Tanınmış aktyor Sərxan Kərəmoğlunun bir müddət öncə kanalların birində aparıcılıq etdiyi “Xoş gəldin” verilişində qonaqlarla səmimi davranışı başına bəla olub. Şou verilişində müğənniləri öpüşlərə qərq edən Sərxan hərəkətinə görə tənqid atəşinə tuş gəlib.
Sosial şəbəkə istifadəçilərinin tənqidlərinə, hətta təhqirlərə münasibət bildirən S.Kərəmoğlu Oxu.Az-a açıqlamasında deyib:
“İndiyə qədər hansı verilişi hazırlamışamsa, sosial şəbəkələrdə dəfələrlə pis və ya yaxşı reaksiya ilə qarşılanıb, izlənilib və müzakirə olunub. Müğənni Mətanət Əsədova mənim verilişimdə qonaq olanda onu öpdüm. Bu öpüş isə bir az fərqli idi. Bu hərəkətim öncədən düşünülmüşdü. Burada səhv və ya pis bir şey yoxdur. Evə gələn qonağı adətən öpüb, qucaqlayıb, mehriban qarşılayırlar. Qonağın başına qazan vurmurlar”.
Sərxan hər kəsin gözü qarşısında Mətanətlə dalaşıb, sonra barışsa da, bu hərəkət yalan və qeyri-səmimi qiymətləndirildi. Barışığın nə dərəcədə doğru olub-olmadığını aktyorun özündən xəbər almağa çalışan kimi Kərəmoğlu sərt reaksiya verib:
“Hər şey yaxşıdır. Ona toxunmayaq. Rahat qalsın, yazıqdır. Mətanətin üstünə son dönəmdə çox getdilər. Necə ki süngər suyu özünə hopdurur, Mətanət də ona olan böhtanları, tənqidləri, təhqirləri özünə çəkir. Buna görə də hamı onunla bağlı xəbər hazırlamağa çalışır. Məncə, ona qarşı belə hərəkətlər doğru deyil”.
Ümumiyyətlə, şou əhli ilə Sərxan arasında zaman-zaman qalmaqal yaşanır. Sərxan isə onunla qalmaqal etmək istəyənlərə bu cür bəraət qazandırıb:
“Bu gün, məsələn, əgər 100 nəfər varsa, onun 15 faizini çıxsaq, yerdə qalanların çoxu Sərxanla duelə getməyə hazırdır. Birdən şansı gətirsə və Sərxana qalib gəlsə, bu zaman onun üçün çox böyük reklam olacaq. Bu səbəbdən də mən heç kəsi qınamıram. Buna normal hal kimi baxıram”.
Bəs aktyor şou-biznesin dava-dalaşlarından və söz-söhbətlərindən baş götürüb istirahətə hara gedəcək?
Sərxan tətili ilə bağlı bunları dilə gətirib:
“Dincəlməyə heç yerə getməyəcəyəm. Hazırda Bakıda dincəlirəm. Əməkdar artist, sevimli müğənnimiz Mətanət İsgəndərli məni gözəl bölgələrimizə aparır, orada onunla gəzib, yeyib, içib istirahət edirik”.