyyətlə, “qınaq” sözündən qaçmağa çalışıram, başa da düşmürəm. Heç vaxt heç kəsi qınamaq lazım deyil. Çünki həyatda başına nə gələ biləcəyini bilmirsən. Qəlblərə, hadisələrə şahid və sahib Allahdır. Ən böyük hakim odur.
– Baxımlı və gözəl xanımsınız. Sizcə, gözəl qadın əlçatmaz olmalıdır?
– Qadın bir əmanətdir, ona hər kəs gəlib əlini yapışdıra bilməz. Əmanət bir nəfərə məxsus olmalıdır. Sənət qadınları isə başqalarından fərqli olaraq, şəxsiyyəti, qadınlığı ilə yox, sənəti ilə hər kəsə açıqdır.
Mənim üçün çirkin qadın yoxdur, baxımlı və baxımsız qadın var. Qadın ya tənbəlliyindən, ya yaşam tərzi ilə bağlı olaraq özünə baxmır. Ya da istəyir, amma icazə vermirlər. Əgər insanın həyat tərzi gözümün qarşısındadırsa, o zaman hansısa fikri yürüdə bilərəm ki, sən bunu belə yox, belə edə bilərsən.
Özümə qarşı tələbkaram, qızımdan, çox yaxından tanıdığım qadından soruşa bilərəm ki, sən niyə bunu belə edirsən? Amma uzaqdan rəy bildirmək mənlik deyil.
Bir nəfər küçədə yatırsa, kefindən yatmır. Heç kimi qınamayın, bu, ağlasığmaz bir şeydir. Ən böyük günahdır. Kiminsə yerinə özünü qoyub, onunla empatiya quran insanlar (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi - red.) heç kimi qınamır.
Qadınlar əlçatmaz olmalıdır. Bu gün internet o qədər hər şeyi açıb ortaya tökür ki, dəyərlər ölür.
Buna görə də çalışıram eybəcər, hamının paylaşdığı videolara baxmayım. Biri öldürdü, digəri soyundu – bu tip şeylərə üzülürəm. Belə şeylərə heç vaxt marağım olmayıb.
Elə bilin ki, yol gedirəm, deyirlər ki, o çamura bax. Mən isə bilirəm axı, o çamurdur, əyilib baxmaq istəmirəm. Niyə mən üzümü o çamura bulaşdırmalıyam? Ona görə yan keçirəm. Sevgini də, qadını da əldə etmək lazımdır. Kişi qadın uğrunda mübarizə aparmırsa, əl edən kimi qadın onundursa, apar tulla (gülür).
Ağac birdən-birə meyvə verə bilərmi? Ona zəhmət çəkirsən, sonda onun dadına baxıb, ləzzət alırsan. Bunu isə meyvəni dərib tullayanlar yox, şükür etməyi bacaran insanlar edir. Bu dəyərlər yaşadıqca, insan yaşayır.
– Azərbaycan qadınının nəyə ehtiyacı var?
– Sevgiyə ehtiyacı var. Bir məşhur fraza var: qadınları anlamaq lazım deyil, onları sevmək lazımdır. Kişilərin də sevgiyə ehtiyacı var. Elə şey olarmı ki, onlar sevilmək istəməsin? Sadəcə, qadınlar həmişə ikinci planda olduğu və özlərinə görə həyatın ağırlığını, ailə və övlad məsuliyyətini hiss etdiyi üçün evə yorğun gələndə sevgi istəyir. Kimsə onun alnından öpsün, başını qoysun həmin insanın çiyninə, bütün yorğunluğu keçsin.
– Bir qadın kimi, çox əziyyətlər çəkmisiniz. Bu əziyyətlərin qarşılığını da almısınız. Bəs nə vaxt hiss etdiniz ki, məşhursunuz?
– Səhər oyandım ki, hər yerdən mənim səsim gəlir. Adaptasiya məsələsi çox çətin oldu. Maşınım da yox idi, avtobusda yol gedirdim, “Sevdi can səni” səslənirdi, heç kim bilmirdi ki, ifa edən kimdir. Az adam tanıyırdı, bəziləri deyirdi ki, adı Tünzalədir, Tovuzdan gəlib. Yanımda haqqımda danışırdılar, amma tanımırdılar.
Buna hazır deyildim. Biri var, gəlmişəm, ev almışam, oturub gözləyirəm ki, şöhrət qapımı döyəcək. Elə olmadı. Sadəcə, albomumu hazırlayırdım. Bir mahnını promo olaraq çıxardıq. Çıxmağı ilə hər yerdə səslənməyə başlandı. Adımı bilmir, üzümü tanımırdılar. Səs rənglərinin bənzərliyi var idi deyə Zülfiyyə Xanbabayevanın səsi ilə qarışdıranlar var idi. Mahnı isə həmin dönəmlərdə “Top Chart”lardan düşmürdü.
– Sənətə gələn yeni müğənnilərə tövsiyələriniz nələrdir?
– Bu gün artıq müğənnilər iki yerə bölünürlər: məktəb keçmiş, sənət müəllimlərini görmüş müğənnilər və “internet müğənniləri”.
“İnternet müğənniləri” mənlik deyil, onları başa düşmürəm, onlara şərh verə bilmərəm. Ümumiyyətlə, bir peşəyə sahib olmaq üçün məktəbini oxumalı, əziyyətini çəkməlisən. “Kuxnya müğənniləri”ni başa düşmürəm.
Eyni yolla bir pişiyi də məşhur etmək olar. Pişiyin də, maşının da, meşədəki ayının da “Instagram” səhifəsi var, müğənninin də. Dəhşətə baxın, internetdə adamla heyvanın fərqi yoxdursa, hansı sənətdən, keyfiyyətdən danışırsınız, qurban olum? Bütün reallıq budur. Elə pişiklər var ki, iki milyon izləyicisi var (gülür).
Düzdür, biz bədbəxtlər də orada oturmuşuq. Mahnımızı, xəbərimizi orada paylaşırıq. Ancaq sabah hesabımı bağlasam, bu, mənim üçün həyatın dayanması deyil. İşimi görəcəyəm, mənim üçün sosial media tamaşaçımla aramdakı əlaqədir, onları eşitməyə vasitədir. Orada rəqəm dalınca qaçmıram. Mənim izləyicim bir milyondan aşağıdırsa, oturub ağlamıram. Bunu düşünənlər küt ağıla sahib olan insanlardır.
Pişik də oxuyub “internet müğənnisi” ola bilər. Mənim üçün “internet müğənnisi” ilə itin-pişiyin fərqi yoxdur. Heyvana onlardan daha çox hörmətim var. Biri var baxırsan ki, bu, dəmirdir. Ancaq insan olub heyvanlaşmağı, əşyalaşmağı başa düşmürəm.
Çayı da gözəl dəmləməyi bacarmaq lazımdır. Hər şeyin ustası olmaq lazımdır. İndiki “internet müğənniləri”nə heç bir münasibət bəsləyə bilmirəm.
– Tez-tez xəbərlərdə həmkarlarınızla salamlaşmadığınızı görürük...
– Hər kəs öz layiq olanı alır. Necə salam verərsən, elə də cavab alarsan. Qarşı tərəf öz qazandığını görür. Saymayanın ağasıyam, sayanın quluyam. Saymayanı mən də saymıram.
– Sizi küsdürən, incidən nələrdir?
– Mən doğmalarımdan küsə bilərəm. Ummadığım yerdən niyə küsüm ki? Heç kimdən gözləntim yoxdur. Başqasının dedi-qodusunu edən vaxt itirməklə məşğuldur. Vaxtı geri qaytarmaq olmur. Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar, nəinki Tünzalədən danışmaq.
– Son zamanlar müğənnilər aparıcıların savadsızlığından gileylənir...
– Televiziyanın problemləri müğənnidə başlayıb, müğənnidə bitmir. Televiziya üçün baza yaradan bir struktur yoxdur. Məktəb yaradılmalıdır ki, inkişaf da getsin. Müğənni kimdir? - kənar bir adamdır.
Efirlərə çıxmıram, ölürəm? İşimi davam etdirirəm, biletlərimi satıram. Biletlərim artıq tükənib. Konsertlərim həmişə bunu göstərir ki, tamaşaçı yaxşı konsert axtarır. Tamaşaçı Tünzalə konsertini qaçırmır. Bir tamaşaçı zəng edir, 10, daha sonra 20 bilet aldığını deyir. Sən demə, böyük bir şirkətdir, dava gedir ki, Tünzalənin konsertinə gedirəm. O artistlərdən deyiləm ki, şirkətlərə zəng edim ki, konsertimə bilet alın. Bunu da pisləmirəm. Amma onu özümə rəva bilməmişəm. Ona görə yox ki, mən göydən düşmüşəm, ona görə ki, işimlə məşğulam.
Tamaşaçıma laqeyd yanaşsaydım, beş ay reklam olunan konsertdə səhnəyə fonoqramla çıxardım. Bu, tamaşaçıma və özümə hörmətsizliyimdir. Bunu etmirəm, etmərəm də. Bunları misal gətirdim. Hər şey sistemli şəkildə dəyişilməlidir. Televiziya yaşamalıdır. İstəmərəmmi yaxşı kanallara, proqramlara çıxım?
Geri getmək yox, irəli getmək lazımdır. Qalmaqallarla reytinq qazanmayaq. Özünə hörmət edən ifaçı orada oturmaq istəməyəcək. Olsun, ancaq səviyyəli, ağıllı, küçə səviyyəsində olmayan qalmaqallara üstünlük verilsin.
– Konsertə gəlməsi üçün həmkarlarınıza dəvətnamə vermisiniz?
Eyyub Yaqubov kimi bir insan dəfələrlə konsertlərimə gəlib, xəbərimiz olmayıb. Halbuki son konsertinə gedib çata bilməmişəm. Nəzakət Teymurovanın konsertinə getmişdim, Bilet almaq istəyirdim, amma Nəzakət xanım buna imkan vermədi. Məni ailəsinin bir üzvü kimi bilir.
Demirəm ki, kimisə dəvət etmək istəmirəm. Bu, mənim evim olmadığı üçün bir limitim var. Medianı, 2-3 dostumu dəvət etsəm, limitim bitir. Konsertə qonaq çağırmaq olmur. Bundan incimək lazım deyil. Mən ad günü etmirəm. Amma konsertim ad günümə düşür (gülür).