"Anam məni doğmamaq üçün hər şey edib" Aygün Kazımova

940
"Anam məni doğmamaq üçün hər şey edib" Aygün Kazımova

"Sənətə olan sevgim məni ailəmdən ayırdı. Dedilər ki, mühasirəyə düşsək, birinci növbədə Aygünü vurmaq lazımdır. Çətinliklər məni yormadı, həvəsdən salmadı. Sevdiyim səhnədəyəm. Ona görə də çox xoşbəxtəm. Baxmayaraq ki, 30 ildir səhnədəyəm, hələ mən ən möhtəşəm layihəmi etməmişəm və ən gözəl mahnımı oxumamışam".

Mynews.az-ın məlumatına görə, bu sözləri xalq artisti Aygün Kazımova “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli filmində deyib. Uşaqlığını, ailəsini xatırlayan müğənni valideynlərinin ilk vaxtlar onu istəmədiyini söyləyib:

"Anam hamilə olanda mən proyektdə yox idim. Düşünmüşdülər ki, ailədə qız var, oğul var. Artıq yetər. Fəhlə ailəsində anadan olmuşam. Atam da fəhlə idi, anam da işləmirdi. Bacım həmişə danışırdı ki, mama hər gün hər şey edirdi ki, dünyaya gəlməyəsən. Başladı ağır çəkidə əşyalar qaldırmağa, isti vannalar qəbul etməyə ki, bu proses tez baş versin. Anam nənəmlə o qədər çalışdılar, öz rəfiqələri ilə nə planlar cızdılarsa, bu alınmadı. 7 aylıq olanda anamın artıq ağrıları başladı. Hətta evdən gedəndə belə anlayırdılar ki, bu uşaq sağlam dünyaya gəlməyəcək. Ondan sonra dünyaya gəldim. Atam belə xəstəxanaya getməmişdi. Nənəm gəlmişdi bizi qarşılamağa. 

Qardaşıma babamın, bacıma nənəmin adı qoyulmuşdu. Amma mən planda yox idim deyə, ad da fikirləşməmişdilər. Heç mən haqda planlar da cızmamışdılar. Nənəm dedi ki, bir gün oturmuşuq. Axırda dedim ki, gəl bu uşağa ad qoyaq. Bu anda mənim bacım divanda yatırdı. Yuxudan oyanır, üzünü çevirir, yuxulu-yuxulu Aygün deyir və təzdən yatır. Nənəm və anam belə qalırlar ki, Aygün?".

Kazımova atasının onu istəmədiyini etiraf edib:

"Evdə heç kim yox idi. Atam bu fürsətdən səmərəli istifadə etməyi qərara alır. Və nəhayət bələyi açıb məni görmək istəyir ki, bir baxım övladıma. Çünki nənəm hər dəfə deyirdi Ələsgər get, bir uşağa bax. Atam deyirdi yox. Atam bu haqda danışanda onun emosiyaları mənə xoş gəlirdi. Deyir, bələyi açdım, səni gördüm elə bil ürəyimi yardılar. Səni qoydular ürəyimin içinə, bağladılar. Çünki mən atamın müharibəyə gedib qayıtmayan qardaşına bənzəyirdim. O şəkil bizdə portret olaraq hər zaman asılı idi. Doğrudan da biz elə bil bir alma idik.  

Çox ərköyün idim. Hara gedirdilərsə, məni də aparırdılar özləri ilə. Hardasa 5-6 saat ayrı qalmaq mənim üçün böyük stress idi. Bir gün neçəsə saat baxçada oldum və Vitalik adlı bir oğlan var idi. Bir-birimizə aşiq olduq. Həmişə deyirdi ki, Aygünü sevirəm.

Atam əmək qəhrəmanı olduğuna görə, ailəmizə ev verdilər. 1 otaqlı evdən köçdük 4 otaqlı mənzilə. İndiyə qədər yadımdadır. Atamın sayəsində idmana getdim, musiqi ilə məşğul oldum. Çünki o vaxtlar Azərbaycanda qızların idmanla məşğul olması, mahnı oxuması, səhnəyə çıxması çox çətin idi. 

Atam birdən xəstələndi və dünyasını dəyişdi. O mənim həyatıma birbaşa təsir etdi. Atamı itirdim, ondan sonra artıq idmana və oxumağa getmək çətinləşdi, məhdudlaşdı. Bu da psixologiyama təsir etdi".

Aygün bildirib ki, uşaq vaxtı torpaq yeyirmiş:

"Çox böyük problemə çevrilmişdi mənim torpaq yeməyim. Yəqin ki, hansısa vitamin çatışmırdı. Amma indi yadımdadır həsrətlə gözləyirdim ki, evə qonaq gəlsin. Onlar gələn kimi bir dəqiqəlik o 1 otaqlı evdə yoxa çıxırdım. Qapıdan içəri girəndə sağ tərəfdə anam ayaqqabılar qoymaq üçün yer düzətlmişdi, qarşısına da pərdə asmışdı. O pərdənin dalında qonaqların ayaqqabısının altındakı torpağı yeyirdim. Yağış yağanda lap sevinirdim ki, ayaqqabılar daha palçıqlı olur".

Müğənni həyat yoldaşının onu qaçırtmasından söz açıb:

"Həyat yoldaşım məni qaçırtdı. Planlamadan, gözlənilmədən ailə qurdum. Gəlin paltarı belə geyinə bilmədim. Həmin il də İlqarəyə hamilə qaldım. 89-cu ildən 90-cı ilə keçən gecə elə hamilə halımla 11-ci qızıl orduda idik. Yoldaşım ev tutmuşdu, orada qalırdıq. Hadisələr gözümün qarşısında olmasa da, tam ətrafda baş verirdi. Onlar döyüşə çıxanda, mən də qoşuldum. Tibb bacısı kimi getdim. Formada, çiynimdə avtomat. Mənə bir özəl avtomat vermişdilər. Çox həyəcanlı anlar yaşadıq. Mühasirəyə düşmək həyəcanına qədər, bir qız mən idim. Dedilər ki, mühasirəyə düşsək, birinci növbədə Aygünü vurmaq lazımdır. Çox açıq gedirdi söhbət. Hər şeyə hazır idik. Bir anda hər şey gəldi gözümün qarşısına. Evdən çıxanda formada anamla sağollaşan zaman anamın gözləri, sözləri, evdə qalan körpə uşağım. Düşündüm ki, bu da son".

Qızı İlqarədən danışan Kazımova "İstəmərəm ki, mənim ayağıma dəyən daşlar qızımın ayağına dəysin. Çünki mənim çəkdiklərim elə çətinliklər olub ki, insanın dözmək imkanlarını aşan olub. Buna artıq dözmək mümkün deyil, bitdi dediyim anda bir günəş işığı açılıb yoluma, arzularıma, planlarıma" deyə söyləyib.

Xəbər lenti