Müğənni Sevda Yahyayevanın ögey atasının "Səni axtarıram"da səsləndirdiyi ittihamlarla bağlı müğənninin haqqının tapdalandığını düşünən həmkarı Səidə Sultan sözügedən proqramda Xoşqədəm Hidayətqızı ilə üz-üzə gəlib.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, kifayət qədər gərgin dialoq şəraitində keçən müzakirə zamanı Səidə efirdə həmkarının birmənalı şəkildə haqqının tapdalandığını bəyan etməkdən çəkinməyib.
Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) sadə vətəndaşların həyatı ilə məşhurların şəxsi həyatı arasında onun üçün heç bir fərqin olmadığını bildirib:
"Sevda Yahyayeva ilə Saatlıdan gələn Əlinin nənəsinin fərqi nədir. Mənim üçün ikisi də eynidir. Xoşqədəm də ondan biridir, burada oturanlar da! Biz hamımız o insanlardan biriyik. Bizim nə nüfuzumuz, nə məşhurluğumuz, nə pulumuz, nə maşınımız, nə iki universitet, beş universitet bitirib 5 dil bilməyimizin heç bir əhəmiyyəti yoxdur. Biz hamımız eyni insanlarıq. Əgər o insanlar haqqında fikir bildirilirsə və bir ağsaqqal buraya gəlib deyirsə ki, "Mən öz həyat yoldaşımı istəyirəm. Həyat yoldaşımla barışmaq istəyirəm. Yardım edin". Onu niyə efirə çıxartmayaq?"
Aparıcının sözlərinə efirdə müdaxilə edən müğənni Səidə Sultan "Əgər qadın onu istəmirsə bəs?" sualı ilə Xoşqədəmə müraciət edib.
"Onda Sevda Yahyayeva bağlanır efirə. Deyir ki, "Ay ata, mənim anamın sənin yanında işi yoxdur. Gəldiyin kimi qapı açıqdır, çıx get", - ifadələri ilə aparıcı Səidənin sualına cavab verib.
Müğənni Hidayətqızının fikri ilə yenə razılaşmayıb:
"Bəlkə Sevda istəmir bu söhbət ictimailəşsin, şişsin. O insan çıxdı efirə. Olmazdımı ki, o, efirə çıxanda o qadını da bura çağırasınız? Özləri öz aralarında həll edələr, sonra bunu efirə çıxardasınız?"
Xoşqədəm Səidə Sultanın suallarına "Yarım saat öncə gəldi bura. Hamı Xoşqədəm deyil ki?!" cavabını verib.
Müğənni onu bu fikirlərinə görə qınayan verilişin ekspert heyətini isə "Siz istəyərsinizmi sizin probleminiz bura çıxsın və hamı bunu bilsin? Biz qanunu bilmirik, ona görə vəziyyət bu gündədir. Heç kəsin ixtiyarı yoxdur mənim şəxsi həyatımı üzə çıxartsın, məni hamının qarşısında xar etsin" sözləri ilə qarşı-qarşıya qoyub.
Qeyd edək ki, müğənninin ögey atası Xoşqədəm Baxşəliyevanın verilişinə çıxaraq Sevdanın onun həyat yoldaşını əlindən aldığını, yaşadığı evin qapısını isə qıfıllayaraq onu küçəyə atdığını iddia edib.